AZ

“Əli Kərimli heç kimə və heç bir ali dəyərə sadiq deyil” - Qüdrət Həsənquliyev

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Elchi.az-ın suallarını cavablandırıb.

Aktual.az həmin müsahibəni təqdim edirik:

-Qüdrət bəy, bəzi xarici nəşrlərin son zamanlar Əli Kərimlinin ölkəmizin daxili və xarci siyasəti ilə bağlı fikirlərinə yer ayırması nə ilə əlaqədar ola bilər?

-Böyük ehtimalla bu müsahibələrin təşkilində iqtidarın da hansısa formada rolu var. O, beynəlxalq birliyə, bölgədə marağı olan yaxın və uzaq güclərə əsas müxalif qüvvə kimi təqdim olunur, bununla həmin dairələrə  fərqli mesajlar göndərilir.

 

-Əli Kərimli iqtidara bu qədər faydalı və sadiqdirsə, niyə onun xaricə çıxışına imkan verilmir?

 

-O heç kimə və heç bir ali dəyərə sadiq deyil. İqtidar zaman-zaman ehtiyac hiss edəndə ondan məharətlə istifadə edir. Belə "dəyərli kadr"ı kim əlindən buraxar? Xasiyyətini, xarakterini  bildiklərindən bəlkə də fikirləşirlər ki, gedər xaricə, nəzarətlərindən çıxar.

 

-Hazırda ən çox müzakirə olunan məsələlərdən biri ölkənin xarici siyasəti ilə əlaqədardır.Sizin fikrinizi bilmək maraqlı olardı...

 

-Azərbaycan hər kəslə, xüsusilə, yaxın qonşularla bərabərhüquqlu dostluq və əməkdaşlıq siyasəti aparır. Bəzi ölkələrin Azərbaycana fərqli motivlərlə təzyiqi münasibətlərdə müəyyən gərginlik yaradır. Heç kim bizi milli maraqlarımıza cavab verməyən qərarların qəbuluna, yaxud dövlətimizin mənafelərinə cavab verən qərarların qəbulundan imtinaya məcbur edə bilməz. Azərbaycanın qəbul etdiyi qərarlar heç bir halda başqa ölkəyə qarşı yönəlməyib. Bəziləri nələrisə bəhanə edib bizə hücum edir. Məsələn, Rusiyadan son günlər ünvanımıza ittihamlar səsləndirilir ki, biz niyə Ukraynaya qaz satırıq. Amma unudurlar ki, Rusiya özü son vaxtlara qədər Ukrayna ilə ticarət əlaqələrini saxlayırdı və Ukraynaya silah yardımı edən ölkələrə neft və qaz satır və daha böyük həcmdə satmaq üçün ciddi səy göstərirdi. Buna nail olmaq üçün, Qərbdəki ermənipərəst dairələrin dəstəyinə ümid edərək, Azərbaycanla münasibətləri zədələmək də  ağıllı siyasət deyil. Rusiya Qərbdəki ermənipərəst dairələrin təzyiqi ilə Birinci Qarabağ müharibəsində buraxdığı səhvi təkrar etməməlidir.

 

Onu da qeyd edim ki, ermənipərəst dairələrin Qərbdən gələn təzyiq və təhdidlərini rədd etsək də, haqlı tənqidləri öyrənməli və onların aradan qaldırılması, vətəndaş məmnunluğu üçün Qərbdəki tərəfdaşlarımızla aktiv formada işləməliyik. Erməni faşizmi üzərində möhtəşəm  qələbəmizin 5-ci ildönümü münasibətilə ölkədə siyasi motivlərlə tutulduğu iddia olunan şəxsləri də əhatə edən geniş amnistiya aktının qəbulu müdrik qərar olardı. İnanıram ki, beynəlxalq hüquqa hörmət, qonşularla dostluq və əməkdaşlıq siyasəti bundan sonra da özünü doğruldacaq, bütün gərginliklər aradan qaldırılacaq.

 

Ailəni yaradan sevgidirsə, onu qoruyub saxlayan sədaqət, uşaqlar və qarşılıqlı hörmətdir. Dövlət də böyük ailədir. Onu qoruyub saxlayan ciddi iqtisadi əlaqələr və dostlara, müttəfiqlərə olan hörmət, etibarlılıqdir. Əgər beynəlxalq siyasəti bir şahmat oyununa bənzətsək, Azərbaycan Respublikası Prezidenti bölgədə marağı olan həmkarlarından bir yox, ən azı 3 gediş daha qabağı görə bilir, ona görə xarici siyasətlə bağlı ciddi narahatlılıq üçün əsas görmürəm. Bizim zəif yerimiz iqtisadiyyatımızın neftdən asılı olmasıdır.

 

Seçilən
21
2
ulusum.az

3Mənbələr