ABŞ Rusiya sərhədlərinə nüvə sualtı qayıqları göndərir. Belə ki, ABŞ prezidenti Donald Tramp Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin bəyanatlarına özünəməxsus münasibət bildirib. Ağ Ev rəhbəri rusiyalı siyasətçinin sözlərinə cavab olaraq iki nüvə sualtı qayığının (NPS) Rusiya sərhədlərinə göndərilməsinə dair göstəriş verib.
Qeyd edək ki, Medvedev iyulun 28-də demişdi ki, ABŞ lideri Moskva ilə “ultimatum oyunu” oynayır. Onun sözlərinə görə, Tramp başa düşməlidir ki, Rusiya tərəfi nə İsrail, nə də İrandır və Moskva hər yeni təhdidi ABŞ ilə müharibəyə doğru növbəti addım kimi qiymətləndirir.
Bu barədə Moderator.az-a danışan siyasi şərhçi Kənan Novruzov bildirib ki, ABŞ və Rusiya arasında münasibətlər son vaxtlar gərginləşib.
O qeyd edib ki, Tramp ikinci dəfə hakimiyyətə gələndə Vaşinqtonun Moskvaya münasibəti inanılmaz dərəcədə loyal idi. Hətta bu loyallıq fonunda müxtəlif iddialar səsləndirilirdi ki, guya Tramp və Putin gənclik illərində kəşfiyyat xidmətində işləyiblər və yaxud Tramp hansısa mərhələdə Rusiyaya casusluq edib:
“Bəs bu loyallığın səbəbi nə idi? Məqsəd Rusiyanı və Ukraynanı ortaq məxrəcə gətirmək, Rusiyanın könlünü almaqla onu Ukraynaya müəyyən məsələlərdə güzəştə getməyə razı salmaq idi. Ukrayna özü də güzəştə getməyə hazır idi. Amma əsas məsələ Rusiyanı razı salmaq idi və Tramp bunu bacarmadı. Rusiyanın könlünü almaqla onu konsensus masasına əyləşdirə bilmədi. Son telefon danışığından sonra isə Tramp bəyan etdi ki, Putin müharibəni sona qədər davam etdirmək və insanların həyatına son qoymaqda israrlıdır. Tramp Putini razı salaraq konsensusa gətirə bilmədi.
Əlbəttə ki, Ukrayna təkbaşına güzəştə getməzdi. Ukrayna müəyyən qədər güzəştə getməyə hazır idi, amma qarşılığında Rusiyanın da hansısa məsələlərdə güzəştə getməsi vacib idi. Üstəlik, Trampın Rusiyaya qarşı loyal münasibəti “kollektiv Qərb” anlayışını zədələdi və ABŞ-Avropa münasibətlərinə ciddi zərbə vurdu.
Ağ ev rəhbəri sonradan siyasətini dəyişdi. O, Rusiyaya qarşı sərt ritorikaya keçdi, danışıqlarla bağlı konkret vaxt və son tarix müəyyən etdi, diktə edən tərəfə çevrildi. Bu da, təbii ki, Rusiya tərəfindən adekvat reaksiya ilə qarşılandı”.
Siyasi şərhçi əlavə edib ki, son zamanlar ABŞ prezidenti Donald Trampla Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev arasında söz atışması müşahidə olunur:
“Məncə, Putin Trampa cavab verməyə tələsmir. Əgər lazım olsa, yenə də özü cavab verməyə tələsməyəcək. Bu, bilərəkdən edilir. Kremlin mövqeyi əsasən Medvedevin dili ilə çatdırılır. Diqqət etsəniz, Kremlin sözçüsü Dmitri Peskov daha balanslı və ehtiyatlı danışır, çünki o birbaşa rəsmi mövqeni ifadə edir. Putin isə ümumiyyətlə danışmır. Medvedev isə birbaşa Kremlin rəsmi mövqeyini ifadə etmədiyindən, daha sərt və kəsərli danışa bilir.
Düşünürəm ki, Rusiya bu mərhələdə ABŞ-la münasibətləri tam şəkildə korlamaqda maraqlı deyil və daha ehtiyatlı davranır. Hazırda münasibətlər kifayət qədər gərgindir. Tramp Putinə avqustun 8-nə qədər vaxt verib. Məncə, bu tarixə qədər heç bir ciddi dəyişiklik olmayacaq. Heç bir danışıqlardan da söhbət gedə bilməz. Bundan sonra nə olacaq? ABŞ-ın Rusiyaya qarşı münasibəti daha da sərtləşə bilər. İqtisadi rıçaqlardan və təzyiq vasitələrindən istifadə ediləcək, Rusiyaya qarşı iqtisadi təzyiq artacaq.
O ki qaldı nüvə sualtı qayıqlarının göndərilməsinə, düşünürəm ki, bu, Rusiyaya bir xəbərdarlıq, bir növ SOS siqnalıdır: “Bax, mən sənə vaxt vermişəm. Qoyduğum son tarixi unutma və bundan sonra nələrin baş verəcəyini təsəvvür et” mesajıdır. Amma indiki mərhələdə ABŞ-ın nüvə müharibəsinə hazırlaşdığı kimi təqdim olunmasının əleyhinəyəm. ABŞ mümkün qədər çalışacaq ki, Rusiyanı razı sala bilsin. Danışıqlardan daha çox müharibənin genişlənməsi və Rusiyaya qarşı növbəti cəbhənin açılması ehtimalı daha yüksəkdir. Həmçinin mümkündür ki, Rusiya özü də yeni bir cəbhə aça bilər”.
Mehin Mehmanqızı