AZ

Şagird valideynlərinin diqqətinə: “Bu səhvi etməyin, yoxsa...”

“Yay tətili uşaqlar üçün sadəcə istirahət dövrü deyil, həm də yenilənmə və özünü tanıma dövrüdür. Bu müddət ərzində uşaqlar sosial bacarıqlarını inkişaf etdirir, yaradıcı fəaliyyətlərə vaxt ayırır və məktəb stresindən uzaqlaşaraq emosional balanslarını bərpa edirlər. Əgər bu dövrdə uşaq davamlı şəkildə dərslərlə yüklənirsə, onun beyni fasiləsiz işləməyə məcbur olur. Bu isə uzunmüddətli yorğunluq və zehni tükənmə ilə nəticələnə bilər”.

Bu fikirləri “Yeni Sabah”a açıqlamasında pedaqoq, psixoloq Zeynəb Əyyubova bildirib. O, uşaqların yay tətilini səmərəli keçirməsi üçün valideynlərə səslənib:

“Uşaqların motivasiyası əsasən maraq və daxili istək üzərində qurulur. Əgər yay tətillərində də onlara məcburi şəkildə dərslər yüklənərsə, bu, tədrisə qarşı neqativ münasibət yarada bilər. Uşağın beyni “dərs = yüklənmə və gərginlik” kimi bir assosiasiya qurmağa başlayır və bu, uzunmüddətli motivasiya itkisi və ya təhsildən soyuma ilə nəticələnə bilər. Toyuqlu pizza

Valideynlər ilk növbədə uşağın psixoloji ehtiyaclarını nəzərə almalıdırlar. Uşaqlar da böyüklər kimi istirahətə, sərbəstliyə və sevdikləri işlərlə məşğul olmağa ehtiyac duyurlar. Valideynlər çalışmalıdırlar ki, yay aylarında uşağa həm fiziki, həm də emosional baxımdan dincəlmək üçün imkan yaratsınlar. Əgər akademik fəaliyyət nəzərdə tutulursa, bu, daha çox oyun formatında və ya uşağın maraqlarına uyğun şəkildə təşkil olunmalıdır”.

Psixoloq balanslı bir yay proqramı üçün bəzi əsas tövsiyələr verib:

“Uşaq hər gün kifayət qədər yatmalı və sərbəst vaxt keçirməlidir.

Rəsm, musiqi, rəqs və ya digər yaradıcı fəaliyyətlər uşağın emosional inkişafına müsbət təsir göstərir.

Açıq havada oyunlar, gəzintilər, idman — uşağın həm fiziki, həm də psixoloji sağlamlığı üçün vacibdir.

Yaşıdları ilə oynamaq və ünsiyyət qurmaq sosial bacarıqların formalaşmasında əsas rol oynayır.

Əgər hansısa dərsdə çətinlik yaşanıbsa, bu mövzulara yüngül şəkildə və maraqlı yanaşmalarla toxunmaq olar — amma bu, əsas prioritet olmamalıdır.

Uşaqlar yay tətilində mütləq şəkildə istirahət etməlidirlər. Onların beyni də bədənləri kimi dincəlməyə ehtiyac duyur. Əgər bu dövrdə uşaqlar təkrarən dərslərlə yüklənərlərsə, bu, həm zehni tükənmə, həm də təhsilə qarşı mənfi yanaşma yarada bilər.

Valideynlər balanslı yanaşma seçməlidirlər: istirahət, sosiallaşma, fiziki aktivlik və maraqlara əsaslanan inkişaf — uşağın yay aylarını həm faydalı, həm də sevinc dolu keçirməsinə imkan yaradar”.

Aytac Əliyeva


Telegram kanalımız
Seçilən
11
1
yenisabah.az

2Mənbələr