AZ

“Mən özümü klassiklərin davamçısı hesab edirəm” –Gülzar İbrahimova

"Uşaqlara sadəcə qulaq asmaq kifayətdir ki, yeni əsərlər yarada biləsən".

Uşaq ədəbiyyatı hər zaman xüsusi yanaşma, sevgi və məsuliyyət tələb edən bir sahə olub. Bu sahədə yazmaq sadəcə hekayə anlatmaq deyil, eyni zamanda formalaşmaqda olan şəxsiyyətlərin dünyasına işıq salmaq, onların xəyal dünyasını zənginləşdirmək və mənəvi dəyərlərlə bəsləmək deməkdir. Müsahibimiz Azərbaycan uşaq ədəbiyyatının çağdaş nümayəndələrindən - Gülzar İbrahimova bu missiyanı böyük sevgi və sədaqətlə yerinə yetirən nadir qələm sahiblərindəndir.

-Gülzar xanım, yazıçı olmaq üçün ilham yetərlidirmi, yoxsa bu, davamlı daxili savaş və zəhmət tələb edən bir sənətdirmi? Öz yazı yolunuzu necə izah edərdiniz? 

-Yazıçı olmaq üçün təkcə ilham kifayət etmir. İnsanda daxili bir istedad da olmalıdır. Bununla yanaşı, tərbiyə də vacib şərtdir. Bu fikri deyərkən özümü nümunə göstərmək istəmirəm, sadəcə belə düşünürəm. Yazıçı olmaq istəyən insanın hərtərəfli dünyagörüşü, daxili zənginliyi olmalıdır. Bunlar olmadan yazıçı ola bilməzsən. Ola bilərsən ki, bir qədər yol gedəsən, ancaq sonra dayanmalı olacaqsan - daha uzağa gedə bilməyəcəksən. Bundan əlavə, yazıçı olmaq çox zəhmət tələb edən bir sənətdir. Yalnız bir oxucunun qəlbinə yol tapmaq, ona sevilmək üçün deyil, öz ürəyində olanları ifadə etmək üçün belə, böyük əmək lazımdır. Əgər uşaq vaxtınızdan mütaliə etməmisinizsə, nə qədər istedadlı və ilhamlı olsanız da, bu sizə çətinlik yaradacaq. Bir sözlə desək, yazıçı olmaq üçün "üçü birində" prinsipi vacibdir: mütaliə, ilham və istedad. Və əlbəttə ki, bunlara daxili zənginlik, geniş dünyagörüşü, çoxlu səyahət və müşahidə bacarığı da əlavə olunmalıdır. Bütün bunlar bir araya gəldikdə, yazıçı olmaq mümkündür.

İndi çoxlu gənclər var ki, xüsusilə də xarici ədəbiyyatla maraqlananlar, geniş mütaliə edirlər. Bəzən görürsən ki, onlar hekayə və ya nağıl kimi bir yazı yazıblar. Mütaliələri çoxdur, beyinləri zəngindir. Amma buna baxmayaraq, ortaya ciddi bir əsər çıxara bilmirlər. Beynimizi hər şeylə doldurmamalıyıq - onu lazımsız informasiyalardan qorumalıyıq ki, saf və aydın düşüncə ilə yazı yaza bilək. Çünki oxucu sənin səmimiyyətini və duruluğunu hiss edir. Hər bir əsərin strukturu olmalıdır: başlanğıcı, ortası və sonu. Axırda isə sən oxucuya nə demək, nə ötürmək istəyirsənsə, onu dəqiq şəkildə çatdırmalısan. Əgər bu prinsiplə hərəkət etsən, insanlar üçün dəyərli və təsirli yazılar yarada bilərsən.

-Qadınların ədəbiyyatdakı rolu haqqında nə düşünürsünüz? Əsərlərinizdəki qadın obrazlarının sizin şəxsi yaşantılarınızla bağlılığı var?

-Biz uşaqlıqdan oxuduğumuz nağıllarda və hekayələrdə ögey anaları, küpəgirən qarını daim mənfi obrazlarda görmüşük. Öz yazılarımda da belə obrazlara rast gəlinir. Amma gələcəkdə düşünürəm ki, ögey analar haqqında daha müsbət hekayələr yazım. Çünki bu gün boşanma halları artıb və ögey ana obrazı cəmiyyətdə bir növ "düşmən" kimi qavranılır. Mən istəyirəm ki, bu obrazı dəyişək, onu bir qədər mülayimləşdirək, daha insani tərəfdən göstərək.

