İsrailin Baş Qərargah rəisi Eyal Zamir ilə Benyamin Netanyahunun rəhbərlik etdiyi hökumət arasında böhranın dərinləşdiyi və HƏMAS ilə danışıqlarda durğunluğun davam edəcəyi təqdirdə Zamirin tutduğu vəzifədən istefa verə biləcəyi irəli sürülüb.
Turkustan.az xəbər verir ki, “Yedioth Ahronot” qəzeti Zamirin siyasətçilərlə münasibətlərində kritik yol ayrıcında olduğunu yazıb.
Danışıqların nəticəsiz qalacağı təqdirdə Zamirin yeganə variantının istefa vermək ola biləcəyi iddia edilib.
Hesabatda sözügedən böhranın adi institusional fikir ayrılıqlarından kənara çıxdığı və bəzi nazirlərin kabinet iclasları zamanı orduya qarşı təhqiramiz ifadələr işlətməyə qədər getdiyi qeyd edilib.
İsrailin Kanal 12 telekanalı Zamirin "siyasətlə ordu arasındakı bu gərginlikdən çox yorulduğunu və siyasətçilərdən Qəzzada müharibənin davam etdirilməsi ilə bağlı dəqiq qərarlar vermələrini tələb etdiyini" bildirib.
Hesabatda Netanyahunun qəti qərarlar verməkdən yayındığı və bu vəziyyətin Qəzzada bütün yükü ordunun çiyninə qoyduğu iddia edilib.
Baş Qərargah rəisi Zamir ilə Netanyahu hökuməti arasında “Qəzzada israilli məhbusların vəziyyəti və aydın siyasi yol xəritəsi olmadan hərbi əməliyyatların davam etdirilməsi ilə bağlı” fikir ayrılığı var.
Aytən Yaşar/ Turkustan.az