AZ

Torpağın dadı...

Ömrümün uşaqlıq illərini kəndimizdə keçirmişəm. Yaxşı yadımdadır, o vaxt atam kolxozun bağ-bostan sahələrində işləyirdi. Hərdən məni də özü ilə bağa, bostana aparırdı. Orada bol meyvə-tərəvəz vardı. Alma, armud, ərik, şaftalı, gilas, üzüm, qarpız, yemiş və s. Hərəsi də öz mövsümündə yetişirdi. Allahın ən gözəl nemətləri, barlı budaqlardan adama gəl-gəl deyirdi.

Mən bağ-bostan uralandıqdan sonra sahəyə getməyi daha çox xoşlayırdım. Baxırdım ağacda nə çiçək, nə də bar görünür. Amma üzümlüklərin arası ilə getdikcə görürdüm ki, salxımlar meynələrdəcə kişmişə dönüb. Bir də payızda tənək yarpağını tökənə qədər yarpaqların altında sükuta bürünüb “gizlənmiş” qora salxımları təkəm-seyrək gözə dəyirdi. Mən qora salxımları yığıb yeməkdən ləzzət alırdım. Həmin qora üzüm salxımları payızın son ayına, bəzən qışın ilk ayına kimi, üstünə qırov düşənə qədər qalırdı. Qora salxımların turşaşirin dadı mənə xoş gəlirdi. İndi şəhərdə ağ şanı, qara şanı üzümləri üstünlük təşkil etsə də, dadından doymadığım qora salxımları gündüzlər çıraqla gəzsən də tapa bilməzsən. Həm də o qora salxımlardan yaxşı abqora düzəldirdilər.

... O yerlərin təbiəti, qeyri-adi gözəllikləri məni özünə çəkirdi. Təbiət yaşıl donunu geyəndə, yaşıl örpəyinə bürünəndə ilk bahar ürəkdə dil açıb dinirdi. Orada çalışan, əzmi mətanət, dəyanət dolu mehriban zəhmət adamları ilə tanış, dost olduqca onlara daha çox bağlanırdım. Ürəyi məhəbbət, hərarət dolu, süfrədə çörəyi bərəkət dolu zəhmət adamlarını deyirəm. İllər keçsə də, onların zəhmət nəğməsi heç vaxt xəyalımdan getmir:

“A torpaq, ortaq olaq,
Dözümü səndən olsun,
Bərəkəti Tanrıdan,
Zəhməti məndən olsun.”

Bu, ürəyimdə ömürlk nəğməyə dönüb. Bunları düşündükcə, ağac əkmək, bağ salmaq həvəsim artırdı. Mən böyüdükcə həvəsim də böyüyürdü. Zaman keçdikcə bu həvəs ürəyimdə ülvi bir istəyə, arzuya çevrildi. Şəhərdə özümün balaca bir bağım olmasını arzulayırdım. Amma uzun illər o arzuya çatmaq mənə qismət olmurdu. Nəhayət, illər keçdi, uşaqlıq arzumun yerinə yetirilməsi üçün bir yol açıldı.

Yaşadığımız evin eyvanından baxanda zibillik poliqonuna çevrilmiş daşlı-kəsəkli ərazini görəndə ürəyim ağrıyırdı. İllərdən bəri kimin əlinə yararsız bildiyi nə keçmişdisə, ora atmışdı. O tullantıların altında torpaq için-için göynəyirdi, can verirdi elə bil.

Balalarımı başıma yığıb günlərlə, aylarla zibillik poliqonunu təmizlədik. Təmizləndikcə torpaq cana gəlirdi, nəbzi döyünürdü, nəfəs alırdı ana torpaq. Bilən bilir, bilməyənlər də bilsin ki, Vətən torpağının hikməti böyük olduğu kimi, tamı da gözəl olur...

Şumlayırsan, altını üstünə çevirirsən. Üst-başından torpaq tamı gəlir. Əkib-becərdiyin qara torpaq üz ağardır. Bir zamanlar mən torpağa sadəcə qara torpaq deyirdim. Anam qoynuna köçəndən sonra qara torpağa “anam torpaq” deyirəm.

