Yeniazerbaycan saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Dəhlizi manipulyasiya edənlərin məqsədi?
İran çıxılmaz vəziyyətdə, Ermənistan isə son qərar ərəfəsində
Post-müharibə dövründə Azərbaycanın yerləşdiyimiz coğrafiya üçün yaratdığı yeni reallıqların ən mühüm konturları əməkdaşlıq, təhlükəsizlik və iqtisadi inkişaf üzərində cəmlənir. Müharibədən dərhal sonra 3+3, Zəngəzur dəhlizi kimi təşəbbüslərlə çıxış edən Azərbaycan məhz regional təhlükəsizlik və əməkdaşlıq predmetləri üzərindən bölgədə yeni münasitbətlər sisteminin qurulması üçün səy göstərir. Bu isə öz növbəsində bütün sferalarda gələcək inkişaf trayektoriyalarının istiqamətlənməsinə şərait yaradır. Adıçəkilən təşəbbüslər iqtisadi sferada yeni bir nizama yol açır. Artıq Şərq-Qərb kotenti üzrə əlaqələndirmədə yeni bir yol təqdim edilir. Bu, xüsusilə Mərkəzi Asiya - Cənubi Qafqaz - Kiçik Asiya iqtisadi geostrateji məkanı üçün yeni inkişaf mərhələsi formalaşır. Vurğulandığı kimi, təşəbbüslərin reallaşması ilə ən əsas ştrixlərdən sayılan təhlükəsizlik arxitekturası daha da güclənəcək və gələcək yüzilliyin proyekti kimi qiymətləndirilən, dünyanın yeni dönəmdə əsas ticarət xətti kimi mahiyyət kəsb edən Şərq-Qərb tranzitinin effektivliyi, etibarlılığı və mahiyyəti oturuşacaq.
Xaçaturyanın “qapısı” - Zəngəzur sözündən niyə qorxurlar?
Təəssüfləndirici haldır ki, Bakının irəli sürdüyü bu təşəbbüslər, xüsusilə də Zəngəzur dəhlizi ilə bağlı müddəalar bir sıra dövlətlər, daha doğrusu, bəzi siyasi qruplar tərəfindən manipulyasiyaya məruz qalır. Məsələn, bu xəttin mahiyyətini və ölkəsi üçün nələr demək olduğunu yaxşı anlayan Ermənistan siyasi rəhbərliyi min bir cəhdlə əhatə dairəsinə görə regional, mahiyyətinə görə isə qlobal miqyasa malik Zəngəzur dəhlizi üzərindən siyasi oyunlar qurmağa çalışırlar. Belə ki, Ermənistan hakimiyyəti Zəngəzur dəhlizini “Sünik qapısı” adlandırmağa başlayıb. Bu barədə “Past” qəzeti məlumat yayıb. Nəşr yazır ki, Ermənistan hakimiyyəti Zəngəzur dəhlizi ilə bağlı yeni təbliğat kampaniyasına başlayıb. Bildirilir ki, Ermənistan prezidenti Vaaqn Xaçaturyan üç günlük işgüzar səfərlə Sünik vilayətinə (Qərbi Zəngəzur) gedib, burada yerli hakimiyyət orqanları və hüquq-mühafizə orqanlarının əməkdaşları ilə məsləhətləşmələr aparıb və bölgənin ölkənin gələcək inkişafı üçün qapıya çevriləcəyini bəyan edib. “Əgər biz Sünikin qapılarını aça bilsək, 43 kilometrlik (Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında yerləşən -red.) yolu nəzərdə tuturam, bu, gələcək inkişaf baxımından böyük imkanlar təqdim edir”, - Xaçaturyan bildirib.
“Ermənistan hökuməti onu “Sünikin qapısı” adlandırmaqla mahiyyət etibarilə Zəngəzur dəhlizi ifadəsinin mənfi təsirini aradan qaldırmağa çalışır”, - qəzet yazıb və əlavə edib ki, İrəvan bununla Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında qapı açmaq istəyir.
Zəngəzur dəhlizi açılacaq - Ermənistan rəhbərliyi bunu anlayır...
Göründüyü kimi, Ermənistan yenə də köhnə “musiqi”dən əl çəkmək istəmir - onlar, Zəngəzur dəhlizini özləri üçün “təhlükə” saymaqla əslində, spekulyasiya edirlər. Çünki Azərbaycan dövləti dəfələrlə bəyan edib ki, bizim heç kimin torpağında gözümüz yoxdur. Bizim tələbimiz Azərbaycandan Azərbaycana, yəni, ölkənin əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa quru əlaqəsinin yaranması və problemsiz hərəkət etməyimizdir. Bu dəhlizin iqtisadi dividendləri bizim üçün Naxçıvanla quru yola paralel xarakter daşıyır. Yəni, ortadakı iqtisadi perspektivlər daha çox Ermənistanı maraqlandırmalı və düşündürməlidir. Zəngəzur dəhlizinin açılmasına mane olan İrəvan bununla özünün dalan ölkə statusunda qalmasını təmin edir. Bir müddət öncə dəhlizin Ermənistandan keçən şissəsinin ABŞ şirkətinə icarəyə verilməsi ilə bağlı məsələni ortaya atan Ermənistan indi fərqli “bəyanat” verir. Görünən budur ki, İrəvan anlayır ki, dəhliz bu və ya digər şəkildə açılacaq - indiki halda, prosesi öz “maraqlarına” uyğun istiqamətləndirməyə çalışırlar.
