AZ

Beynəlxalq Qızıl Xaç Komitəsi Azərbaycanda fəaliyyətini dayandırır  

Avqustun 1-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) missiyası yekunlaşan Azərbaycan nümayəndəliyinin rəhbəri Draqana Koyiçlə ölkəmizdəki diplomatik fəaliyyətinin başa çatması münasibətilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, nazir Ceyhun Bayramov xanım Draqana Koyiçə Azərbaycanda fəaliyyəti müddətində əməkdaşlığın inkişafı istiqamətində göstərdiyi səylərə görə təşəkkür edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Tərəflər görüşdə BQXK-nın ölkəmizdəki son 33 illik fəaliyyəti, Azərbaycanla Ermənistan arasında sülh prosesinin cari vəziyyəti və perspektivləri, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri, mina təhdidi, itkin düşmüş şəxslərin aqibəti kimi məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Görüşdə qarşı tərəf Azərbaycan Hökuməti tərəfindən təşkilatın fəaliyyətinə göstərilən dəstəyə və əməkdaşlığa görə məmnunluğunu ifadə edib. Nümayəndəliyin fəaliyyətini cari il sentyabrın əvvəlində dayandırmasından sonra da BQXK ilə Cenevrədə yerləşən baş qərargah vasitəsilə əməkdaşlığın davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.

Seçilən
63
19
azerbaijan-news.az

10Mənbələr