Ukrayna Prezidenti Volodimir Zelenski, müharibəni dayandırmaq üçün Rusiya ilə liderlər səviyyəsində görüş keçirməyi təklif etdiklərini açıqlayıb. O, bu təklifin ABŞ tərəfindən irəli sürüldüyünü, Ukraynanın isə tam dəstək verdiyini bildirib.
News24.az xəbər verir ki, Zelenski sosial media paylaşımında, Rusiya Prezidenti Vladimir Putinin müzakirələrlə bağlı son açıqlamalarını dəyərləndirib. “Əgər bu açıqlamalar Rusiyanın səmimi olaraq müharibəyə son qoymağa və ədalətli sülhə nail olmağa hazır olduğunu göstərirsə, Ukrayna bir daha bildirir ki, istənilən an liderlər səviyyəsində danışıqlara hazırdır”, – deyə o bildirib.
Zelenski ABŞ Prezidenti Donald Trampın sülh təşəbbüslərini də dəstəklədiklərini vurğulayıb: “Trampın sülh yaratmaq üçün göstərdiyi səyləri görür və alqışlayırıq.”
Digər tərəfdən, Rusiya Prezidenti Vladimir Putin də müzakirələrin vacibliyini dilə gətirib. Belarus Prezidenti Aleksandr Lukaşenko ilə görüşdən sonra çıxış edən Putin, İstanbulda keçirilən danışıqları müsbət qiymətləndirib. O, müzakirələrin, əsir mübadiləsinin və əməkdaşlıq təkliflərinin ümumilikdə faydalı olduğunu qeyd edib.
Putin həmçinin yeni “Oreşnik” raketlərinin orduya təhvil verildiyini və artıq istifadəyə hazır olduğunu açıqlayıb. “Əgər Kiyev Moskva ilə razılaşmanın vacib olduğuna inanmırsa, Rusiya gözləyə bilər”, – deyə o əlavə edib.
Xeyrənsə Piriyeva