Məlum olduğu kimi, iyulun 14-də Brüsseldə Ermənistanın baş naziri Nikol Paşinyan, Avropa Şurasının sədri Antonio Kosta və Avropa Komissiyasının sədri Ursula fon der Leyen arasında keçirilən üçtərəfli görüşdə əsas mövzu Ermənistan və Avropa İttifaqı (Aİ) arasında siyasi və iqtisadi tərəfdaşlığın möhkəmləndirilməsi olub.
Aİ liderləri Ermənistanın dayanıqlı inkişafının dəstəklənməsinə sadiq qalacaqlarını bir daha vurğulayıblar və 2024-cü ilin aprelində elan edilmiş dayanıqlılıq və inkişaf planı üçün Avropa İttifaqının Ermənistana 270 milyon avro həcmində ayırdığı maliyyə 50% artırılıb. Üstəlik bildirilib ki, Ermənistana investisiyaların ümumi həcmi 2,5 milyard avroya çata bilər.
Rəsmi Bakının sükutla qarşıladığı bu analoji görüş ötən il aprelin 5-də keçiriləndə Azərbaycanda haqlı olaraq ciddi etirazla qarşılanmışdı. Hətta 5 aprel görüşü ətrafında o qədər hay-küy yaranmışdı ki, həm Avropa İttifaqının liderləri, həm də görüşdə iştirak edən ABŞ Dövlət Departamenti rəhbəri Azərbaycan prezidentinə telefon açaraq bu görüşün Azərbaycana qarşı olmadığını və iqtisadi məsələlərə həsr ediləcəyini bildirmişdi. İyulun 14-də keçirilən görüş gəstərdi ki, indi həm Avropada, həm də Ermənistanda Azərbaycanın yanaşması nəzərə alınır. Amma indi baş verənlər Rusiyanı ciddi narahat edir. Xatırladaq ki, məlum 5 aprel görüşünə Moskva sərt reaksiya vermişdi. Rusiya Xarici İşlər Nazirliyi hesab edirdi ki, bu cür görüşlər regionda yeni bölücü xətlər və dırnaqarası təsir dairələri yaradır. 14 iyul görüşünə də Rusiya eynu reaksiyanı sərgiləməkdə davam edir. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib: “Qərb, NATO Cənubi Qafqazın təhlükəsizliyi üçün yaxşı heç nə gətirmir. Əksinə, bizim yaxşı bildiyimiz kimi, qərblilərin əsas məqsədi regionda sabitliyi pozmaq, onları bir-birinə qarşı qoymaq, yeni gərginlik nöqtələri yaratmaqdır. Ümid edirik ki, həm Bakı, həm də İrəvan bu məsələ ilə bağlı haqlı narahatlığımızı eyni dərəcədə başa düşür və təcavüzkar hərbi bloklarla qarşılıqlı əlaqələri dərinləşdirməyin risqlərini tam şəkildə qiymətləndirirlər”. Halbuki, Azərbaycanın NATO ilə münasibətlərində hansısa fərqli davranış və ya intensiv yaxınlaşma müşahidə edilmir. Bəs Moskva niyə Ermənistanla Azərbaycanı indi eyni sıraya qoyur? Dəyişən nədir? “Radio Svoboda” yazır ki, regionun Rusiyadan ənənəvi iqtisadi asılılığının azalması müşahidə edilir və İrəvan Moskvadan uzaqlaşaraq Ankara ilə əlaqələri bərpa edir, eyni zamanda da dünyaya çıxış üçün alternativ kommunikasiya axtarır, ABŞ və Avropa İttifaqı ilə əlaqələrini gücləndirir.
Azərbaycan-Ermənistan münasibətlərini sülh kontekstində təhlil edən müstəqil Xəzər Tədqiqat və Analiz Mərkəzi isə yazır ki, Azərbaycanın regional siyasətdə “post-Moskva konfiqurasiyası” dövrünə hazırlaşdığı görünür. Bakı Rusiyanın zəifləməsini dəstəkləsə də, Ermənistanın Qərb platformalarında daha güclü şəkildə mövqe tutması qarşısında ehtiyatlı davranır – yenə də qarşılıqlı qazanclı bir sülh üçün nadir tarixi imkan formalaşdırır: “Azərbaycan üçün bu, Qərbin vasitəçiliyi ilə hüquqi statuslu razılaşmaya nail olmaq və Ermənistanı yeni hərbi balanslardan uzaq saxlamaq üçün mühüm fürsətdir. Ermənistan isə sülh müqaviləsini təkcə Azərbaycanla münasibətlərin normallaşması kimi deyil, həm də Rusiya təsirindən hüquqi və siyasi şəkildə çıxışın əsaslandırılması kimi qəbul edir. Yəni bu sülh İrəvan üçün bir növ “qurtuluş aktı” dır – təkcə münaqişəyə son qoymaq deyil, həm də yeni bir geosiyasi orientasiyanın təməlini qoymaqdır”. Siyasi şərhçi, Cənubi Qafqaz Tədqiqat Mərkəzinin rəhbəri Fərhad Məmmədov rəsmi Bakı ilə Moskvanın Qərbə qarşı eyni bəyanatlarla çıxış etməsi fikri ilə razılaşmır və bildirir ki, Azərbaycan Avropa İttifaqı və ABŞ tərəfindən Azərbaycanın maraqlarına zidd olan bəyanatlara qarşı çıxış edirdi. Onun sözlərinə görə, bu ilin əvvəlindən ABŞ və Avropa İttifaqı mövqeyində dəyişiklik etdiyindən münasibətlər də yeni mərhələyə qədəm qoyub və tərəfdaşlıq müstəvisindədir. Rusiya-Azərbaycan münasibətlərinə gəlincə: “Proseslər göstərdi ki, son bir neçə ildə Rusiya-Azərbaycan tandemi barədə danışılan və uydurulan miflər də dağıdıldı. Hamı gördü ki, Rusiya ilə Azərbaycan arasındakı münasibətlər bərabərhüquqludur. Əgər Azərbaycanın maraqlarına və haqlı mövqeyinə qarşı Rusiya hər hansı addım atarsa, ABŞ və Avropa İttifaqı ilə olduğu kimi həmin şəkildə də Azərbaycan Moskvaya - Rusiyaya qarşı addımlarını atır”.
Bəzi analitiklərin fikrincə, Ukrayna müharibəsində çətin duruma düşən Rusiya indi həm iqtisadi sahədə, həm də xarici siyasətində Çindən asılı vəziyyətə düşüb. Və bu baxımdan postsovet məkanında olan ölkələr üçün də yeni fürsət yaranıb. Geosiyasi dəyişikliklər fonunda Azərbaycan Şərqə və Asiyaya doğru xarici siyasət kursunu yalnız alternativ istiqamət kimi deyil, strateji prioritet olaraq formalaşdırmağa başlayıb. İndi görünən odur ki, bu durumda Ermənistan Avropa İttifaqının himayəsinə sığınmağa çalışır. Avropa İttifaqı isə Rusiyanın narazılığına baxmayaraq, Cənubi Qafqazda nüfüzunu artırmaqda israrlı görünür. Bütün bunlar regionda Rusiyanın təsirini daha da zəiflədir.
Tahir TAĞIYEV