Alın tərin torpağa qarışanda torpaq dilə gəlir. Torpaq deyir ki, əz məni, əzizləyim səni. Torpağı əkməsən, becərməsən səndən gileylənər. Gül-çiçək əkərsən, meh əsər, ətrini ətrafa yayar. Üzünə mehdən güllərin qoxusu çilənər, könlün açılar. Ağaclar çiçək açanda ömür-gün də gülür. Ana torpaq gül ətri qoxuyur.

Əkdiyin ağacların kölgəsi düşəndə elə bilərsən ki, ömrünə gün doğur. Xəyalında canlandırdığın yaşıl ağaclar qol-budaq atır.

...Tullantılardan təmizlədiyimiz ərazidə bir qarış torpağı qənimət sayıb rəngbərəng güllər, hər növ meyvə ağacları əkdik. Əkdiyimiz ağacların, güllərin hər gün nazını çəkməsəydik ağaclar, güllər umu-küsü edərdi. Könül umduğu yerdən küsür, axı!

Əkdiyim torpağın qoynunda hənirtini duyduqca qəlbim sevincə bürünürdü. Hər gün işdən sonra evə getməmiş, əvvəl bağçamıza baş çəkirdim. Elə bilirdim ki, məni gül çağırır, çiçək səsləyir. Əkdiyimiz gül bağçasına elə bil, xalılar döşənmişdi. Xallı kəpənəklərin çiçəkdən-çiçəyə qonduğuna baxdıqca baxıb zövq alırdım. O xalı çəmənlikdə xallı kəpənəklərin zərif gözəlliyinə tamaşa edib, sonra da çəmənlikdə uzanıb dincimi alırdım. Gərgin işləyib bağ becərəndə bir hovur dincini almasan, yorğunluğa canmı dözər, ürəkmi tablayar?!

Aylar, fəsillər ötüşür, bir-birini əvəz edir. Hər ayda, hər fəsildə torpağın mövsümə uyğun qayğıları var. Yaşıl aylarda çəkdiyin əziyyətin ağırlığı xınalı payızda canından çıxar. Zəhmətin bağların şirin barına dönəndə elə bilərsən dünyanı sənə bağışlayırlar. Doğru deyiblər ki, torpaqda izi olanın süfrədə üzü olar.

Bağçamızdan ayrılıb gedəndə əkdiyim ümid ağacları arxamca əl edirdi. Üzüm çardağımızı ağuşuna alan tənəklər qolboyun olub başımızın üstündə salxımlı çətir yaradıb. Bu, bağçamıza xüsusi gözəllik verir. Bağdan çıxıb şəhərə gələndə qədim yaşayış evlərinin qabağında yerdən fışqırıb binanın üst mərtəbələrinin eyvanlarından asılan ağlı-qaralı slxımlara baxdıqca baxıram. Ağ-qara şanılar qol-qola tutub gözəl mənzərə yaradıb. Baxanda öz-özünə inana bilimirsən, elə sanırsan ki, şirin bir yuxu görürsən. Şairi bu mənzərə ilhama gətirib. Ona görə də götürüb belə yazıb:

Qabarlı əllərin ehtiramını
Aynaya çəkməyə səhərlər gələr.
Bu doğma torpağın alar tamını,
Yerin alt qatından üst mərtəbələr.

Gecə işıqları axar şəhərə,
Qranit divarlar dözüm qaldırar.
Tənəklər yuxarı mərtəbələrə
Qıvrıla-qıvrıla üzüm qaldırar.

İlləri yola salmış üzüm tənəkləri də evlərin eyvanlarına xüsusi gözəllik verir. Yaşıllıqlar, rəngbərəng güllər, çətirli, çardaqlı yamyaşıl kölgələr ana torpağın bağrından doğulur.

Bu səmimi düşüncələrimi qələmə almağa vəsilə olan müqəddəs torpağımızın tamıdır. Köklər torpağın dərinliklərindən su içəndə ağaçların yaşı əsrlərə çatır.

Ana torpağın tamında ağrını-acını unutduran bir hikmət, bir güc var. Ona ürəkdən bağlanan, onu sevə-sevə əkib becərən bağbanı bağların şipşirin barı dindirər. Bu da bəlli...

Həzi HƏSƏNLİ,
şair-publisist

Seçilən
11
xalqqazeti.az

1Mənbələr