Fələstin dövlətinin tanınması və Qəzzada müharibənin dayandırılması ilə bağlı keçirilən konfransda 130-a yaxın ölkə iştirak edib
İyulun 28-dən 30-dək BMT-nin Nyu Yorkdakı mənzil-qərargahında Fələstin üzrə Yüksək Səviyyəli Beynəlxalq Konfrans keçirilib. Tədbir Fələstin Dövlətinin tanınması və iki dövlət barədə həll yolunun dəstəklənməsi zərurəti ilə bağlı mühüm bəyanatla nəticələnib.
Tədbirdə 130-a yaxın ölkədən yüksəksəviyyəli nümayəndələr iştirak ediblər. Konfrans iki əsas sənədin - "Nyu York çağırışı" və "Nyu York bəyannaməsi"nin qəbulu ilə başa çatıb.
Konfransı həmsədrlər Fransa, Səudiyyə Ərəbistanı, Türkiyə və digər ölkələr təşkil etmişdi. Anadolu agentliyinin xəbərinə görə, tədbirdə Türkiyəni xarici işlər nazirinin müavini Nuh Yılmaz təmsil edib. O çıxışında bildirib ki, "İsrailin Qəzzada törətdiyi soyqırımı beynəlxalq düzəndə qara ləkədir". Yılmaz həmçinin Fələstin dövlətini hələ də tanımayan ölkələri bu addımı atmağa çağırıb. "Bu kontekstdə tanınma istiqamətində atılan bütün son addımları alqışlayırıq. Bu təcili siyasi addımlara əlavə olaraq, Fələstin rəhbərliyinə mümkün olan hər şəkildə öz institusional potensialını inkişaf etdirməyə kömək etməliyik", - deyə nazir müavini vurğulayıb.
BMT-nin baş katibi Antonio Quterreş iki dövlət arasındakı problemin həll prosesinin "dönüş nöqtəsinə çatdığını" bildirib və deyib: "Fələstinlilər üçün dövlət mükafat deyil, haqdır". Baş katibin sözlərinə görə, o, beynəlxalq ictimaiyyəti nəinki məlum iki dövlət haqqında qərar ideyasının aktuallığını yaşatmağa, həm də onun reallığa çevrilməsi üçün təcili, konkret və dönməz addımlar atmağa çağırır. Quterreş qeyd edib ki, bu proses Qəzza zolağından başlamalıdır: "Qəzza bir fəlakətin digər fəlakətin ardınca gəldiyi uçuruma doğru gedir". "Biz Fələstin dövlətinin yaradılması ilə İsrailin təhlükəsizliyi arasındakı saxta dilemmanı rədd etməliyik. İşğalın təhlükəsizlik gətirmədiyini qəbul etməliyik. Əgər İsrailin qanuni təhlükəsizlik narahatlıqları ciddiyə alınırsa, o zaman Fələstin xalqının hüquqları da eyni dərəcədə ciddi qəbul olunmalıdır", - deyə əlavə edib.
Avstraliya, Kanada, Fransa və İspaniya da daxil olmaqla 15 ölkə "Nyu York çağırışı"nda İsrail və Fələstin arasındakı münaqişənin həllinə sadiq olduqlarını bir daha təsdiqləyiblər. Bəyanatda hələ də Fələstin dövlətini tanımayan və ya belə bir addıma müsbət münasibət bildirməyən ölkələrə bunu etmək çağırışı yer alıb. Sənəddə deyilir: "İki dövlət arasındakı problemin həlli yolunda əsas addım kimi artıq Fələstin dövlətini tanımış və ya onu tanımaq iradəsini bildirmiş, yaxud bu prosesə müsbət qiymət vermiş ölkələr bütün digər dövlətləri bu çağırışa qoşulmağa çağırırlar".
Türkiyə, digər 16 ölkə, Avropa İttifaqı və Ərəb Liqası tərəfindən qəbul edilən digər əsas bəyannamədə İsrailin Qəzzada mülki əhaliyə və mülki infrastruktura hücumları, eləcə də onun yaratdığı blokada və aclıq şiddətlə pislənilib. Bəyannamədə İsrailin hücumlarının dağıdıcı humanitar fəlakətə səbəb olduğu vurğulanıb və Qəzzada müharibənin dərhal dayandırılması, habelə İsrail qüvvələrinin bölgədən tamamilə çıxarılması tələb olunub.
Bundan əlavə, konfransda Böyük Britaniya, Kanada, Malta və Tacikistan yaxın vaxtlarda Fələstin Dövlətini tanımaq qərarını rəsmən elan ediblər. "Euronews" telekanalının məlumatına əsasən, artıq BMT-nin 147 üzvü, o cümlədən Aİ-nin 10 üzvü Fələstin Dövlətini tanıyır.
Xatırladaq ki, tanınma aktı Yaxın Şərqdə 1967-ci il müharibəsindən əvvəl mövcud olan sərhədlər daxilində Fələstinin suverenliyi və müstəqilliyinin tanınmasını nəzərdə tutur. Buraya İordan çayının qərb sahili, Qəzza zolağı və Şərqi Qüds daxildir.
İsrail iki dövlət barədə qərara qarşı çıxıb və ən yaxın müttəfiqi ABŞ-lə birlikdə Nyu Yorkda keçirilən BMT konfransını boykot edib.
Rizvan HİLALOĞLU,
"Azərbaycan"