AZ

Ədil İsgəndərovun imza atdığı sonuncu kadr: Moskvada ona kim kömək edib?

Bayramlar və yubileylər keçilən yola nəzər salmaq, fikir bildirmək, müqayisə aparmaq, qiymətləndirmək üçün gözəl fürsətdir. Avqustun 2-i - Milli Kino Günü ərəfəsində Əməkdar İncəsənət xadimi Cahangir Mehdiyevlə söhbətimizdə onun həm kinorejissor, həm də aktyor kimi kinematoqrafiyamızda xidmətlərindən, həmçinin 127 yaşlı kinomuzun hazırkı vəziyyətindən danışdıq.

“Papaq” adını qaytaracağam"

- Cahangir müəllim, özünüzdən eşidək: milli kino tariximizdə nə qədər payınız var?

- Bu, mənim yaradıcılığım, Vətən və xalq qarşısında yazdığım ssenarilərdir, müxtəlif janrlarda çəkdiyim bədii-sənədli, “Mozalan” studiyasında çəkilən filmlərdir. Bu, mənim kinomuza verdiyim töhfələrdir. 1979-cu ildə ilk dəfə “Diplom işi” filmimlə Azərbaycana beynəlxalq mükafat gətirmişəm. Mən iki institut bitirmişəm: beş il Azərbaycanda, beş il də Moskvada oxumuşam. Bütün yaradıcılığım boyu idmanla incəsənət mənim üçün ayrılmaz olub: idmanla möhkəmlənib, yığdığım qüvvəni incəsənətə həsr etmişəm. “Mosfilm” emblemi altında çəkən sonuncu və sağ qalan rejissor mənəm. Biri Əjdər İbrahimov idi, o, rəhmətə gedib. 1980-ci ildə “Mosfilim” kinostudiyasının nəzdində yaradılmış “Debüt” studiyasında “Vax!” (“Bıy!”) kinokomediyasının quruluşçu rejissoru olmuşam. 1980-ci ildə “Mosfilm”də keçirilən beynəlxalq kinofestivalda “Vax!” “Ən yaxşı rejissor işinə görə”, Minsk şəhərindəki kinofestivalda isə “Ən yaxşı komediya işinə görə” mükafatlarını qazanıb. Buna görə qürur hissi keçirirəm. Mənim “Mosfilm”də qalmağımı çox istəyirdilər. Çünki orada Əjdər İbrahimovdan başqa azərbaycanlı rejissor yox idi. Amma ailəm, övladlarım vardı. Ona görə “gərək öz vətənimə qayıdam” deyib geri döndüm.

- Peşman oldunuzmu?

- Yox, peşman deyiləm. Mən bir azərbaycanlı, bir ata, həm də yaradıcılığı milli-mənəvi dəyərlərə söykənən Cahangir Mehdiyev kimi vətənimə qayıtdım. Bütün yaradıcılığım Azərbaycanın klassik, milli-mənəvi dəyərlərinə söykənən ədəbiyyatı ilə bağlıdır. Kinoda Əbdürrəhim bəy Haqverdiyevə ilk dəfə mən müraciət etmişəm. Görkəmli yazıçının hekayəsi əsasında çəkdiyim filmin adını “Papaq” qoymuşdum. Amma bəzi məmurlar onu dəyişdirdilər. Filmə əlavə iki ad da qoydular. Moskvada prokat məqsədi ilə “Özündən asılı olmayaraq oğru”, Azərbaycanda isə “Evlənmək istəyirəm” qoydular. Amma filmin ideya-bədii məzmunu “Papaq” idi. Təəssüf ki, o filmi Haqverdiyevin 150 illik yubileyi münasibəti ilə də nümayiş etdirmədilər. Baxmayaraq ki, bu, mənim filmlərim içərisində ən çox baxılan filmdir...

- Sonradan bizdə papaqdan bəhs edilən başqa film də çəkildi...

- Orxan Fikrətoğlu o addan istifadə etdi ki, bəlkə filmi populyar olar. Qısametrajlı bir film çəkdi. Eşitdiyimə görə, heç istədiyi kimi də alınmayıb. Mənim filmimi hər yerdə “Papaq” adı ilə tanıyırlar. Bir müəllif kimi mən öz hüquqlarımdan istifadə edərək, filmimin adını qaytaracağam.

“Kinonun şirin zəhəri ilə onda zəhərləndim”

- Yeri gəlmişkən, siz uşaqlıqdan filmlərə çəkilmisiniz. Sonradan niyə rejissor olmaq istədiniz? Rol təklif olunmurdu, yoxsa “özüm çəksəm daha çox məşhurlaşaram” istəyi vardı?

