Azərbaycan təbii qazının Türkiyə ərazisi ilə Suriyaya nəql olunması ölkənin enerji ixracı tarixində mühüm mərhələdir və Cənubi Qafqaz ilə Yaxın Şərq arasında yeni enerji körpüsünün əsasını qoyur.
Publika.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının iqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarov 2 avqust 2025-ci il tarixində Türkiyənin Kilis şəhərində Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya nəqlinə başlanılması ilə bağlı tədbidə deyib.
Azərbaycan qazının ixrac olunduğu ölkələrin sayının 14-ə çatdığını söyləyən nazirin sözlərinə görə, SOCAR-ın planları daha böyükdür və hazırda SOCAR xaricdə qaz hasilatı layihələrində paylar əldə edərək şirkətə məxsus qazı yeni istehlakçı ölkələrə çatdırmağı planlaşdırır.
SOCAR-ın Müşahidə Şurasının sədri Azərbaycanın həyata keçirdiyi strateji enerji layihələrindən bəhs edərək, bu təşəbbüslərin ölkəmizin regional və qlobal enerji təhlükəsizliyinin təmin olunmasında əvəzsiz rola malik olduğunu bildirib. Nazir qeyd edib ki, Türkiyə-Suriya Təbii Qaz Boru Xəttinin açılışı ilə Azərbaycandan Suriyaya qaz nəqlinin başlanması ölkəmizin etibarlı və strateji enerji təchizatçısı olduğunu bir daha nümayiş etdirir. Bu layihə ölkəmizin qaz ixrac coğrafiyasının yeni istiqamətlər üzrə genişləndirilməsinə mühüm töhfələr verəcək.
Suriyanın energetika naziri Məhəmməd Əl Bəşir uzun illər davam edən müharibədən əziyyət çəkən Suriyada rifahın yaxşılaşdırılması və ölkənin bərpası istiqamətində göstərdiyi dəstəyə görə Azərbaycan və Türkiyə dövlətlərinə təşəkkürünü bildirib.