AZ

“Əmanətə sədaqət” yay düşərgəsinin iştirakçıları Vyanada Azərbaycan Mədəniyyət Mərkəzi ilə tanış olublar

Vyana, 2 avqust, AZƏRTAC

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və Avstriya Azərbaycanlıları Cəmiyyətinin təşkilatçılığı ilə “Əmanətə sədaqət” yay düşərgəsinin iştirakçıları ilə görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, mərkəz xaricdə fəaliyyət göstərən Azərbaycan mədəniyyət mərkəzləri şəbəkəsinə daxildir. Qeyd edilib ki, Azərbaycanın dövlət suverenliyi və ərazi bütövlüyünü uğrunda döyüşən və canından keçən igid Vətən övladları sayəsində bu gün dövlət bayrağımız ölkə hüdudlarında kənarda da qürurla dalğalanır.

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova yay düşərgəsinin əhəmiyyəti barədə məlumat verib, indiyədək şəhid övladları üçün Azərbaycanın müxtəlif regionlarında və bir sıra xarici ölkələrdə düşərgələrin təşkil olunduğunu diqqətə çatdırıb. O, gələcəkdə bu kimi yay düşərgələrinin digər ölkələrdə də təşkilinə ümid bəslədiyini və bu yolla gənclərimizin fərdi inkişafı və dünyagörüşünün artmasına töhfə veriləcəyini ifadə edib. Sonra S. Orucova rəhbərlik etdiyi ictimai birlik adından Azərbaycan Mədəniyyət Mərkəzinə xatirə hədiyyəsi təqdim edib.

Avstriya Azərbaycanlıları Cəmiyyətinin sədri Fərid Əzizov təmsil etdiyi qurumun bu layihənin həmtəşkilatçısı olmasından məmnun olduğunu bildirib, gələcəkdə bu qəbildən layihələrin sayının artacağına ümidvar olduğunu qeyd edib.

Sonra Vyanada yaşayan azərbaycanlı pianoçu, dirijor və bəstəkar Abuzər Manafzadə bu tədbir üçün xüsusi olaraq hazırladığı musiqi proqramı ilə çıxış edib. Proqramda Azərbaycan və Avropa bəstəkarlarının, eləcə də A. Manafzadə tərəfindən bəstələnmiş əsərlər ifa olunub. Konsertdən sonra A. Manafzadə hər bir gəncə öz bəstələrinin toplandığı “Insomnia” albomununun bir nüxəsini hədiyyə edib və belə bir layihə çərçivəsində konsert proqramı ilə çıxış etməkdən qürur duyduğunu söyləyib.

Qeyd edək ki,düşərgədə yerli və xarici universitetlərdə təhsil alan və yüksək akademik göstəricilərə malik 22 şəhid övladı iştirak edir.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

Seçilən
21
2
azertag.az

3Mənbələr