Zəngəzur dəhlizinin İrana faydası - Tehran qatı rənglərdən əl çəkməsə...
Zəngəzur dəhlizinə münasibətdə qonşu İran dövlətinin də mövqeyi birmənalı deyil - məsələn, bir müddət əvvəl İran ali rəhbərinin müşaviri Əli Əkbər Vilayəti Zəngəzur dəhlizi ilə bağlı məsələyə toxunaraq bunu ölkəsinin düşmənlərinin “geosiyasi layihə”si kimi dəyərləndirmiş və bildirmişdi: “Bu, müqavimət oxunu zəiflətməyə və İranın Qafqazla əlaqəsini kəsməyə yönəlmiş strateji plandır”.
Eyni zamanda, Tehranın İrəvandakı diplomatik korpusunun rəhbəri Mehdi Sübhani də Zəngəzur dəhlizini yenidən “qırmızı xətt” adlandıraraq, hətta ABŞ şirkətinin dəhlizin Ermənistandan keçən hissəsi ilə bağlı təkliflərini qəbuledilməz adlandırmışdı. İran prezidenti Məsud Pezeşkian isə bunların əksinə olaraq bildirib ki, qonşularla yaxşı münasibətlər varsa, İran rəsmiləri Zəngəzur dəhlizinin yaradılması ilə bağlı ciddi narahatlıq keçirməməlidirlər. Pezeşkian fikrini belə davam etdirib: “Qonşular və region ölkələri ilə münasibətlərin, əməkdaşlığın genişləndirilməsinə kompleks şəkildə baxsaq, ölkənin şimal-qərbindəki sərhəd keçidləri problemi də daxil olmaqla, bəzi daha xüsusi məsələlər barədə narahat olmağa dəyməz. Biz qonşularla münasibətlərimizə sərhəd maneələrinin aradan qaldırılması və iqtisadiyyatlarımızın geniş birləşməsi kontekstində baxmalıyıq”. O, bu istiqamətdə həssaslığı azaltmalı və konstruktiv qarşılıqlı əlaqələrin genişləndirilməsi barədə düşünməyin vacibliyini vurğulayıb.
Göründüyü kimi, İran dövlətinin bir qism siyasətçiləri Zəngəzur dəhlizini “düşmən” elan edir, digər bir qismi isə layihənin Tehrana da siyasi, iqtisadi və ticari imkanlar qazandıracağına, bölgədə təhlükəsizliyin daha da güclənməsinə yol açacağını düşünür. Proseslərin inkişafı göstərir ki, Vilayətinin “qatı mövqeyi” Zəngəzur dəhlizinin gələcəyi ilə bağlı gedən fəaliyyətə zərrə qədər təsir etmək imkanına malik deyil. Əksinə, İran dövləti və siyasi cameəsi məsələyə Prezident Pezeşkianın irəli sürdüyü “səmimi qonşuluq, təhlükəsiz region” tezisi üzərindən yanaşsa, daha məqbul olacaq. Prezident Pezeşkianın qalan bir illik prezidentliyi dövründə Zəngəzur dəhlizi də daxil olmaqla Tehranın bölgəsəl məsələlərə yanaşmasının yumşaldılması, reallıqlar üzərindən hərəkət edilməsinin vacibliyi tezisini önə sürdüyünün şahidi oluruq. Bunun əsas səbəblərindən biri isə İranın klassik regional siyasətinin mühüm predmetlərinin sıradan çıxmasıdır. Prezident Pezeşkian Vilayəti və onun kimi düşünənlərə izah etməyə çalışır ki, illərdir ki, İranın bölgədə xüsusi maraqlarını qorumaqla “görəvləndirilən” “Hizbullah”, Əsəd hakimiyyəti, husi hərəkatı, “Sədr hərəkatı” kimi dayaqları sıradan çıxıb. Zəngəzur dəhlizi Erəmnistanla yanaşı həm də İranın gələcək inkişafı üçün “nəfəslik” statusu daşıyı bilər. Azərbaycanın təşbbüsü ilə ortaya çıxan bu layihə Şərq-Qərb kontenti ilə yanaşı Qlobal Cənubun Şərq və Qərb regionları ilə əlaqələrinin güclənməsinə də yol aça bilər. Bunun üçün isə Vilayəti və Sübhaninin “bəyanatlarında” əks olunan qatı rənglər aradan qaldırılmalı, İran qonşuları ilə səmimi münasibətlər formalaşdırmalıdır...
P.İSMAYILOV
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.