Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Bakı, 2 avqust, AZƏRTAC
Amerika Birləşmiş Ştatları və Avropa İttifaqı arasında son illərdə bir çox sahələrdə fikir ayrılıqları müşahidə olunsa da, bu dəfə ziddiyyətin mərkəzində söz və ifadə azadlığı dayanır. ABŞ və Avropa arasında gərginlik yaradan əsas məsələ Avropada sosial şəbəkələrin və onlayn platformaların fəaliyyətinə tətbiq edilən yeni məhdudiyyətlər və tənzimləmələrdir. Vaşinqton bu addımların söz azadlığına ciddi zərbə vurduğunu və demokratik prinsiplərlə uzlaşmadığını bildirir.
ABŞ rəsmiləri Avropa İttifaqının dezinformasiyaya və nifrət nitqinə qarşı mübarizə adı altında həyata keçirdiyi bu məhdudiyyətləri “senzuralı söz azadlığı” kimi qiymətləndirirlər. Onların fikrincə, Avropanın texnoloji platformalara məzmun üzərində nəzarəti gücləndirməsi, istifadəçilərin paylaşım imkanlarını məhdudlaşdırması və bəzi hallarda hesabların silinməsi demokratiya üçün təhlükə yaradır və totalitar tendensiyaları xatırladır.
Bu sözləri AZƏRTAC-a açıqlamasında politoloq Züriyə Qarayeva söyləyib.
O bildirib ki, Avropa İttifaqı öz mövqeyində israrlıdır. Brüssel hesab edir ki, yeni rəqəmsal qaydalar, o cümlədən Rəqəmsal Xidmətlər Aktı ictimai təhlükəsizliyi qorumaq, yalan məlumatların yayılmasının qarşısını almaq və onlayn mühitdə nifrət nitqinə qarşı effektiv mübarizə aparmaq üçün zəruridir. Onlara görə bu tədbirlər azadlığı yox, əksinə daha sağlam və təhlükəsiz informasiya mühiti formalaşdırmaq məqsədi daşıyır.
“Nəticədə ABŞ və Avropa İttifaqı arasında söz və media azadlığına yanaşma fərqləri dərinləşməkdədir. ABŞ daha liberal və müdaxiləsiz informasiya axınına üstünlük verərkən, Avropa daha çox tənzimlənmiş və məsuliyyətli media məkanını müdafiə edir. Bu ideoloji qarşıdurma, həm də gələcəkdə Qərbin informasiya siyasətində daha genişmiqyaslı dəyişikliklərin xəbərçisi ola bilər”, - deyə politoloq vurğulayıb.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.