AZ

Borcalan vəfat edibsə, bank övladlardan borc tələb edə bilərmi? - Hüquqi rəy

Azərbaycanda kredit götürənlərin sayı ildən-ilə artır. Kredit götürmək, əslində, müəyyən müddət ərzində maliyyə yükünü üzərinə götürmək deməkdir. Lakin gözlənilməz həyat hadisələri bəzən kreditin qaytarılmasını çətinləşdirə və borcalanı ciddi maliyyə riskləri ilə üz-üzə qoya bilər. Təəssüf ki, xəstəlik, qəza və ya ölüm kimi risklər heç kimin sığortalanmadığı reallıqlardır. Əgər kredit götürən şəxs girovsuz, zaminsiz və sığortasız şəkildə kredit götürüb və iki il öncə vəfat edibsə, bu müddət ərzində bank tərəfindən heç bir rəsmi tələb irəli sürülməyibsə, lakin sonradan bank məhkəməyə müraciət edərək artıq vəfat etmiş şəxsin övladlarından borcun ödənilməsini tələb edirsə, bankın bu cür davranışı qanunidirmi? Borcun ödənilməsinə dair öhdəlik kimə keçir? Vətəndaşlar bu hallarda hüquqlarını necə qorumalıdır?
 
Moderator.az-a danışan Vəkillər Kollegiyasının üzvü Rəşad Əliyev bildirib ki, əgər dünyasını dəyişmiş şəxsin kredit müqaviləsi üzrə hər hansı girov, zamin və ya sığorta yoxdursa, bu halda bank həmin borcu yalnız mərhumun vərəsələrindən tələb edə bilər. Onun sözlərinə görə, lakin burada əsas şərt vərəsələrin mirası qəbul etməsidir:
 
“Əgər vərəsələr mirası qəbul ediblərsə, onlar yalnız qəbul etdikləri mirasın dəyəri həddində borcu ödəməyə borcludurlar.
Məsələn, əgər dünyasını dəyişmiş şəxsin 10.000 manat kredit borcu varsa, lakin vərəsələr yalnız 5.000 manatlıq əmlak və ya digər formada miras qəbul ediblərsə, onlar yalnız həmin 5.000 manat məbləğində borcu ödəməyə məsuldurlar. Qalan 5.000 manat üçün onların heç bir öhdəliyi yoxdur.
Əgər dünyasını dəyişmiş şəxsin heç bir əmlakı yoxdursa və vərəsələr də hər hansı mirası qəbul etməyiblərsə, bu halda bankın borcun ödənilməsi ilə bağlı ailə üzvlərinə qarşı iddia qaldırması əsassızdır və belə iddianın təmin olunması mümkün deyil”.
 
Mehin Mehmanqızı
 
Seçilən
17
moderator.az

1Mənbələr