Gürcüstanda keçirilən NATO hərbi təlimlərində avtomobil aşıb.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, Norio təlim zonasında baş vermiş hadisə nəticəsində nəqliyyat vasitəsində olan iki nəfər amerikalı hərbçi müxtəlif xəsarətlər alıb.
Onlar helikopterlə Tbilisi xəstəxanalarından birinə çatdırılıblar, vəziyyətləri orta-ağır qiymətləndirilir.
Gürcüstanın Müdafiə Nazirliyindən bildirilib ki, xəsarət alanların həyati təhlükəsi yoxdur və hazırda hərbçilər əlavə müayinələrdən keçirlər.
Qeyd edək ki, Gürcüstanda iyulun 25-dən NATO-nun “Agile Spirit 2025” (“Çevik ruh” ) adlı çoxmillətli beynəlxalq hərbi təlimləri keçirilir. Avqustun 6-dək davam edəcək təlimlərdə Gürcüstan, ABŞ, Türkiyə, Polşa, Almaniya, İtaliya, Yunanıstan, Moldova, Rumıniya, Bolqarıstan, Slovakiya, Litva və Ukraynadan olan hərbçilər iştirak edirlər.