AZ

“Atamı itirmişəm, dərsdən çıxanda deyirdi ki, bulka pulun var?”-Arif Babayevi ANDILAR+ÖZƏL+FOTO

Xalq artisti, görkəmli xanəndə Arif Babayevin vəfat etməsi bütün sənət aləmini təsirləndirib, yasa boğdu.
 
Sənətkarın tərəf müqabilləri, tələbələri onunla bağlı xatirələrini Moderator.az-la bölüşüb, kədərləniblər:
 
Xalq artisti Səkinə İsmayılova:
 
“Azərbaycan muğam sənətinin sütunlarından birini, ustad sənətkarını itirdi. Opera səhnəsinin Məcnunu, Kərəmi, Camalı, Şah İsmayılı və s. bu kimi obrazlarıyla yadda qalan böyük sənətkar aramızdan getdi. 30 il tərəf müqabili olduğum Arif Babayev həm də incə yumor hissinə malik səmimi, qayğıkeş bir insan idi. Mən fəxr edirəm ki, belə nəhəng sənətkarla uzun illər bir səhnəni paylaşmışam. Allah Arif Babayevə rəhmət etsin” deyə sənətkar bildirib.
 
Xalq artisti Nəzakət Teymurova:
 
“Arif müəllim mənə atalıq edib. Mən mənəvi atamı itirmişəm. Tək mən yox, əksər xanəndələr öz atalarını, dostlarını itiriblər. O qədər səmimi, zarafatcıl insan idi ki.. Nə ölüm ona yaraşdı, nə də o ölümə.. Düzdür, səhhəti ara-sıra pis olurdu, düzəlirdi, amma inanmırdıq ki, bir gün onu itirə bilərik. Mənim püxtələşməyimdə, yetişməyimdə əvəzsiz rolu olub. Həmişə də fəxr edirdi, deyirdi ki, “Nəzakət tək qavalla yox, böyük səhnələrdə böyük orkestrlərlə ifa edir”. Səsimi mərhum müğənnimiz Rübabə Muradovanın səsinə bənzədirdi, məni o dövrün qadın xanəndələri ilə müqayisə edirdi.. Həqiqətən də bütün sənət dünyası, muğamsevərlər qəmə batıb” deyə Nəzakət Teymurova deyib.
 
Xanəndə Zümrüd Məmmədova:
 
“Bu il sonuncu ad günündə Arif müəllimgilə getmişdim. Mədəniyyət Nazirliyinin nümayəndələri də gəlmişdi. Əynində gödəkçə var idi. Dedim ki, dəyişək, pencək geyinin Hacı! Çünki ona medal təqdim olunacaqdı və şəkili çəkiləcəkdi. Ustadımdan mənə Muğam müsabiqəsindən keçdiyim yol, ali muğam təhsilim yadigar qaldı. Münsiflərdə əyləşən ustadım fəxrlə 10 qiymətini qaldırıb, “çox sağ ol, Zümrüd, sinfimizin adını uca etdin” sözlərini deyəndə sevincimin həddi-hüdudu olmazdı. Arif müəllim hər dərsdən çıxanda soruşurdu ki, “bulka pulun var?”. “Ata” mahnıma onunla birgə klip çəkdirmişəm. Mövzu da qocalıqdan bəhs edir. Hər zaman olduğu kimi dünən də son mənzilə alqışlarla yola salındı. O anı yaşamaq o qədər ağır idi ki.. Kəlimələrə sığmazdı” deyə sənətkarın tələbəsi bildirib.
 
Əməkdar artist Elnur Zeynalov:
 
“Bizim aramızda müəllim-tələbə münasibətindən də əvvəl gözəl səmimiyyət var idi. Onu özümə hər zaman arxa-dayaq bilirdim. Bir çətinliyə düşən kimi hər zaman yanına məsləhətə qaçırdım. Əsl Azərbaycan kişisi idi. Arif Babayev daim qəlbimizdə yaşayacaq” deyə sənətçi bildirib.
 
Seçilən
12
moderator.az

1Mənbələr