AZ

İcbari Tibbi Sığortanın eyibləri açıldı...


...Ölkədə fəaliyyət göstərən İcbari Tibbi Sığorta sistemi Azərbaycan Respublikasının qanunları ilə deyil, cəngəllik qanunları ilə çalışir

Hesablama Palatası İcbari Tibbi Sığorta Fondunda maliyyə pozuntusu aşkarlayıb.

Hesablama Palatası xəbər verir ki, İcbari Tibbi Sığorta Fondunun 2023-2024-cü illər üçün gəlir və xərclərinin icrasının, eləcə də sərbəst vəsaitinin idarə olunmasının hüquqi aktların tələblərinə uyğunluğunun qiymətləndirilməsi məqsədi daşıyan kənar dövlət maliyyə nəzarəti tədbiri 2025-ci ilin İş Planına əsasən həyata keçirilib.

Qeyd edilib ki, audit obyektləri kimi Fondun vəsaitlərini idarə edən Azərbaycan Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, eləcə də “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) tabeliyində olan tibb müəssisələrinin təchizatı və təmiri və s. istiqamətdə tədbirləri həyata keçirən “İnnovasiya və Təchizat Mərkəzi” publik hüquqi şəxs (Mərkəz) müəyyənləşdirilib.

Nöqsanlar sırasında ilk gələn Fondun gəlirlərinin qeyri-hesabatlı olmasıdır. Nəticədə FoNdun gəlirləri tam icra edilməyib, çox güman ki, bunlar mənimsəmə məqsədi ilə edilub.

Aşkarlanıb ki, Fonda həm nəzərdə tutulmayan istiqamətlərdən vəsait daxil olub, həm də nəzərdə tutulmayan istiqamətlərə xərclər yönəldilib. Eyni zamanda, bəzi istiqamətlərə nəzərdə tutulduğundan daha çox vəsait ayrılıb. Bu əyintilər onu deməyə əsas verir ki, Fondun vəsaitlərinin idarə edilməsində korrupsiya hallarına yol verilib. Lakin təyinatdan kənar gəlir və xərclərin həcmi barədə hesabatda məlumat verilmir. Bu da əyintilərin həcmini müəyyənləşdirməyə imkan vermir.

Aşkarlanan digər nöqsanlar əvvəlki illərdən qalan vəsaitlərə etinasız yanaşma nəticəsində onların dövlət büdcəsinə geri qaytarılmaması və nəticədə vəsaitin təkrar qeydə alınmaşıdır. Bu hal tibbi sığorta üçün dövlət büdcəsindən daha az vəsaitin ayrılmasına səbəb olub.

Eyni zamanda, tibbi sığorta vəsaitlərinin hər nəfərə bölünməsində qeyri-bərabərlik aşkarlanıb.

Palatanın aşkarladığı növbəti xətalar qeyri-pesəkarlıqdan və səhlənkarlıqdan doğan uyğunsuzluqlardır ki, bu da İcbari Tibbi Sığorta Fondunun tibbi sığorta bazarında alternativsiz, rəqibsiz fəaliyyət göstərməsi ilə bağlıdır. Hələ tibbi sığortanın tətbiq edildiyi ilk illərdə müstəqil iqtisadçılar təklif edirdi ki, tibbi sığorta bazarında rəqabət mühiti təmin edilməlidir ki, bu sahədə ildən-ilə təkimləşmə getsin, tibbi sığorta xidməti inkişaf eləsin. Lakin hökumət tibbi sığorta bazarını yalnız İcbari Tibbi Sığorta Fonduna həvalə etdi. Hətta bu qanunvericilikdə də təsbit edildi ki, ölkədə istisna olaraq tibbi sığortanı yalnız İcbari Tibbi Sığorta Fondu təmin etsin.

Hesabatda qeyd edilir ki, TƏBİB yaratdığı publik hüquqi şəxslərin də saxlanma xərclərini qeyri-qanuni olaraq öz üzərinə götürməklə idarənin saxlanması xərcinin qanunda müəyyən edilmis 2 faizlik həddini aşıb.

Tibbi xidmətin və avadanlıqların alinmasına çəkilən xərclərin 25-30 faiz şişirdilməsi bu sahədə açıq-aşkar ciddi korrupsiyanın olduğundan xəbər verir.

Keçirilmiş satınalmalarla bağlı qeyd edək ki, 2 ildə 277 satınalma keçirilib, həmin satınalmalar nəticəsində 757136,3 min manat dəyərində müqavilə bağlanıb. 2023-2024-cü illərdə cəmi satınalmaların 43%-i bir mənbədən keçirilsə də, bağlanmış müqavilə məbləğinin cəmi 6,7%-i bu satınalma metodunun payına düşüb. Bu o deməkdir ki, satınalmaların 93.3%-i qeyri-qanuni yollarla həyata keçirilib.

Nöqsanlara diqqət yetirəndə görürük ki, Azərbaycan əhalisinin ölkədə fəaliyyət göstərən İcbari Tibbi Sığorta sistemindən şikayətlənməyə kifayət qədər əsası var. Çünki hesabatdan bəlli olur ki, ölkədə fəaliyyət göstərən İcbari Tibbi Sığorta sistemi Azərbaycan Respublikasının qanunları ilə deyil, cəngəllik qanunları ilə çalışır.

Hesab edirik ki, ilkin mərhələdə İcbari Tibbi Sığortanın təmin edilməsi prosesinə özəl şirkətlər də cəlb edilməlidir. Lakin mərhələlərlə bu təminat tamamilə özəl şirkətlərin azad rəqabətinə verilməlidir. Bu halda rəqabət nəticəsində İcbari Tibbi Sığorta sistemi dövlət tərəfindən heç bir investisiya tələb edmədən inkişaf edəcək. Dövlətin vəzifəsi isə müsbət inkişaf tendensiyasını hüquqi baxımdan dəstəkləmək və ona uyğun hüquqi bazanın yaradılması ilə məhdudlaşacaq. Hazırda isə İcbari Tibbi Sığortanın əsas yükü dövlət büdcəsinin üzərinə düşür.

Akif NƏSİRLİ

Seçilən
8
baki-xeber.com

1Mənbələr