Qadınların ədəbiyyatda rolu barədə konkret bir hökm vermək istəməzdim. Mən özüm də qadınam, buna görə deyə bilmərəm ki, qadınlar daha zəif və ya daha güclü yazır. Məncə, bu ədəbiyyatda 50/50-dir. Elə kişi yazıçılar var ki, çox yüksək səviyyədə yazıblar, elə qadın yazıçılar da var ki, olduqca dəyərli əsərlər ortaya qoyublar.

Məsələn, uşaq ədəbiyyatında yazanlardan xanım yazarları da sevirəm, amma eyni zamanda Əli Səmədli, Teymur Elçin kimi kişi yazıçıların da əsərlərini çox sevirəm. Hər birinin öz yeri, öz tərzi var. Onlar çox şirin və dəyərli yazıblar.

Şəxsi həyat təcrübəmə əsaslanaraq deyə bilərəm ki, artıq 66 yaşa yaxınlaşıram və bu yaşa qədər gördüklərimə əsasən belə düşünürəm: kişilərdən daha çox qadınlar pislik etməyə qadirdir. Bu, şəxsi müşahidəmə əsaslanan fikirdir, yəni yalnız mənim təcrübəmdən doğur.

-Söz sizin üçün nədir: ifadə vasitəsi, təsir gücü, yoxsa müalicə yolu?

-Düşünürəm ki, söz bunların hamısıdır - həm ifadə vasitəsidir, həm təsiri güclüdür, həm də müalicə rolunu oynaya bilir. Söz insanın əhvalını dəyişə bilər, ruhunu qaldıra bilər. Eyni zamanda, bir insanda sevgi oyada, nifrət yarada bilər. Söz insanı göylərə ucalda da bilər, yerə də vura bilər.

Mən sözə çox böyük dəyər verirəm. Uşaqlarıma, nəvələrimə də öyrədirəm ki, sözü bir dəfə desinlər - ikinci dəfə təkrarlamağa ehtiyac qalmasın. Söz müqəddəsdir, hər yerdə işlənməməlidir. Evdə bir sözü dəfələrlə deyirlərsə, demək ki, ailə üzvləri bir-birini eşitmir, anlamırlar. Söz düzgün yerində deyilsə, təsirini də itirir.

-Azərbaycan ədəbiyyatında klassiklərə bağlılıqla yenilik axtarışı arasında hansı mövqedəsiniz? Bu harmoniyanı mümkün sayırsınızmı?

-Bəli, bu harmoniya mümkündür. Klassikləri oxumadan yüksək səviyyəli bir əsər yaratmaq mümkün deyil. Klassikləri oxumayan yazıçı, məncə, yazıçı ola bilməz. Mütləq oxumalıyıq ki, bu günün ədəbiyyatını yaza bilək. Məsələn, mən Nizami Gəncəvinin "Xeyir və Şər" əsərini oxumasaydım, uşaqlar üçün yazdığım "Sirus və Virusun macəraları" adlı əsəri yaza bilməzdim. Nizami mənim sevdiyim klassikdir, onu oxuyuram və oxuduqca daha çox sevirəm. Məqsədim odur ki, onun əsərlərini müasir formada, sadələşdirilmiş şəkildə uşaqlara təqdim edim. Çünki bu gün uşaqlar şeir, poema oxumağa maraqlı deyillər. Amma əgər o əsərləri nağıl formasında təqdim etsək, daha çox diqqət çəkər və Nizamini tanıyarlar.

Doğrudur, bəzən müasirlik bizi elə formalaşdırır ki, klassiklərin bəzi cəhətlərini qəbul edə bilmirik. Məsələn, Köçərinin bir əsərində "Tıq-tıq xanım" bəzənib-düzənib dost axtaran bir qadın obrazı var. Bu obraz sonradan müsbət personaja çevrilib, teatrlaşdırılıb. Məncə, biz belə obrazları uşaqlara təqdim etməzdən əvvəl ələkdən keçirməliyik - necə ki, yeməyi bişirib dadına baxmadan uşağa vermirik. Biz də baxmalıyıq ki, bu obraz uşağa nə verəcək və niyə qəhrəman olmalıdır? Özümüz də yeni, pozitiv obrazlar yaratmalıyıq.

Mən özümü klassiklərin davamçısı hesab edirəm. Onları çox sevmişəm, oxumuşam. Eyni zamanda, müasirliyi də əsərlərimə qatmaq istəyirəm. Elə bir əsər ortaya çıxarmalıyam ki, uşaqlar oxuduqca həm klassiklərin iziylə getsinlər, həm də müasir dildə təqdim edilən bu dəyərləri rahat başa düşsünlər. Çünki uşağa durub "tərbiyəli ol", "ağıllı ol" deməklə onu yora bilərik. Amma bunu dolayısı yolla, nağıllarla, obrazlarla anlatdıqda, o özü bunu sevə-sevə qəbul edəcək.

-Oxucularınızdan sizi ən çox təəccübləndirən reaksiya nə olub? Heç olubmu ki, bir oxucu sizin yazdıqlarınızdan tamam fərqli bir məna çıxarsın və bu sizi düşündürsün?

-Əslində elə bir hal olmayıb. Oxucularım məni başa düşürlər. Deyilənə görə, yazılarım sadə və aydın olur. Oxucularımla aramızda bir qarşılıqlı anlaşma var. Ona görə nə mən onları təəccübləndirirəm, nə də onlar məni. Amma təəccübləndirən bir məqam var ki, onu paylaşmaq istəyirəm. Müxtəlif tədbirlərdə, görüşlərdə görürəm ki, uşaqlar arasında yazanlar çoxdur. Şeir yazanlar, nağıl yazanlar - və çox yüksək səviyyədə yazanlar var. Əgər biz bu uşaqları düzgün istiqamətləndirə bilsək, gələcəkdə Azərbaycanda uşaq yazıçıları onlarla deyil, yüzlərlə olacaq. Amma təəssüf ki, bir çox valideynlər övladlarının istedadına deyil, daha çox "gəlirli peşələrə" üstünlük verirlər. Məsələn, uşaq bir rəssamlıq qabiliyyətinə malikdir, amma ailə onu iqtisadiyyata yönləndirir. Beləliklə, içindəki yaradıcı potensial itib gedir.

Dünən bir tədbirdə belə bir hal baş verdi. Valideynlərdən biri öz övladının çəkdiyi qədim qala təsvirli bir əsəri yubilyara təqdim etdi. Mən heyran qaldım, sual verdim: "Yəqin rəssamlığa gedir?" Cavab verdi ki, "Yox, iqtisadçıdır". Valideynlərin bu cür qərarları uşaqların yaradıcı istedadının qarşısını alır. Biz Mirzə Şəfi Vazeh adına kitabxanada "Uşaq və yeniyetmə şair və yazıçıların məclisi"ni yaratmışdıq. Kitabxananın rəhbəri Lətifə Məmmədova da bizə dəstək oldu. Hər ay iki dəfə toplantılar keçirirdik, yüzdən çox uşaq bu məclisə qatılırdı. Yazılarını dinləyirdik, fikir bildirirdik. Əslində, məqsədim onlara yol göstərmək idi, amma hər dəfə məclisdən qayıdanda mən özüm də onlardan ilham alırdım. O qədər zəngin fantaziyaları, yaradıcı fikirləri var ki... Onlara sadəcə qulaq asmaq kifayətdir ki, yeni əsərlər yarada biləsən.

Təəssüf ki, uşaq yazıçılarının cəmiyyətdə həm sayı azdır, həm də qazancı. Özüm artıq 35 ildir ki, uşaq ədəbiyyatı ilə məşğulam, kitablarım həm ölkə daxilində, həm də xaricdə çap olunub. Amma bu sahədən gəlir demək olar ki, yoxdur. Kitaba çəkilən xərcin yüzdə onu belə geri qayıtmır. Ola bilsin ki, bu səbəbdən uşaq yazıçılığına maraq azdır. Əvvəllər uşaq yazıçılarına ev, mükafat verilirdi, indi isə bu dəstək yoxdur. Amma mən uşaq ədəbiyyatını sevdiyim üçün - içimdən gələn bir sevgidir - dəstək verilsə də, verilməsə də yazacağam.

-Heç olubmu ki, yazmaq istədiyiniz, amma yaza bilmədiyiniz bir hekayə, bir duyğu, bir sirr olsun? Niyə onu kağıza köçürmək bu qədər çətin gəlib?

-Bəli, belə hallar çox olub. Beynimdə tam hazır hekayələr var - başlanğıcı, ortası, sonluğu ilə. Hər şey o qədər aydın və təmiz gəlir ki, sanki bir güzgüyə baxırsan. Öz-özümə deyirəm: "Bunu heç vaxt unuda bilmərəm." Amma səhər oyananda nə qədər çalışsam da, o fikirlər bir daha yadıma düşmür.

