Cəfər Xəndan - bu ad ədəbi ictimaiyyətə yaxşı tanışdır. Yazdığı, yaratdığı əsərlərinə əsaslanıb deyə bilərik ki, Azərbaycan ədəbiyyatının inkişafında əvəzsiz xidmətləri olmuş görkəmli elm adamlarından, fikir sahiblərindən biri də Cəfər Xəndandır. Azərbaycan ədəbi mühitində öz sözü, mövqeyi və yeri olan ədəbiyyatşünas, tənqidçi, tərcüməçi, şair, pedaqoq C.Xəndan bir-birindən dəyərli dərsliklərin, monoqrafiyaların, şeirlər kitabının müəllifidir.
Oxucular tərəfindən Cəfər Xəndan kimi tanınan və sevilən Hacıyev Cəfər Zeynal oğlu ədəbi aləmdə ilk addımları atmağa başladığı zamanlarda ölkəmizdə ədəbiyyat sahəsinə hakim sovet ideologiyası hökmranlıq edirdi.
Görkəmli alimin ömür yolu çox çətinliklərdən, gərgin mübarizələrdən keçib. Cəfər Xəndan 1910-cu ildə Azərbaycanın əbədi-əzəli torpaqları olan İrəvanda müəllim ailəsində dünyaya göz açıb. 8 yaşı olanda ailəsi Gəncə şəhərinə köçüb. Təəssüflər olsun ki, bu köç ailəyə xoşbəxtlik yox, ağrı-acılarla dolu bədbəxtlik gətirib. Gələcəyin böyük alimi kiçik yaşlarında hər iki valideynini itirib. Valideynsiz qalan uşaqlar şəhərdəki uşaq evinə verilib. 15 yaşına çatana qədər burada qalan Cəfər 1925-ci ildə Gəncə Pedaqoji Texnikumuna qəbul olub.
İllər bir-bir ötüb arxada qalıb. Qəlbindən, ürəyindən ədəbiyyata, poeziyaya baş qaldıran böyük maraq gənc Cəfəri Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Dil və ədəbiyyat fakültəsinə gətirib çıxarır. Bu ali təhsil ocağında görkəmli elm xadimlərindən, sənət adamlarından bədii və elmi yaradıcılığın sirlərini öyrənən Cəfər Xəndan gələcək ömrünü elmə, Azərbaycan ədəbiyyatına həsr etmək qərarına gəlir. Xoş günlərin birində ali təhsilini əla qiymətlərlə bitirərək aspiranturaya qəbul olur. Elm, ədəbiyyat yolu onu böyük uğurlarla qovuşdurur. İnstitutda assistentlikdən rektor vəzifəsinə qədər yüksəlir.
İllər keçdikcə həyat yavaş-yavaş onun üzünə gülməyə başlayır. Cəfər Xəndan 1939-cu ildə "M.Ə.Sabirin həyat və yaradıcılığı" mövzusunda namizədlik, 1947-ci ildə isə "1906-1946-cı illərdə Cənubi Azərbaycan xalqının milli azadlıq mübarizəsi və onun ədəbiyyatda inikası" mövzusunda doktorluq dissertasiyalarını uğurla müdafiə edir. Yaradıcılığa şeirlə başlayan C.Xəndan 1936-cı ildə ilk dəfə "Bəyaz gecələr" adlı şeirlər kitabı ilə oxucularının görüşünə gəlir. Gənc yaşlarından bir çox mühüm vəzifədə də çalışır. Bir müddət Azərbaycan Yazıçılar İttifaqında təşkilat katibi və "Ədəbiyyat qəzeti"ndə məsul katib işləyir. "Gənc işçi" qəzetində Ədəbiyyat şöbəsinə, "Kommunist" qəzetində isə Mədəniyyət və məişət şöbəsinə rəhbərlik edir. Poeziya ilə yanaşı, Cəfər Xəndan sonrakı illərdə ədəbi tənqidə də böyük maraq göstərir.
