Son günlər Ağdaşın Ləki kəndində baş verən və sonu intiharla nəticələnən “cehiz “ əhvalatı medianın və sosial platformaların gündəmini zəbt edib. Kənd sakini, 23 yaşlı Qiyas İsmayılzadə yaşadığı evdə özünü asıb. Bir neçə gün sonra toyu olacaq gəncin intiharına səbəb kimi anasının gəlinin gətirdiyi cehizi bəyənməməsi və bu üzdən ailələr arasında yaranan narazılıq göstərilir. Nəticədə gənc həyatına qəsd etməklə valideynlərinə etiraz edib. Qiyasın ölüm xəbərini eşidən qız da ağır psixoloji sarsıntı keçirib...
İndi ictimaiyyət “təəssüf ki, hələ də xoşbəxtliyi bahalı cehizdə, zinət əşyalarında görən ailələr çoxdur”, - deyərək, gənclərin həyatına valideynlərin bu cür müdaxiləsini lənətləyir.
Cəmiyyəti hərəkətə gətirməli olan bir hadisə
“Bu, əslində SOS siqnalı çalınacaq və cəmiyyəti hərəkətə gətirməli olan bir hadisədir. Təəssüf ki, bu cür halların sayının artdığını görürük”, - deyə millət vəkili Ceyhun Məmmədov hadisəyə münasibət bildirir: “Valideyn üçün övladının sağlamlığı, həyatda olması cehiz məsələsindən daha önəmlidir. Təəssüf ki, bu gün valideynlərimiz də bir sıra hallarda öz missiyalarını yerinə yetirmirlər. Boşanmaları təhlil edəndə də görürük ki, əsas səbəb valideynlərin gənc ailələrə həddən artıq müdaxilə etməsidir”. Millət vəkili bu gün cəmiyyətdə deqradasiyanın sürətlə artmasından, güclü mənəvi aşınmadan, dəyərlərin transformasiyasından da narahatlığını bildirir: “Bu cür hadisələr də dəyərlərin, ənənələrin zəifləməsi nəticəsində baş verir. Təəssüf ki, getdikcə daha çox istehlakçı, maddi cəmiyyət oluruq. Təbii ki, burada təhsilin, dünyagörüşün, intellektual səviyyənin də rolu var. Əslində telekanallar verilişlərdə kimlərinsə boşanmasını, parlaq həyatlarını yox, bu tip məsələləri qabartmalıdırlar. Valideynlərə tövsiyə olunmalıdır ki, övladları ilə diqqətlə rəftar etsinlər, öz davranışları ilə onları intihara, yanlış yola sövq etməsinlər. Çünki sonrakı peşmançılıq heç bir fayda verməyəcək. Valideynlərlə, gənclərlə davamlı maarifləndirmə işi aparılmalıdır. Əgər bunu etməsək, gələcəkdə belə halların sayı daha da artacaq!”
“Süni intellektdən danışa-danışa süni cəhalətə gedirik”
Ədəbiyyatşünas alim, professor Rüstəm Kamal bütün dünya xalqlarında cehiz vermək ənənəsinin olduğunu bildirir: “Cehiz xoşbəxtliyin simvoludur və gənc ailəyə kömək kimi nəzərdə tutulur. Hətta Amazon, Afrika meşələrində yaşayan qəbilələrdə də cehiz vermək ənənəsi var. Amma bu, “Qaynana” filmindəki kimi “maşın-maşın cehiz” miqyasında da, bir qol saatı da ola bilər. Cehiz ata evi ilə qızın bağlılığının simvoludur. Bu ritualın üzərindən də gənc ailələrə basqılar edilir. Baş verən faciədə olduğu kimi, - bu ailələrin, valideynlərin cahilliyi üzündən iki gəncin sevgisi nakam oldu”. Professor hesab edir ki, toy və yas adət-ənənələrinə dövlət səviyyəsində nizam gətirilməlidir: