AZ

Azərbaycan kinosunda "İLK"LƏR

2 avqust Azərbaycanda Kinosu Günü kimi qeyd olunur. Peşə bayramı statusunu daşıyan bu gün Azərbaycan kino tarixində xüsusi önəmə malikdir.

Modern.az xəbər verir ki, Azərbaycan Kinosu Günü 2000-ci il dekabrın 18-də Ümummilli lider Heydər Əliyevin imzaladığı sərəncamla təsis olunub. Bayramın məqsədi milli kino sənətinin inkişafında əməyi olan yaradıcı şəxslərə dövlət səviyyəsində ehtiram göstərmək, bu sahənin nüfuzunu daha da artırmaqdır.

Niyə məhz 2 avqust?

Azərbaycan kinosunun ilk addımları XIX əsrin sonlarında atılıb. 1898-ci ilin avqustunda Bakıda fransız mənşəli fotoqraf və kino pioneri Aleksandr Mişon tərəfindən çəkilən və nümayiş etdirilən qısametrajlı filmlər – “Bibiheybətdə neft fəvvarəsi”, “Qafqaz rəqsi” və “Sən tutulmusan” – ölkə kinosunun bünövrəsini qoyub. Mişon bu filmləri Lumier qardaşlarının icad etdiyi kinokamera vasitəsilə çəkib. Həmin gün keçirilən nümayiş, Azərbaycan və ümumilikdə Cənubi Qafqazda ilk kino nümayişi sayılır. Bu fakt sonradan 2 avqustun Azərbaycan Kinosu Günü kimi təsis edilməsinə əsas verib.

Kino tariximizdə "ilk"lər

Azərbaycan kinosu zəngin və çoxşaxəli inkişaf yolu keçib. Bu yolun əsas dayaqları isə müəyyən tarixi mərhələlərdə baş verən “ilk” hadisələrlə formalaşıb. Söhbət təkcə ilk filmlərdən deyil, həm də ilk texniki, janr və yaradıcılıq yeniliklərindən gedir. Hər bir “ilk” hadisə Azərbaycanın vizual sənət tarixinə mühüm töhfə verməklə yanaşı, dövrün sosial, siyasi və texnoloji reallıqlarını da əks etdirib.

Azərbaycan kinosunda ilk peşəkar bədii ekran əsəri 1916-cı ildə çəkilən “Neft və milyonlar səltənətində” filmidir. Rejissor Boris Svetlovun ekranlaşdırdığı bu film neftlə zəngin olan Bakının sosial-iqtisadi mənzərəsini fon kimi seçərək bir ailənin həyat dramını canlandırırdı. Ssenari Hacıbəyov qardaşlarının iştirakı ilə ərsəyə gəlmiş, rollarda Hüseyn Ərəblinski və digər tanınmış teatr aktyorları çıxış etmişdi. Filmin peşəkarlığı, süjet quruluşu və çəkiliş texnikası onu Azərbaycan kinematoqrafiyasının ilk bədii filmi kimi tarixə salıb.

1930-cu illərin ortalarında səs texnologiyasının kinoya daxil olması Azərbaycan kinosunda da dönüş nöqtəsi oldu. 1935-ci ildə çəkilən “Mavi dənizin sahilində” filmi ilk səsli bədii film kimi tanınır. Bu ekran əsəri artıq dialoq və musiqi ilə müşayiət olunan yeni kino estetikası formalaşdırdı. Film həm də Sovet Azərbaycanında səsli kinematoqrafiyanın başlanğıcını simvolizə edirdi.

Rəngli kinonun Azərbaycandakı ilk nümunəsi 1956-cı ildə Hüseyn Seyidzadənin rejissorluğu ilə çəkilən “O olmasın, bu olsun” filmidir. Üzeyir Hacıbəylinin eyniadlı musiqili komediyasının ekranlaşdırılması olan bu film, ilk rəngli bədii film olmaqla yanaşı, həm də öz dövrünün satirik və mədəniyyət daşıyıcısı kimi yadda qalıb. Operet janrının koloritini yüksək texniki keyfiyyətlə təqdim edən bu ekran əsəri uzun illər müxtəlif ölkələrdə nümayiş olunub və Azərbaycan mədəniyyətini dünyaya tanıdan filmlərdən birinə çevrilib.

