Son günlər Rusiya, ABŞ və Çin liderlərinin mümkün görüşü və bu çərçivədə Ukrayna Prezidenti Volodimir Zelenskinin siyasi gələcəyinin də müzakirə ediləcəyi ilə bağlı iddialar beynəlxalq siyasi gündəmi zəbt edib.
Sual yaranır:Bu üç nəhəng güc arasında hansı razılaşmalar mümkündür və bu razılaşmalar Ukraynanın gələcəyi, xüsusilə də Zelenskinin taleyi üçün hansı nəticələr doğura bilər?
Məsələylə bağlı Bakıvaxtı.az-a danışan politoloq Züriyə Qarayeva bildirib ki, Rusiya, ABŞ və Çin liderlərinin mümkün görüşü və bu kontekstdə Zelenskinin də müzakirə mövzusu ola biləcəyi ehtimalları var. Onun sözlərinə görə, hazırkı qlobal konfiqurasiyada belə bir görüşün baş tutması mümkündür və bu, təkcə Ukrayna deyil, ümumi dünya düzənində yeni balansların yaranması baxımından əhəmiyyətlidir. Zelenskinin siyasi taleyi isə bu prosesin simvolik və strateji komponentlərindən biri ola bilər. Əgər Qərb-Rusiya münasibətlərində yeni kompromis zərurəti yaranarsa, bu, Ukraynadakı hakimiyyət strukturuna da təsirsiz ötüşməyəcək.
Politoloq belə bir razılaşmada Zelenskinin kənarlaşdırılması da mümkün sayır. Müsahibimiz bildirib ki, ABŞ və Avropada Zelenskinin idarəçilik üslubuna dair tənqidlər artmaqdadır:
"Onun fövqəladə səlahiyyətlərindən geniş istifadə etməsi, seçkiləri təxirə salması və bəzi siyasi partiyalara təzyiqlər göstərməsi, həm daxildə, həm də Qərbdə narahatlıq doğurur. Əgər Rusiya ilə atəşkəs və ya sülh razılaşması üçün belə bir addım zəruri hesab olunarsa, Zelenskinin dəyişdirilməsi kompromis kimi ortaya çıxa bilər".
Çinin bu məsələdə hansı rolu oynayacağına gəlincə, müsahibimiz qeyd edib ki, Çin üçün əsas prioritet qlobal sabitlik və iqtisadi axınların davamlılığıdır. Pekin tərəfləri masaya əyləşdirmək və neytral vasitəçi obrazını möhkəmləndirmək istəyir. Həmsöhbətimiz hesab edir ki, əgər Zelenskinin getməsi qarşılığında münaqişənin diplomatik həlli sürətlənərsə, Çin bunu dəstəkləyə bilər. Pekin üçün əsas məsələ balansdır - həm Rusiyaya yaxın qalmaq, həm də Qərb bazarları ilə əlaqəni qorumaq.
Züriyə Qarayeva: Qərb ictimaiyyəti artıq Ukraynaya davamlı dəstəyə şübhə ilə yanaşır
Bəs Ukraynanın daxilində bu cür ssenariyə münasibət necə ola bilər?
Z.Qarayeva bildirib ki, Ukraynada Zelenskiyə qarşı artıq müəyyən narazılıqlar mövcuddur. Xüsusilə müxalif düşərgədə və bəzi elita dairələrində onun siyasi monopoliyası tənqid edilir:
"Əgər beynəlxalq güclər tərəfindən onun yerinə yeni lider gətiriləcəyi təqdirdə, bu, ölkə daxilində həm parçalanma, həm də yeni siyasi qüvvələrin meydana çıxması ilə nəticələnə bilər. Bəzi çevrələr bunu “qəbul edilmiş razılaşma” kimi görsə də, digər kəsimlər tərəfindən “xaricdən dayatma” kimi qiymətləndiriləcək".
Onun fikrincə, əgər razılaşma əldə olunmasa, müharibənin uzanması ehtimalı artır. Bu isə nə Rusiya, nə də Qərb üçün arzuolunan ssenaridir. Qərb ictimaiyyəti artıq Ukraynaya davamlı dəstəyə şübhə ilə yanaşır. Hərbi yorğunluq və iqtisadi yüklənmə fonunda kompromis təklifləri daha da aktuallaşacaq. Belə şəraitdə lider dəyişiklikləri, təəssüf ki, danışıqların tərkib hissəsinə çevrilə bilər.
Zülfü Məmmədov