AZ

Bir məktəb direktorunun da kompromat səsi yayıldı...


Məlum olduğu kimi, paytaxtdakı 171 nömrəli tam orta məktəbin direktorunun müəllimlərə qarşı uyğunsuz davranışı və səs yazısı yayılıb. Səs yazısında məktəbin direktoru Zemfira Məsiyevanın müəllimlərlə kobud rəftarı ortaya çıxıb.

İngilis dili müəlliməsi Leyla Hüseynovanın sosial şəbəkədə yaydığı məlumata görə, Z.Məsiyeva müəllimlərə davamlı şəkildə təhqiredici münasibət göstərir, iş mühitini dözülməz hala gətirir: “Direktor müəllimlərin dərs otağında onları təhqir edərək videoya çəkib və “bura donuzxanadır” kimi ifadələr işlədib”.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi: “Təhsil müəssisələrində hər hansı neqativ halların baş verməsi yolverilməzdir”

Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) “Bakı-Xəbər”ə bildirildi ki, 171 nömrəli tam orta məktəbin direktoru Zemfira Məsiyevanın müəllimlərə qarşı uyğunsuz davranışı və səsyazısı ilə bağlı araşdırma aparılır: “Təhsil müəssisələrində hər hansı neqativ halların baş verməsi yolverilməzdir. Məktəblərdə sağlam işgüzar mühitin təmin olunması, təhsil müəssisələrinin fəaliyyətində səmərəliliyin artırılması prioritetlərdəndir. Məktəbin və müəllimin fəaliyyətinə uyğun olmayan hallara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi diqqət mərkəzində saxlanılır".

Elçin Əfəndi: “Bu kimi problemlərin olmaması üçün mütəmadi olaraq təhsil müəssisə rəhbərləri ilə görüşlər keçirilməli, onlara etik davranış qaydaları ilə bağlı xatırlatmalar edilməlidir”

Təhsil eksperti Elçin Əfəndi “Bakı-Xəbər”ə şərhində bildirdi ki, direktorların fəaliyyəti ilə bağlı etik davranış qaydaları var. Məktəb rəhbərliyi həmin etik davranış qaydalarına mütləq riayət etməlidir: “Hər hansı bir direktor tabeliyində olan işçiləri aşağılamağa, onları psixoloji şiddətə məruz qoymağa ixtiyarı yoxdur. Ola bilər ki, təhsil verən və ya texniki işçi işin gedişatı ilə bağlı səhv etsin, ancaq bu vəziyyət əsas vermir ki, direktor işçiləri təhqir etsin. İşində nöqsan edən şəxs qanunvericiliyə uyğun olaraq cəzalandırıla bilər. Hər hansı bir direktor özbaşınalıq edirsə, ümumi qaydalardan kənara çıxırsa, Elm və Təhsil Nazirliyi və ya Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi həmin şəxs haqqında müvafiq tədbirlər görməlidir”.

Ekspert hesab edir ki, bu kimi problemlərin olmaması üçün mütəmadi olaraq təhsil müəssisə rəhbərləri ilə görüşlər keçirilməli, onlara etik davranış qaydaları ilə bağlı xatırlatmalar edilməlidir: “Rəhbər şəxs vəzifədən çıxarılırsa, konkret olaraq onu Əmək Məcəlləsinə uyğun olaraq xüsusi maddə əsasında işdən azad etmək lazımdır ki, həmin istiqamət üzrə işləməsi məhdudlaşdırılsın. Belə halın tətbiqi rəhbər şəxslər üçün dərs olmalıdır”.

Son olaraq qeyd edək ki, səs yazısı yayılan direktor Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun qaynanasıdır.

Günel CƏLİLOVA

Seçilən
4
baki-xeber.com

1Mənbələr