Donald Trampın ABŞ-lə yeni ticarət sazişlərinin bağlanması üçün təyin etdiyi son tarix - avqustun 1-dən bir neçə saat əvvəl Amerika Prezidenti 69 ölkə və əraziyə, habelə Avropa İttifaqına 10 faizdən 41 faizə qədər idxal rüsumları tətbiq edən sərəncam imzalayıb.
Sərəncamda "dəqiqləşdirilmiş cavab" adlandırılan rüsumlar 7 gün ərzində qüvvəyə minəcək. Yalnız Kanada ilə bağlı rüsumlar dərhal qüvvəyə minib. Kanadaya münasibətdə Tramp rüsumları 25 faizdən 35 faizə qaldırıb. Bununla belə, bu rüsumlar USMCA ABŞ-Meksika-Kanada ticarət sazişinin əhatə etdiyi mallara şamil edilmir - bunlar ilk növbədə tamamilə Şimali Amerika xammalından hazırlanmış və ya idxal olunan xammaldan yüksək emal olunmuş məhsullardır.
Ən yüksək rüsumları Suriya (41 faiz), eləcə də Laos və Birma (hər biri 40 faiz) alıb. Ən aşağı göstərici (10 faiz) Böyük Britaniya və onun Folklend adaları üçündür. Siyahıdakı əksər ölkələrdən, eləcə də Avropa İttifaqından idxallar - Tramp fikrini bir daha dəyişməyincə 15 faizlik rüsumlarla tənzimlənəcək. Hindistana Trampın bir gün əvvəl vəd etdiyi kimi, 25 faiz rüsum tətbiq edilib. Avropada ən yüksək rüsumlar isə İsveçrə (39 faiz) və Serbiyaya (35 faiz) şamil olunacaq.
Trampın idxalına ən yüksək tariflər tətbiq etdiyi bütün ölkələrdən yalnız İsveçrə ABŞ üçün əhəmiyyətli ticarət tərəfdaşıdır. Bu ölkə ötən il ABŞ-yə 63,4 milyard dollar dəyərində mal ixrac etmişdir.
Çin siyahıda yoxdur. ABŞ əsas ticarət tərəfdaşı olan Pekinlə ayrıca danışıqlar aparır.
Trampın fərmanında ayrıca bənd üçüncü ölkələr vasitəsilə ABŞ-yə mal ixrac etməklə yüksək rüsumlardan yayınma cəhdlərinə həsr olunub. Belə mallara onların əsl mənşəyi Amerika gömrükləri tərəfindən aşkar edilərsə, 40 faiz rüsu tətbiq ediləcək. Qeyd edək ki, ABŞ Gömrük və Sərhəd Mühafizəsi əvvəllər bu təcrübəyə görə Çindən mal idxal edən şirkətləri cərimələmişdi.
Donald Tramp aprelin əvvəlində ABŞ-nin əksər ticarət tərəfdaşlarından idxala böyük yeni tariflər elan etmiş, lakin sonra bu yüksək dərəcələrin tətbiqini ən son tarix - avqustun 1-dək təxirə salınmışdır. Son bir neçə ay ərzində bəzi ölkələr və Avropa İttifaqı Tramp və onun administrasiyası ilə mallarının əksəriyyətində idxal dərəcələrini azaltmaq barədə razılığa gəlmişlər: Böyük Britaniya - 25 faizdən 10, Yaponiya - 25 faizdən 15, Filippin - 20 faizdən 19, Vyetnam - 46 faizdən 20, İndoneziya - 32 faizdən 19 faizə qədər.
Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenin təmsil etdiyi Avropa İttifaqı bu yaxınlarda Trampla Avropada Amerika mallarına sıfır tariflərə cavab olaraq 15 faiz tarif (Tramp tərəfindən elan edilən 20 faiz əvəzinə) ilə razılaşmışdır.
Rizvan CƏFƏROV,
"Azərbaycan"