AZ

İki od arasında qalan Xotin kəndi Qardaşım Rusiya ordusunda bizə qarşı vuruşur

Oxu.az saytına istinadən ain.az xəbər verir.

Xotin kəndi Ukraynanın Sumı vilayətinin Rusiyanın Kursk vilayəti ilə 10 kilometrlik sərhədində yerləşir. Elə buna görə kəndin etnik tərkibi, əsasən, ruslar və ukraynalılardan ibarətdir. Kənd sakinlərinin dediyinə görə, Kurskda doğulan, keçmiş SSRİ-nin rəhbərlərindən olan Nikita Xuruşşovun da uşaqlığının çox hissəsi buradakı qohumlarının yanında keçib.

İndi ərazinin ən böyük kəndi olan Xotin son aylar yeni cəbhə kimi aktivləşən Sumı istiqamətində Rusiya ordusunun əsas hədəflərindən birinə çevrilib. Daha doğrusu, iki ay əvvəl, mən orada olarkən əsas hədəf idi.

Yeri gəlmişkən, 2022-ci ildə, müharibənin əvvəlində Sumı vilayətinin bir hissəsi kimi bura da bir müddət Rusiya ordusunun nəzarətində olub. Həmin ilin yazında Ukrayna ordusu Sumı vilayətini azad edərkən bu kəndi də geri qaytarmışdı.

Rusiya ordusunun yenidən bu istiqamətdə fəallaşması səbəbindən, ətraf kəndlər kimi, Xotinin də əhalisi təcili təxliyə olunurdu. Kəndə təxliyə prosesini həyata keçirən polislərlə birgə gəlmişdim. Köçürülmənin şahidi olmaq üçün. Amma hamı çıxmaq istəmirdi. Qalanların əksəriyyəti yaşlılar idi. Baxmayaraq ki, həmin vaxt Rusiya ordusu kəndin cəmi üç kilometrliyinə çatmışdı.

2025-ci ilin yazı Sumının Rusiya ilə sərhədinə sanki erkən gəlmişdi. Təbiət çoxdan oyanmışdı. Bəlkə də, buna görə idi ki, kənd ətrafında piyada qoşunlarının döyüşləri intensivləşmişdi, Rusiya ordusu addım-addım irəliləyirdi.

...Qalya da əri ilə birlikdə kənddə qalmağı seçib. Özünün və həyat yoldaşının 60-dan yuxarı yaşı var. "Bu yaşdan sonra hara gedim? Burada doğulub, burada böyüyüb, burada kərpic-kərpic ev qurmuşuq. Onlar (Rusiya ordusu - red.) üç il əvvəl bir ay burada oldular. Xoşbəxtlikdən, bizimlə bir işləri olmadı. Yəqin, indi də olmaz. Qızımı, nəvələrimin hamısını yola salıram arxaya - Ukraynaya. Bilmirəm, onları bir də görə biləcəyəm, ya yox", - deyə hıçqırtıdan sözünə davam edə bilməyən Qalya onları gözləyən təxliyəyə təhvil verəcəyi körpə nəvəsini sinəsinə sıxır...

İntensiv atəş altında olan buradakı kəndlərin hamısında artıq üç aydır, nə qaz, nə işıq, nə də təbii ki, internet var. Hər yerdən və hər şeydən təcrid olunmuş kənd getdikcə döyüş meydanına çevrilir.

Kənddən təxliyə olunan 45 yaşlı Viktorun hekayəsi daha qəribədir. Müharibənin əvvəlində həyat yoldaşı və iki uşağını Kurska, yəni Rusiya ərazisinə keçirə bilib. İki ildən çoxdur ki, kənddəki evində tək yaşayır. Deyir, Rusiya vətəndaşı olan anası və digər qardaşı da ailələri ilə birgə uzun illərdir Kursk vilayətində yaşayırlar. Hətta arada zəngləşib, danışırmış (bu kimi hallar hər iki ölkədən qohumlar arasında çoxdur - red.). "Daha çox "WhatsApp"la danışırıq. Uşaqlarım üçün darıxıram. Anam və qardaşımla hər dəfə müharibədən söz düşəndə söhbətimiz mübahisə ilə yarımçıq qalır. Onların beynini doldurublar. Səhv etmirəmsə, ötən ilin axırı idi, anamdan eşidəndə ki qardaşım Rusiya ordusuna qoşularaq Ukraynaya döyüşməyə gəlib, dəhşətə gəldim, hamısının nömrələrini bağladım. Ən dəhşətlisi odur ki, anam qardaşımın Rusiya ordusuna qoşulmasına etiraz etmək əvəzinə, məni qınayırdı ki, öz evimi qoyub harasa qaçım. Bilmirəm, nə deyim artıq. Eşitmişəm, qardaşım rus ordusunda bu istiqamətdə bizə qarşı vuruşur. Yəqin, Rusiya ordusu kəndə girsə, o, evimizə də baş çəkəcək. Bu ev atamızdan qalıb. İndi də bir-iki paltardan başqa heç nə götürmədən buradan çıxıram. Bu boyda evi, həyəti qoyub gedirəm", - qırıq-qırıq danışığının ardını gətirə bilmir. Qəhərlənir. Əl çantasını götürüb, həyətinin qapısını belə bağlamadan onu gözləyən təxliyə avtomobilinə doğru gedir.

Həmin gün kənddən xeyli adam təxliyə olunur. Rusiya ordusu kəndə o qədər yaxınlaşır ki, atəş səsləri eşidilir.

Xotin də daxil olmaqla, sərhəd kəndlərindən təxliyə olunanların hamısı Sumıda bir neçə korpuslu yataqxanalara yerləşdirilir. Əksəriyyət burada yaşasa da, sonradan bəziləri Ukraynanın mərkəzi və ya qərb vilayətlərinə, qohum-tanışlarının yanına üz tuturlar. Çünki Sumı şəhərinin özünün də getdikcə döyüş meydanına çevrilmək təhlükəsi var. Şəhərin özü Rusiya ilə sərhədin cəmi 45 kilometrlik məsafəsində yerləşir.

Mən Sumıdan ayrılanda başqa istiqamətdən Rusiya ordusunun artıq şəhərin 30-35 kilometrliyinə yaxınlaşdığını deyirlər. Gecə-gündüz ölüm-dirim savaşı gedir. Əsasən də yaxınmənzilli "Qrad" tipli raketlərdən, top və minaatanlardan atəşə tuturlar...

Sumıdan qayıdandan iki ay sonra, bu yaxınlarda, eşitdim ki, Xotin də daxil olmaqla bir sıra kəndlərdə Rusiya ordusu Ukrayna hərbçilərinin ciddi müqavimətinə rast gəlib. Kəndlərdə ağır döyüşlər gedir, burada Rusiyanın hərbi qüvvələri xeyli itki verib. Bunları eşidən kimi anidən, nəvələrini arxa cəbhəyə göndərən Qalyanın, bir də Viktorun Rusiya əsgəri kimi evlərinə baş çəkməsini gözlədiyi qardaşının taleyini düşündüm.

Mübariz Aslanov

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
7
1
oxu.az

2Mənbələr