Türkiyənin xarici işlər naziri Hakan Fidan İstanbulda HƏMAS Şura Məclisinin sədri Məhəmməd Dərvişin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Xarici İşlər Nazirliyi mənbələrindən əldə edilən məlumata görə, Həmas nümayəndə heyəti Qəzzaya buraxılan humanitar yardımın həcminin ehtiyacları qarşılamaqdan çox az olduğunu və İsrailin atəşkəs danışıqlarında güzəştsiz mövqe tutduğunu vurğulayıb.
Hakan Fidan İsrailin Qəzza xalqını aclığa məhkum edərək soyqırım siyasətini davam etdirdiyini və bu yanaşmanın Netanyahu hökumətinin atəşkəsə nail olmaqda ciddi olmadığını nümayiş etdirdiyini qeyd edib. O, bəyan edib ki, İsrail atəşkəs danışıqlarını uzatmaqla Qəzza xalqının müqavimətini qırmaq və beləliklə də onları vətənlərini tərk etməyə məcbur etmək məqsədi daşıyır.
Hakan Fidan İsrailin Qəzzalıları torpaqlarından qovmaq və İordan çayının qərb sahilini ilhaq etmək istiqamətində atdığı addımların tamamilə qəbuledilməz olduğunu bildirib.
O, Türkiyənin danışıqların davam etdirilməsini dəstəklədiyini vurğulayıb.
QAZİLER.AZ