Müşahidələr, araşdırmalar göstərir ki, görkəmli alim Cəfər Xəndanın elmi, pedaqoji fəaliyyəti əsasən otuzuncu illərin ikinci yarısından başlayır. Yaradıcılığının çiçəklənməyə başladığı həmin illərdə mətbuatda ilk məqalələrini dərc etdirən C.Xəndan fəal şəkildə həm dövrünün, həm də ötən illərin ədəbiyyat problemləri ilə maraqlanır. O, böyük satirik şair Mirzə Ələkbər Sabirin yaradıcılığına xüsusi diqqət göstərirdi. "Sabir" adlı ilk monoqrafiyası Azərbaycan ədəbiyyatşünaslığında sabirşünaslığın təməl daşlarından biri kimi əvəzsiz və qiymətlidir. Monoqrafiyada Sabir və zəmanəsi, Sabir və dövrün ədəbi mühiti, Sabir və müasir ədəbiyyatımız kimi mövzular ətrafında elmi-nəzəri mülahizələr xüsusilə maraq doğurur, əsərin dəyərini daha da artırır. Alim M.Ə.Sabirin yaradıcılığı ilə yanaşı, "Molla Nəsrəddin" ədəbi məktəbinin yetirmələri olan Ə.Qəmküsar, Ə.Nəzmi, Ə.Haqverdiyev və başqalarının həyat və yaradıcılığı haqqında da öz sözünü demişdir.
Alman faşizminə qarşı müharibə başlayanda Cəfər Xəndan bu savaşda həm sözü, həm də silahı ilə vuruşub. Qanlı döyüşlərin ilk günlərindən başlayaraq Cənub-Qərb, Şimali Qafqaz, Zaqafqaziya cəbhələrində siyasi şöbənin baş təlimatçısı və bir sıra cəbhə qəzetlərinin əməkdaşı kimi fəaliyyət göstərib. İştirakçısı olduğu, ağrı-acılarını yaşadığı amansız müharibə alimin yaradıcılığında dərin iz salıb. Çox keçməyib ki, yaşadığı ağrı-acılardan "İlk ayrılıq", "Cəbhə şeirləri", "Qafqaz" kitabları ərsəyə gəlib. Cəfər Xəndanın yazdığı bu kitablar müharibə ədəbiyyatının ən yaxşı, ən dəyərli nümunələridir.
Müharibədən qayıtdıqdan sonra Cəfər Xəndan Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) Filologiya fakültəsinin dekanı, kafedra müdiri kimi fəaliyyət göstərməyə başlayıb. 1950-1954-cü illərdə isə universitetin rektoru olub.
Görkəmli alim elmi əsərlər yazmaqla bərabər, pedaqoji fəaliyyətlə də məşğul olurdu. Ali təhsil ocağında dərs dediyi illərdə Cəfər Xəndan onlarca aspirant, elmlər namizədi, elmlər doktorunun hazırlanmasında böyük rol oynamışdır. Gənclərin elm aləmində çalışmasına şərait yaratmışdır. Sayılıb-seçilən akademiklərdən M.A.Dadaşzadə, H.Araslı, F.Qasımzadə, M.Cəfər, K.Talıbzadə, B.Vahabzadə, Elmlər Akademiyasının üzvləri Ə.Mirəhmədov, A.Zamanov, professor Mehdi Məmmədov və başqa görkəmli ədəbiyyatşünaslarımızın elmi rəhbəri və yaxud opponenti olmuşdur. Cəfər Xəndan eyni zamanda bədii yaradıcılıq və tərcümə ilə də məşğul olmuş, altı şeir kitabı çap etdirmişdir. Bununla yanaşı, böyük Azərbaycan şairi Nizami Gəncəvinin bir sıra qəzəllərini, M.F.Axundzadənin Puşkinin ölümünə həsr etdiyi "Şərq poeması"nı və başqa əsərləri dilimizə çevirmişdir.
Ədəbiyyatdan, sənətdən yazılanlar əbədi olaraq qalır, bütün zaman və dövrlərdə oxunur. Bu mənada yanaşanda Cəfər Xəndanın Azərbaycanın görkəmli şair və yazıçıları Səməd Vurğun, Süleyman Rüstəm, Mikayıl Müşfiq, Rəsul Rza, Süleyman Rəhimovun yaradıcılığı haqqında yazdıqları, dedikləri ədəbiyyat tariximizdə əbədi olaraq qalacaq. Alim Mikayıl Müşfiqi XX əsr Azərbaycan poeziyasının klassiki kimi təqdim edirdi. Alim-tədqiqatçının "S.S.Axundovun yaradıcılığı", "N.Nərimanovun ədəbi fəaliyyəti", "Qocaman ədib", "İstedadlı şairimiz M.Müşfiq", "Xalq şairi Mirzə Əli Möcüz Şəbüstəri" və başqa sənətkarların yubileyi ilə əlaqədar yazdıqları ədəbiyyat tariximizin qiymətli nümunələridir.
Görkəmli alim göz açdığı dünyada 51 il ömür sürdü. Ömrü qısa olsa da, xalqı üçün çox gərəkli işlər gördü, bir-birindən dəyərli əsərlər qoyub getdi.
Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"