AZ

Qəbələ və Qobustan qoruqları arasında əməkdaşlıq əlaqələri qurulur

Qəbələ, 2 avqust, Mustafa Dadaşov, AZƏRTAC

Qəbələ Dövlət Tarix-Bədii Qoruğu və Qobustan Milli Tarix-Bədii Qoruğu arasında əməkdaşlıq əlaqələrinin və təcrübə mübadiləsinin aparılması məqsədilə görüş keçirilib. Qəbələ qoruğunda təşkil olunan tədbirdə qurumların rəhbər işçiləri və əməkdaşları iştirak ediblər.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qəbələ Dövlət Tarix-Bədii Qoruğunun direktoru Zahir Kərimov məlumat verib.

Qonaqlar əvvəlcə qoruğun tarixi məkanlarından olan Antik şəhər, Səlbir və Qala ərazilərinə səfər edərək, burada dövrü olaraq aparılmış arxeoloji qazıntılar və konservasiyalarla yaxından tanış olublar.

Sonra Qəbələ Arxeoloji Mərkəzinin sərgi salonuna baxış keçirilib. Qonaqlara mərkəzin yaradılması və bu sahədə SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının gördüyü işlər, sərgi salonundakı tarixi əhəmiyyətə malik tapıntılar barədə ətraflı məlumat verilib.

Arxeoloji Mərkəzin akt zalında keçirilən tədbirdə Qəbələ Dövlət Tarix-Bədii Qoruğunun direktoru Zahir Kərimov qonaqlara qoruğun fəaliyyətindən danışıb. Diqqətə çatdırılıb ki, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeçiliyində fəaliyyət göstərən Qəbələ Dövlət Tarix-Bədii Qoruğu 1976-cı ildə yaradılıb. Ümumilikdə 420 hektar ərazini əhatə edən qoruq 3 tarixi məkandan - Antik şəhər yeri, Səlbir və Qala ərazilərindən ibarətdir.

Direktor bildirib ki, Azərbaycan tarixinin daha da geniş təbliğ edilməsi, qoruq ərazisinə gələn turistlərin digər qoruqlara yönəldilməsi, qarşılıqlı əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi vacib məsələlərdən biridir.

Tədbirdə Qobustan Milli Tarix-Bədii Qoruğunun direktoru Vüqar İsayev çıxış edərək, qoruqlar arasında əməkdaşlıq əlaqələrinin qurulmasının əhəmiyyətindən söz açıb, bu istiqamətdə görüşlərin davam etdirilməsinin vacibliyini vurğulayıb.

Bildirilib ki, qoruqlar arasında təcrübə mübadiləsinin aparılması kollektiv üzvlərinin bilik və bacarıqlarının daha da genişləndirilməsinə müsbət təsir göstərir.

Seçilən
23
1
azertag.az

2Mənbələr