Borcun məbləği ÜDM-in 6,5 faizini təşkil edir
2025-ci il iyulun 1-nə olan dövrdə Azərbaycanın dövlət borcu (daxili və xarici dövlət borcu) 25,7 milyard manat təşkil edib ki, bu da Ümumi Daxili Məhsulun (ÜDM) 19,6 faizi deməkdir. Ümumi dövlət borcunun 8,5 milyard manatı (5 milyard dollar) və ya 33,2 faizi xarici dövlət borcunun, 17,1 milyard manatı və ya 66,8 faizi daxili dövlət borcunun payına düşür.
Ötən dövr ərzində dövlət borcunun idarə edilməsi ilə bağlı strategiya sənədində nəzərdə tutulan faiz dərəcəsi riskinin məqbul səviyyədə saxlanılması məqsədilə dəyişkən faizli borcun ümumi borc portfelində payının 50 faizi keçməməsi üzrə yuxarı hədd gözlənilib. Belə ki, dəyişkən faiz dərəcəsi ilə olan öhdəliklər ümumi borc portfelinin 16,4 faizini təşkil edib. Həmçinin, dövlət büdcəsinin borca xidmət xərclərinin dövlət büdcəsi xərclərindəki payı 2025-ci ildə strategiyada nəzərdə tutulan ümumi dövlət borcuna xidmət xərclərinin dövlət büdcəsi xərclərinin 10 faizindən artıq olmaması üzrə yuxarı hədd gözlənilib. Birinci yarımillikdə dövlət borcuna xidmət xərclərinin dövlət büdcəsi xərclərinə nisbəti 6 faiz təşkil edib.
Xarici maliyyə instutlarına olan borc aşağı düşür
Qeyd edilən dövrdə xarici dövlət borcu 5 milyard dollar olmaqla ÜDM-in 6,5 faizini təşkil edib. Xarici dövlət borcu xarici valyuta məzənnələrində baş vermiş dəyişikliklər nəzərə alınmaqla 2025-ci ilin əvvəli ilə müqayisədə mütləq ifadədə 119 milyon dollar və ya 2,4 faiz azalıb. Kredit sazişləri çərçivəsində istifadə olunan vəsait müqabilində 237,1 milyon dollar məbləğində vaxtı çatmış əsas borc ödənişlərinin həyata keçirilməsi xarici dövlət borcunun azalmasını şərtləndirib. İlk 6 ayda xarici dövlət borcunun ÜDM-ə nisbəti 2025-ci ilin əvvəli ilə müqayisədə 0,4 faiz bənd azalıb.
Faiz növləri üzrə bölgüyə gəldikdə, xarici dövlət borcunun tərkibində dəyişkən faiz dərəcəsi ilə olan öhdəliklər borcun 49,3 faizini, sabit dərəcə ilə olanlar isə 50,7 faizini təşkil edib. Xarici dövlət borcunun 49,9 faizi 5 ilə qədər olan müddətdə, 44,1 faizi 5 ildən 10 ilə qədər olan müddətdə, 6 faizi isə 10 ildən yuxarı olan müddətdə kreditorlara qaytarılmalı olab borc öhdəlikləridir.
Hökumətin xarici borc portfelində ən böyük pay Asiya İnkişaf Bankına (AİB) məxsusdur - bu qurumdan cəlb edilmiş borlar 1,75 milyard dollar və ya 2,97 milyard manat həcmində olub və ümumi portfelin 34,9 faizin təşkil edib.
İkinci yerdə avroinvestorlar qərarlaşıb - onların payına 1,39 milyard dollar və ya 2,36 milyard manat (27,7 faiz) düşür. Üçüncü ən böyük kreditor isə Dünya Bankıdır - 738,6 milyon dollar və ya 1,26 milyard manat həcmində borc ilə portfeldəki payı 14,7 faizdir. Yeri gəlmişkən, DB-dən cəlb edilmiş öhdəliklərin həcmi eyni dövrü ilə müqayisədə 17,5 faiz azalıb.
İslam İnkişaf Bankı (245,4 milyon dollar), Avropa Yenidənqurma və İnkişaf Bankı (232,1 milyon dollar), Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi (189,3 milyon dollar) və Asiya İnfrastruktur və İnvestisiya Bankı (124,1 milyon dollar) sonrakı yerləri turur. Bundan əlavə, müxtəlif digər beynəlxalq və ikitərəfli mənbələrdən cəlb edilmiş kreditlərin həcmi 405,1 milyon dollar və ya 688,6 milyon manat olub.
