AZ

“NÜVƏ SAVAŞINA HAZIRIQ!” Kremlin nüvə təhdidləri Trampı nələrə təhrik edir?

Azpolitika.az saytından alınan məlumata görə, ain.az bildirir.

Rusiyanın sabiq Prezidenti və hazırkı Təhlükəsizlik Şurası katibinin müavini Dmitri Medvedevin qeyri-adekvat, qızışdırıcı nüvə təhdidləri cavabsız qalmayıb. Xarici KİV-lərin yazdığı kimi, ABŞ Prezidenti Donald Tramp faktiki olaraq “ABŞ Rusiya ilə nüvə müharibəsinə tam hazırdır” bəyanatını verib.

Bundan öncə Tramp Rusiyanın təhdidlərilə bağlı iki nüvə sualtı qayığının müvafiq nöqtələrdə yerləşdirildiyinə dair bəyanat vermişdi. Tramp jurnalistlərin bununla bağlı sualına cavab olaraq deyib ki, ABŞ Rusiyadan gələn nüvə təhdidlərinə cavab verməyə hazırdır: "Biz bunu etməli olduq. Sadəcə diqqətli olmalıyıq. Təhdid edildi və biz bunun yersiz olduğunu düşündük. Ona görə də mənim ehtiyatlı olmağım lazımdır. Mən bunu xalqımızın təhlükəsizlik maraqlarına əsaslanaraq edirəm. Rusiyanın keçmiş prezidenti tərəfindən təhdid səsləndirilib".

O, ABŞ-nin “insanları qoruyacağını” vurğulayıb: "Medvedev nüvə silahından danışdı, əgər nüvə silahından danışırıqsa, biz hazır olmalıyıq. Biz tamamilə hazırıq".

Xatırladaq ki, hələ 12 günlük İran-Israil müharibəsi zamanı Medvedevin İrana nüvə silahının ötürülməsinin mümkünlüyünə eyham vurmasından və ardınca ABŞ-nin Rusiya-Ukrayna müharibəsinə son qoyulması ilə bağlı ultimatumunu ələ salmasından sonra Trampla onun arasında mübahisə başlanıb. Amerika lideri buna cavab olaraq Medvedevi “uğursuz prezident” adlandırıb və onu “sözlərinə diqqət yetirməyə” çağırıb. Tramp daha sonra Medvedevin açıqlamalarına görə iki nüvə sualtı qayığın “müvafiq bölgələrə” göndərilməsini əmr edib: “Bəli, onlar (sualtı qayıqlar – red.) Rusiyaya daha yaxındırlar. Biz həmişə hazır olmaq istəyirik, ona görə də regiona iki nüvə sualtı qayığı göndərdim”.

Bayden administrasiyasından fərqli olaraq, Medvedevin özü kimi başıpozuq və sərsəm açıqlamalarına ciddi yanaşan Tramp onun “ehtiyatsız və qızışdırıcı bəyanatları”nı pisləyərək, nüvə sualtı gəmilərilə bağlı belə bir addımı atmağa borclu olduğunu qeyd edib. Bəziləri Trampın bu reaksiyasını təsadüfi saymır və onun Medvedevin yersiz təhdidlərindən Rusiyaya yerini göstərmək üçün bəhanə kimi istifadə etdiyini bildirirlər.

Göründüyü kimi, Putin Rusiyasının Ukraynadakı işğalçılıq müharibəsini heç cür dayandırmaq istəməməsi, üstəlik, bütün dünyanı nüvə savaşı ilə təhdid etməsi nüvə eskalasiyasını və nüvə müharibəsi təhlükəsini xeyli artırıb.

Bu arada Britaniyanın “The Daily Telegraph” qəzeti Trampın məlum açıqlamasını şərh edərkən, real təhlükənin heç də uzaqda olmadığını qeyd edib: "Hətta Soyuq müharibə illərində belə heç bir ABŞ Prezidenti açıq şəkildə Rusiya sularına doğru nüvə sualtı qayıqları göndərməmişdi. Heç bir ABŞ lideri buna cəsarət etməmişdi".

Qeyd edək ki, artıq mütəxəssislər Trampın nəzərdə tutduğu sualtı nüvə qayıqlarının imkanları, texniki xarakteristikaları barədə şərhlər verməyə başlayıblar. Onlar bildirirlər ki, həmin qayıqlardan atıla biləcək nüvə başlıqlarının Moskvanı vurması üçün 8-12 dəqiqə vaxt lazımdır. Rusiya HHM sistemləri bu raketləri yalnız onlar buraxıldıqdan 3-4 dəqiqə sonra görə bilirlər və deməli, cavab üçün 5 dəqiqə vaxtları qalır. Bu müddət isə Putinə xəbər verilməsi, onun cavab əmri verməsi və digər texniki hazırlıq işləri üçün olduqca azdır. Mütəxəssislərin artıq bu cür ssenariləri müzakirəyə çıxarmasının özü bir yandan məyusedicidirsə, digər yandan da real təhlükələrdən xəbər verir.

Hazırda bir tərəfdə Rusiyanın başındakı qana susamış, hər gün yüzlərlə, minlərlə insanın ölümünə səbəb olan işğalçılıq müharibəsini davam etdirən, hər tərəfə təhdid yağdıran, cəzasızlıqdan başını itirmiş putinlər, medvedevlər, digər tərəfdə isə psixi problemlərilə onlardan geri qalmayan, yaşı 80-i haqlamış, sözü ilə əməli uyğun gəlməyən və sabah nə edəcəyi bəlli olmayan Tramp var.

Dünyanın taleyinin belələrinin əlində olması nə qədər acınacaqlı görünürsə, təəssüf ki, nüvə savaşı təhlükəsi də getdikcə bir o qədər real görünməyə başlayır.

C.Məmmədli

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
azpolitika.info

1Mənbələr