Azərbaycan təbii qazının Türkiyə ərazisi ilə Suriyaya nəql olunması ölkənin enerji ixracı tarixində mühüm mərhələdir və Cənubi Qafqaz ilə Yaxın Şərq arasında yeni enerji körpüsünün əsasını qoyur.
"Report"un məlumatına görə, bunu Azərbaycan Respublikasının iqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarov
Azərbaycan qazının ixrac olunduğu ölkələrin sayının 14-ə çatdığını söyləyən nazirin sözlərinə görə, SOCAR-ın planları daha böyükdür və hazırda SOCAR xaricdə qaz hasilatı layihələrində paylar əldə edərək şirkətə məxsus qazı yeni istehlakçı ölkələrə çatdırmağı planlaşdırır.
SOCAR-ın Müşahidə Şurasının sədri Azərbaycanın həyata keçirdiyi strateji enerji layihələrindən bəhs edərək, bu təşəbbüslərin ölkəmizin regional və qlobal enerji təhlükəsizliyinin təmin olunmasında əvəzsiz rola malik olduğunu bildirib. Nazir qeyd edib ki, Türkiyə-Suriya Təbii Qaz Boru Xəttinin açılışı ilə Azərbaycandan Suriyaya qaz nəqlinin başlanması ölkəmizin etibarlı və strateji enerji təchizatçısı olduğunu bir daha nümayiş etdirir. Bu layihə ölkəmizin qaz ixrac coğrafiyasının yeni istiqamətlər üzrə genişləndirilməsinə mühüm töhfələr verəcək.
Suriyanın energetika naziri Məhəmməd Əl Bəşir uzun illər davam edən müharibədən əziyyət çəkən Suriyada rifahın yaxşılaşdırılması və ölkənin bərpası istiqamətində göstərdiyi dəstəyə görə Azərbaycan və Türkiyə dövlətlərinə təşəkkürünü bildirib.
SOCAR ilə birlikdə Azərbaycan qazının Türkiyə-Suriya sərhədində təhvil verilməsini nəzərdə tutan “swap” (mübadilə) razılaşmasının imzalandığını bildirən Türkiyə Respublikasının energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar kədərli və sevincli günlərdə daim Türkiyənin yanında olan Azərbaycanın bu layihədə də dəstəyini əsirgəmədiyini qeyd edib. Azərbaycanın təbii qazının Kilis vasitəsilə Suriyaya ixrac olunacağını söyləyən nazir “Yavuzlu Ölçmə” Stansiyasından gündəlik 6 milyon kubmetr təbii qazın nəql olunacağını bildirib.
Alparslan Bayraktar Suriyaya qaz ixracı nəticəsində oradakı elektrik stansiyalarının da yaxın zamanda fəaliyyətə başlayacağını deyib. İlkin mərhələdə Suriyaya ildə 2 milyard kubmetrə qədər təbii qaz ixracı mümkün olacaq. Bu təbii qaz vasitəsilə təqribən 1200 meqavatlıq quraşdırılmış güc aktivləşəcək. Bu layihə Suriyada həyatın normallaşmasına çox ciddi töhfə verəcək, insanların həyat səviyyəsini yüksəldəcək və ölkəyə geri qayıdış prosesini sürətləndirəcək.
Azərbaycan nümayəndə heyətinin səfəri çərçivəsində, həmçinin Türkiyə və Suriya nümayəndə heyətləri ilə ikitərəfli görüşləri təşkil olunub. Görüşlərdə enerji sektorunda əməkdaşlığın genişləndirilməsi imkanları nəzərdən keçirilib, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.