Avrobondların həcmi borc portfelində 27,7 faizə çatıb
Yeri gəlmişkən, xarici dövlət borcu portfelinin tərkibində qiymətli kağızların da çəkisi əhəmiyyətli yer tutur. Hazırkı borc portfelinin təxminən 27,7 faizi və ya 1 milyard 388 milyon dolları məbləğində olan hissəsini beynəlxalq maliyyə bazarında ticarət olunan xarici valyuta nominallı dövlət istiqrazları (avrobondlar) təşkil edir. Xatırladaq ki, Azərbaycan ilk dəfə avrobond yerləşdirməsini 2014-cü ildə həyata keçirib və sonrakı illərdə bir neçə dəfə beynəlxalq bazarlardan bu üsulla vəsait cəlb edilib. Hazırda ölkənin xarici borc strukturunda avrobondlar ikinci ən böyük komponentdir.
Borcun valyuta ilə strukturunda isə əsas yer dollar öhdəlikləridir. Belə ki, xarici dövlət borcunun 85,1 faizi dollarla cəlb edilmiş vəsaitlərdir. Borcun tərkibində avro 6,5 faiz, Beynəlxalq Valyuta Fondunun xüsusi borc üzrə öhdəlikləri 3,4 faiz, yapon yeni 3,3 faiz, digər valyutalar isə 1,7 faiz təşkil edib.
Dövlət adından, yəni dövlətin zəmanəti ilə dövlət şirkətləri və ya əhmdar cəmiyyətlərin xarici maliyyə institutlarından cəlb edilmiş vəsaitlərinin strukturunda ən böyük borc yükü “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinə məxsusdur. Bu təşkilatın borc portfeli 918 milyon dollar və ya 1,56 milyard manat təşkil edir. “Azərbaycan Dəmir Yolları” QSC-nin öhdəliyi 748,3 milyon dollar və ya 1,27 milyard manata bərabərdir. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi üzrə xarici borcun həcmi 671,3 milyon dollar, Naxçıvan MR Dövlət Su Ehtiyatları Agentliyi üzrə isə 192 milyon dollar, Kənd Təsərrüfatı Nazirliyi 63,5 milyon dollar həcmindədir. Qalan icraçı qurumların payına 444,4 milyon manat ekvivalentində borc düşür.
Beləliklə, borcun 58,1 faizi müxtəlif dövlət qurumları tərəfindən həyata keçirilən layihələr və proqramlar üzrə cəlb olunmuş xarici vəsaitlərdir. Bu struktur dövlət zəmanətli layihələrin əhəmiyyətli həcmini və müxtəlif sektorlarda xarici maliyyələşmənin rolunu əks etdirir.
Daxili dövlət borcu da 1,5 milyard manata yaxın azalıb
Borc balansında daxili dövlət borcu 17,1 milyard manat olmaqla ÜDM-in 13,1 faizini təşkil edir. Daxili dövlət borcu 2025-ci ilin əvvəli ilə müqayisədə 1,5 milyard manata yaxın (7,9 faiz) azalıb. Bu, ilin əvvəli ilə müqayisədə ÜDM-ə nisbətdə 1,7 faiz bənd azalma deməkdir. Daxili dövlət borcunun strukturuna gəlincə, həmin vəsaitlərin 8 milyard manatını dövriyyədə olan dövlət qiymətli kağızları, 9,1 milyard manatdan çox hissəsini isə hökumətin üzərinə götürdüyü dövlət zəmanətli öhdəliklər təşkil edir.
Daxili borcun tərkibində mühüm yer tutan dövlət qiymətli kağızları daxili maliyyə bazarının inkişafının dəstəklənməsi məqsədilə son illər əsas priortet təşkil edir və 2018-ci il ilə müqayisədə dövriyyədə olan dövlət qiymətli kağızlarının həcmi təqribən 7,6 dəfə artıb. Dövriyyədə olan dövlət qiymətli kağızlarının 12,9 faizi 1 illik, 57 faizi 2 və 3 illik, 30,1 faizi isə 5 il və daha artıq müddətli qiymətli kağızlarının payına düşür. Dövlət istiqrazları üzrə Orta Ödəmə Müddəti (OÖM) 2,93 təşkil edir. Cari ilin birinci yarımili ərzində dövlət istiqrazları üzrə OÖM-ün artırılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində uzunmüddətli dövlət istiqrazlarının emissiyası həyata keçirilib.