Azərbaycan animasiya sənətində də özünəməxsus “ilk”lər mövcuddur. 1930-cu illərdə çəkilən “Lökbatan” və “Neft simfoniyası” sənədli filmlərində texniki animasiya elementlərindən istifadə olunub. Bu filmlər sənədli-təlim məqsədilə çəkilsə də, animasiyadan istifadə onların vizual təqdimatına yenilik qatıb. 1938-ci ildə istehsal olunan və daha tam animasiya prinsipləri ilə işlənmiş “Abbasın bədbəxtliyi” isə Azərbaycan animasiya tarixində ilk cizgi filmi kimi qəbul edilir. Lakin II Dünya Müharibəsi illərində bu sahənin inkişafı müvəqqəti dayanıb.

Animasiya sənətində növbəti dönüş 1969-cu ildə baş verib. Həmin il “Azərbaycanfilm” studiyasının nəzdində yenidən təşkil olunan animasiya emalatxanası ilk müasir cizgi filmi olan “Cırtdan” çəkilib. Azərbaycan xalq nağılının motivləri əsasında hazırlanan bu film milli animasiyanın əsasını qoyub və bu sahənin sonrakı inkişafına təkan verib. 


“Arşın mal alan” – Azərbaycan kinosunun dünyaya açılan pəncərəsi

Azərbaycan kino tarixində elə bir ekran əsəri var ki, təkcə milli kinematoqrafiyanın deyil, bütövlükdə Azərbaycan mədəniyyətinin dünyada tanınmasında xüsusi rol oynayıb. Söhbət görkəmli bəstəkar Üzeyir Hacıbəylinin eyniadlı musiqili komediyası əsasında çəkilmiş “Arşın mal alan” filmindən gedir. Bu film Azərbaycan kino tarixinin qızıl fonduna daxil olmaqla yanaşı, həm də fərqli ölkələrdə, müxtəlif dillərdə nümayiş etdirilərək beynəlxalq miqyasda Azərbaycan incəsənətini təmsil edib.

“Arşın mal alan” filminin ən məşhur versiyası 1945-ci ildə rejissor Rza Təhmasibin və Nikolay Leşşenko tərəfindən ekranlaşdırılıb. Film “Azərbaycanfilm” kinostudiyasında istehsal olunub və o dövr üçün texniki cəhətdən mükəmməl, rəngarəng və musiqi baxımından zəngin bir əsər idi. Burada aktyorlar – Rəşid Behbudov (Əsgər), Leyla Bədirbəyli (Gülçöhrə), Süleyman Ələsgərov (Sultan bəy), Lutfəli Abdullayev (Süleyman) və digərləri filmin uğur qazanmasında mühüm rol oynayıblar.

Filmin uğurunu şərtləndirən əsas amillərdən biri də onun janrıdır. “Arşın mal alan” həm komediya, həm romantik musiqili film, həm də milli koloriti özündə daşıyan universal hekayədir. Süjetdəki insan münasibətləri, ailə dəyərləri, məişət və sosial status məsələləri dövründən asılı olmayaraq geniş auditoriyaya xitab edir.

1945-ci il versiyası Sovet İttifaqı sərhədlərini aşaraq 40-dan çox ölkədə nümayiş etdirilib. Film müxtəlif dillərə dublyaj olunaraq, o cümlədən rus, ingilis, ərəb, çin, ispan, fransız və alman dillərində ekranlara çıxıb. Bu, Azərbaycan kinosunun beynəlxalq aləmdə ən uğurlu təcrübələrindən biri kimi qəbul olunur.

“Arşın mal alan” XX əsrin ikinci yarısında Yaxın Şərq, Orta Asiya, Şərqi Avropa və hətta Latın Amerikası ölkələrində nümayiş etdirilib və yüksək maraqla qarşılanıb. 1950-ci illərdə film Hindistanda da göstərilib və böyük uğur qazanıb. Ən maraqlısı odur ki, bəzi ölkələrdə film yalnız kinoteatrlarda deyil, televiziyada da yayımlanıb və bir sıra dublyajlarda orijinal musiqilər saxlanılıb.

UNESCO tərəfindən də tanınan bu ekran əsəri həm Azərbaycan muğamını, həm də klassik musiqi mədəniyyətini beynəlxalq auditoriyaya çatdırmaq baxımından da mühüm vasitə rolunu oynayıb. Filmin baş rol ifaçısı Rəşid Behbudovun vokal və aktyorluq qabiliyyəti, onun milli və universal auditoriyaya eyni anda xitab etməsi filmin davamlı populyarlığını təmin edib.


 

Seçilən
7
modern.az

1Mənbələr