- Mən heç vaxt aktyor olmaq istəməmişəm. Uşaqlıqda 12 nömrəli bağçaya gedirdim. Rejissor Lətif Səfərov ilk dəfə məni “Bakı və bakılılar” filminə çəkdi. Özü gəlib məni seçdi və ilk rejissor tapşırığını mənə o verdi. Altı yaşımda rəssam kimi o filmdə kadra çəkildim. Kinonun şirin zəhəri ilə onda zəhərləndim.

- Siz Moskvada Georgi Daneliyanın emalatxanasında dərs almısınız. O vaxt Kinematoqrafiya İnstitutunun hansısa emalatxanasında oxumaq çoxlarının əlçatmaz arzusu idi. Demək olarmı, bir az da bəxtiniz gətirdi...

- Həqiqətən də mənim bəxtim gətirdi. O zamankı İncəsənət İnstitutunda sənəd verəndə abituriyentlərlə görüş zamanı Rza Təhmasiblə tanış oldum. O “sənədlərini götür, keç aktyorluq fakültəsinə”, - deyə təkid etdi. Mən “rejissorluq oxumaq, Mehdi Məmmədovun tələbəsi olmaq istəyirəm”, - deyə etiraz elədim. Rza Təhmasib necə təsir elədisə, bir gün rektor Rahib müəllim məni çağırdı ki, “oğlum, sən bir il aktyorluq fakültəsində oxu, Rza Təhmasibin gözü nə üçünsə səni tutub. Səni ikinci kursda rejissorluğa keçirəcəyəm”. Rektora nə deyə bilərdim? Bir il Rza Təhmasibin kursunda oxudum. Mənə yaxşı rollar da verdi. Yaşar Nuri də bizimlə bir kursda oxuyurdu. Sonra rejissorluq kursuna keçdim və əla qiymətlərlə bitirdim.
İnstitutu bitirib rejissor assistenti kimi “Azərbaycanfilm”ə təyinat aldım. Ədil İsgəndərov onda kinostudiyanın direktoru idi. Ədil müəllim dedi ki, mən təqaüdə gedirəm, gəl, səni Moskvaya göndərim, görürəm ki, çox istəyirsən. Sonuncu kadrımsan ki, sənin üçün qol çəkirəm.

Çox çətinliklə beş nəfərdən biri olub

- Bununla sizin üçün Moskvaya yol açıldımı?

- Məni həqiqətən də Moskvada imtahana dəvət elədilər. İmtahanı Georgi Daneliya qəbul edirdi. “Sənin artıq diplomun var. Neynirsən Kinematoqrafiya İnstitutunu? Ali rejissor kurslarına get, sonra kino çək” dedi. Mən də “bir şeyi bilirəm ki, heç nə bilmirəm. Bəlkə siz mənə bir şey öyrətdiniz”, - deyə cavab verdim. “Səninlə bağlı hər şey aydındır. İmtahana dəvət etməmişdən yaradıcılıq işlərinlə tanış olmuşuq, gedə bilərsən”, - deyə Daneliya bildirdi. Mənə hər şey qaranlıq qaldı.
Bu, SSRİ-də yeganə institut idi ki, kinorejissorluq fakültəsinə qəbil olmaq üçün cəmi beş yer vardı. Qalan beş nəfər müqavilə əsasında Avropa ölkələrindən qəbul olunurdu. Yeganə abituriyent oldum ki, qabiliyyət imtahanlarının üçündən də “5” aldım. Amma qəbul olmağıma maneələr də oldu. Rektor bildirdi ki, gərək üç il işləyib sonra instituta gələrdin. O zaman Müslüm Maqomayevin əmisi Moskvada işləyirdi. Ona müraciət edərək “istehsalatdan ayrılmamaq şərti ilə gəlmişəm. Azərbaycanın vəsaiti hesabına oxuyacağam”, - dedim. Sağ olsun, mənə o kömək etdi. Oxuduğum dövrdə məni tələbə cəmiyyətinin sədr müavini, həmçinin idman üzrə rəhbər seçdilər. Kinematoqrafiya İnstitutunda üç işim oldu: “Dərviş” adında kurs işi, “Aydınlaşdırın” və “Diplom işi” filmləri. “Diplom işi” filmi mükafat aldığına görə ümumittifaq prokatına getdi. Mənə müəllif kimi diplom verdilər, amma qazanclar onların hesabına köçdü.

Seçilən
44
publika.az

1Mənbələr