2025-ci ilin birinci yarımili ərzində 2025-ci il üzrə dövlət büdcəsinin dövlət borcuna xidmət xərclərindən daxili dövlət borcu üzrə öhdəliklərin yerinə yetirilməsinə 328,7 milyon manat vəsait istifadə edilib. Bununla yanaşı, dövlət istiqrazları üzrə ümumilikdə 2,9 milyard manatdan çox vəsait əsas borc ödənişlərinə yönəldilib. Həmin vəsaitin 1,5 milyard manat məbləğində hissəsi təkrar maliyyələşdirmə, o cümlədən 1,4 milyard manatı dövlət istiqrazlarının vaxtından əvvəl geri alınaraq daha uzunmüddətli dövlət istiqrazlar ilə əvəz edilməsinə sərf olunub.
Dünyada və Cənubi Qafqazda ən az xarici borca malik ölkə
Azərbaycan hazırda borcun vəziyyətinə görə, dünyanın ən sabit ölkələr sırasında yer alır. Ölkəmiz regionda xarici borcun ÜDM-də nisbətinə görə, ən yaxşı ölkələr qrupundadır. Ölkəmizdə borcun ÜDM-də payı 6,5 faiz təşkil edir ki, bu da dünya miqyasında ən aşağı göstəricidir. Beynəlxalq praktikada xarici borcun ÜDM-də nisbəti 50 faizi ötdükdə bu, təhlükəli hədd sayılır. Borcun məbləğinin yüksək olması ölkənin ümumi xarici öhdəliklərini pisləşdirməklə yanaşı, milli iqtisadi təhlükəsizliyinə də mənfi təsir göstərir.
Azərbaycan xarici borcun bu nisbətinə görə, MDB, Asiya və Şərqi-Avropa regionu ölkələrinin əksəriyyətindən xeyli yaxşı mövqedədir. Belə ki, Cənubi Qafqaz regionu ölkələrində xarici borcun ÜDM-də nisbəti 40-50 faizə bərabərdir. Ermənistan xarici borcun həcminə görə, bu bölgədə ən təhlükəli ölkələr sırasındadır, bu ölkənin xarici dövlət borcu 2025-ci ilin birinci yarısında 12,6 milyard dollar olmaqla ÜDM-in 55 faizini təşkil edir. Gürcüstanın da borc yükü Azərbaycana nisbətdə xeyli yüksəkdir. Bu ölkənin xarici borcunun ÜDM-ə nisbəti 44 fazidən yuxarıdır.
Avropa regionunda və Cənubi Qafqaz ölkələri qrupunda borcun strateji rezervlərin nisbətinə görə də, Azərbaycan ən yaxşı mövqeyə malikdir.
2025-ci il iyulun 1-ə olan müddətdə Azərbaycanın strateji valyuta ehtiyatları (Dövlət Neft Fondu və Mərkəzi Bankın birgə rezervləri) 77,7 milyard dollara bərabər olub ki, bu da xarici dövlət borcunun təqribən 15,5 dəfə üstələnməsi deməkdir. Digər region ölkələrindən Ermənistanda rezervlərin həcmi 5,3 milyard dolar olmaqla borcdan 2,2 dəfə azdır. Gürcüstanın strateji ehtiyatlarının həcmi isə 13,6 milyard dolar olmaqla təxmini olaraq borcdan azdır.
Borclanma ilə bağlı təmkinli siyasət yürüdülür
Xarici borcla bağlı digər bir məqam beynəlxalq bazarlarda yeni borc alma imkanlarının səmərəliliyi və ölkənin reytinqi ilə bağlıdır. Azərbaycanın ÜDM-ə nisbətdə aşağı borc səviyyəsi və yüksək strateji valyuta ehtiyatları ölkəmizin tədiyyə qabiliyyəti barədə beynəlxalq maliyyə bazarlarında olduqca müsbət rəy formalaşdırıb. Həmçinin ölkəmizdə ictimai-siyasi, iqtisadi və sosial sabitlik, aydın ifadə olunmuş siyasi iradə və perspektivlər xarici borclar üçün risk səviyyəsini aşağı salır. Belə ki, xarici maliyyə institutları borclarını azaldan ölkələrə növbəti borc paketi ayırarkən daha aşağı faizlə və uzunmüddətli şərtlərlə verir. Çünki, borcu qaytarma imkanları yaxşıdır. Bu baxımdan bu gün Dünya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Asiya İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Səudiyyə Fondu və digər beynəlxalq institutlar Azərbaycana ən sərfəli kreditlər təklif edirlər. Azərbaycan həmin sərfəli təklifləri nəzərə alaraq Böyük Qayıdışın sürətlə icra olunduğu şəraitdə öz iqtisadi məqsədləri üçün səmərəli borclanmaya getməyi də istisna etmir.
ELBRUS CƏFƏRLİ