Bəzən tənbəllik, bəzən yorğunluq, bəzən də "indi yazaram" düşüncəsi buna mane olur. Kompüter açmağa ərinirəm, halbuki yazmalıyam. Əlimdə qələm-kağız olsa belə, kompüterdə yazmaq mənə daha rahat gəlir. Sonra peşman oluram: "Kaş yazardım, o yazı çox gözəl olacaqdı..."

-Siz həmçinin uşaq mahnıları da yazırsınız. Mahnılarınız haqqında bir az danışardınızmı?

-Mənim YouTube-da uşaq kanalım var, 100 minə yaxın abunəçisi var. Şeirlərimə bəstəkar Elşən Nicat mahnılar yazıb və bu mahnılar məktəblərdə, bağçalarda xitə çevrilib. "Bağçamız", "Nə olar, yağsana, qar!", "Ana dili" kimi mahnılar uşaqlar və müəllimlər tərəfindən sevilir. Mahnılarım arasında "Bir gözəl yurdum", "Çox mehriban elm var", "Azərbaycan dilim" kimi əsərlər də var. "Dilimiz - Nizaminin, Füzulinin dili, Dədə Qorqudun müdriklik zirvəsi" - bu sözlər uşaqların hafizəsində qalır.

İndi artıq özüm "Suno" proqramı ilə şeirlərimi səsli şəkildə təqdim edirəm. 20-yə yaxın mahnım var, onlardan 3-ü xüsusilə populyar olub: "Gizlənpaç", "Dünya gözəldir" və "Yay gəldi". Həmçinin "Şirin nənə" də sevilən mahnılar arasındadır.

-Yaradıcılığınızda sizi sevindirən hadisələri, uğurlarınızı bizimlə bölüşə bilərsiniz?

-Bəli, koronavirus dövründə məni onlayn görüşə dəvət etdilər - Norveçdəki Azərbaycan məktəbində oxuyan uşaqlarla. Görüş çox səmimi keçdi. Orada uşaqlara söz verdim ki, Skandinaviya trollarından ilhamlanaraq bir nağıl yazacağam. Yazdım da - "Trolların sirri" adlı nağıl oldu. Nağıl Norveçdə çox bəyənildi və tərcümə edilərək yaxın zamanda çap olunacaq.

İranda artıq dörd kitabım çap olunub: "Yalançı Pəhləvan", "Günəşli Xalçanın Sirri", "Qəddar Ovçu", "Şahzadə və Mələk" - hamısı milli üslubda yazılmış nağıllardır.

Türkiyədə isə Kahramanmaraşda baş verən zəlzələyə həsr olunmuş bir povestim tərcümə olunmaq üzrədir. Povestdə Azərbaycandan köçüb gedən bir ailənin uşaqlarının dostluğu, zəlzələ anında bir-birinə necə dayaq olması təsvir olunur.

İşğaldan azad olunmuş bölgələrimizdən yeni qayıtmışam. Xocalı, Füzuli və Laçında uşaq görüşləri keçirdim. QHT-lərin dəstəyi ilə layihə təsdiqləndi və oradakı uşaqlara kitablar, hədiyyələr apardım. Həm bölgə kitabxanalarına, həm uşaqların özlərinə kitablar bağışladım. Məncə, hər yazıçının arzusu belə bir görüşdür və çox sevinirəm ki, bu arzum həyata keçdi.

Həmçinin cizgi filmləri çəkməyə başlamışam. Hazırda dördüncü cizgi filmimizi hazırlayırıq. Komandamız var - dublyajçı, rəssam, montajçı və mən. Bu çoxdankı arzum idi. Uşaqlarımıza milli ruhda cizgi filmləri təqdim etmək istəyirəm. Çünki hazırda yerli cizgi filmləri ya azdır, ya da yetərincə təsirli deyil. Uşaqlar daha çox xarici məhsullara yönəlir və bu da bəzən aqressiv davranışlara səbəb olur.

Bir narahatlığım isə texnoloji asılılıqdır. Planşet və telefonlara bağlılıq uşaq psixologiyasını pozur, onurğa əyriliklərinə səbəb olur. Bu barədə qəzet və saytlarda maarifləndirici yazılarım dərc olunub. Valideynləri çağırıram ki, uşaqları texnologiyadan mümkün qədər uzaq tutsunlar, əvəzində onlara nağıl, hekayə oxusunlar, yaradıcılığa təşviq etsinlər.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
30
olaylar.az

1Mənbələr