BAKI, TurkicWorld
Qlobal istiləşmənin təsiri ilə Aralıq dənizi hövzəsində, xüsusilə də Türkiyədə quraqlıq və səhralaşma riski hər il daha da artır.
TurkicWorld xəbər verir ki, BMT-nin son hesabatına görə, Türkiyə ərazisinin 88 faizi səhralaşma təhlükəsi ilə üzləşib və 21-ci əsrin sonuna qədər ölkədə yağıntıların 30 faiz azalacağı proqnozlaşdırılır.
Birləşmiş Millətlər Təşkilatının 2023–2025-ci illəri əhatə edən “Dünya Quraqlıq Qaynar Nöqtələri” adlı hesabatı Aralıq dənizi hövzəsində ciddi iqlim risklərini ortaya qoyur. Hesabatda qeyd olunur ki, bölgədəki temperatur artımı torpağın rütubətini azaldır, yeraltı suların səviyyəsini aşağı salır və buxarlanmanı artıraraq su ehtiyatlarını təhlükə altına salır.
Bu istiqamətdə aparılan elmi araşdırmalardan biri də İstanbul Texniki Universitetinin (İTÜ) iştirakı ilə reallaşdırılıb. Dosent, inşaat mühəndisi, Prof. Dr. İsmayıl Dabanlının da daxil olduğu beynəlxalq tədqiqat qrupu 27 ölkədən 68 alimlə birlikdə Aralıq dənizi hövzəsində 150 illik (1871–2020) yağıntı rejimini analiz edib. 23 mindən çox meteoroloji stansiyanın məlumatları üzərində aparılan araşdırmada məlum olub ki, yağıntıların ümumi miqdarı dəyişməsə də, temperatur artımı səbəbilə torpağın rütubəti əhəmiyyətli dərəcədə azalıb.
Prof. Dr. Dabanlının sözlərinə görə, temperatur artımı, torpağın quruması və yeraltı suların çəkilməsi səhralaşma prosesini sürətləndirir. O bildirir ki, xüsusilə Türkiyənin Ege və Cənub bölgələri – Mərmərədən Hakkariyə qədər olan xəttin cənubundakı ərazilər – bu prosesdən daha çox təsirlənir. Burada həm yağıntı miqdarı daha az, həm də temperatur artımı daha yüksəkdir.
Digər tərəfdən, Türkiyənin Səhralaşma və Eroziya ilə Mübarizə Baş İdarəsinin hazırladığı risk xəritəsinə əsasən, ölkənin təxminən 20-22 faizi yüksək səhralaşma riski daşıyan bölgə hesab olunur. Bu isə kənd təsərrüfatı və su ehtiyatlarına ciddi təhdid yaradır.
Prof. Dr. Dabanlı qeyd edir ki, quraqlıqla səhralaşma anlayışları tez-tez qarışdırılsa da, səhralaşma daha uzunmüddətli və davamlı dəyişikliklərə əsaslanan prosesdir və bu səbəbdən onunla mübarizə daha mürəkkəb və strateji yanaşma tələb edir.