İnsanlar bir çox hallarda birgə nikahda dözümsüzlük nümayiş etdirirlər. Bu da ailənin dağılmasına, iki doğma insanın yada çevrilməsinə səbəb olur.
Tanınmış psixoloq Nigar Məmmədova Moderator.az-a açıqlamasında bildirib ki, boşanmalara bir çox amillər səbəb olur.
“İqtisadi səbəblərdən, zorakılıqdan, sosial uyuşmamalardan, ünsiyyətin pozulmasından ola bilər. Amma hazırkı dövrdə isə səbəblər bilinmədən boşanmalar çoxalır. Boşanma qanunla, qayda ilə qurulmuş ailənin sona çatdırılmasıdır. Adətən boşananda deyirlər ki, uşaqlar zədə alır. Boşanan zaman təkcə uşaqlar yox, həm də ata, ana zədə alır. Hətta ailə həyatı qurarkən sevməyib ailə quran insanlar da boşandıqdan sonra depressiyaya düşür. Bəzən olur ki, insanlar öz qürurlarına görə ailəni dağıdırlar. Boşanmamışdan qabaq çox yaxşı olar ki, cütlüklər psixoloqa müraciət etsinlər, psixoloji müayinələrdən keçsinlər. Boşanmaların əksəriyyəti qadınlar tərəfindən gəlir. Başa düşmürlər ki, müəyyən bir yaş dövründən sonra onlar elə bir psixoloji travma keçirirlər ki, bunun sonunu demək mümkün deyil.
Psixoloq Nigar Məmmədova bildirib ki, boşanmadan sonra və ümumiyyətlə yaranan depressiyadan çıxış yolları çoxdur:
“Bəzən boşanan tərəf psixoloqa müraciət edir, amma depressiyaya düşdüyünü göstərməməyə çalışır. Əksinə o daha qorxulu olur. Zamanla özünə qapanır və xəstəliklə biruzə verir. Yaxşı olar ki, insanlar vaxtaşırı gəzintilərə meyl etsin, hansısa təbiət qoynuna getsin, meditasiya, ailə ilə hansısa pikniklər etsinlər. Bunlar ailəni bir-birinə daha yaxşı bağlayır. Ona görə də depressiyanın yaranmaması üçün də birinci ailəyə vaxt ayırmaq lazımdır. İstər qadın, istərsə də kişi. Ailə bir yerdə oturub söhbət etməyi bacarmalıdır. Əgər bir ailə bir yerdə oturub söhbət edə bilmirsə, bunun artıq sonluğu yaxşı görülmür. Depressiyanın əlamətləri də ordan yarana bilir. Qadın düşünür ki, niyə görə mənimlə söhbət edə bilmədi? Niyə çəkindi? Xəyanətə görə boşanmalar da səbəb kimi göstərilir. Araşdırmalar göstərir ki, boşanma səbəbləri sırasında ilk yerdə xasiyyət uyğunsuzluğu gəlir” deyə psixoloq bildirib.
