AZ

Konstantin Zatulinin Azərbaycana qarşı qərəzli mövqeyinə Tural Gəncəliyevin münasibəti

ain.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.

“Rusiya parlamentində Azərbaycanla bağlı mövqeyində qərəzli və aqressiv yanaşması ilə tanınan deputat Konstantin Zatulin növbəti dəfə qeyri- konstruktiv və təxribat xarakterli açıqlaması ilə gündəmə gəlmişdir. O, bəyan etmişdir ki, əgər Azərbaycan mediasında Rusiya toponimlərinin dəyişdirilməsi halları baş verərsə, Rusiya Azərbaycandan gələn qatar və təyyarələrin qəbulunu dayandıra bilər. Qeyd etmək istərdim ki, toponimlərin dəyişdirilməsi praktikasının və bu istiqamətdə qeyri-konstruktiv yanaşmaların ilkin təşəbbüskarı məhz Rusiyanın özüdür”.

Bu sözləri Gununsesi.info -ya açıqlamasında Milli Məclisin deputatı Tural Gəncəliyev bildirib:

“Belə ki, Rusiya KİV- lərində və bəzi rəsmi dairələrində Azərbaycanın suveren ərazisi olan Xankəndi şəhərinin adının dəyişdirilərək təqdim olunmasl, beynəlxalq hüquq normalarına və dövlətlərin ərazi bütövlüyünə açıq-aşkar hörmətsizlik nümunəsidir. Bu səbəbdən cənab Zatulin ilk növbədə bu sualı öz ölkəsinin müvafiq strukturlarına ünvanlamalıdır: Nə üçün Rusiya mediası Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi olan Xankəndi şəhərini yanlış toponimlərlə təqdim edir və buununla da regional sabitliyə, qarşılıqlı etimada və ikitərəfli münasibətlərə zərbə vurur?

Rusiya Dövlət Dümasının bəzi nümayəndələri, o cümlədən Konstantin Zatulin, anlamalıdırlar ki, hazırda Rusiya Qərb və NATO ilə qarşıdurma şəraitindədir və bu fonda ölkənin bir çox nəqliyyat və kommunikasiya xətləri  tamamilə iflic vəziyyətindədir, məhdudiyyətlərlə üzləşir. Belə bir şəraitdə Azərbaycan üzərindən keçən, Orta Dəhliz kimi tanınan və beynəlxalq miqyasda böyük əhəmiyyət kəsb edən nəqliyyat- logistika xəttinin fəaliyyətinə zərbə vurmaq təklifi, əslində Rusiyanın maraqlarına qarşı yönəlmiş ziyanlı yanaşmadır. Çünki bu marşrut həm region üçün, həm də Rusiya üçün nadir funksional nəqliyyat alternativlərindən biridir. Zatulinin iddia etdiyi kimi, Azərbaycandan gələn qatar və təyyarələrin Rusiya tərəfindən qəbulunun dayandırılmasə, nəticə etibarilə, daha çox Rusiyanın iqtisadi və logistik maraqlarına zərbə vuracaq, nəinki Azərbaycanın. Çünki Azərbaycan bu gün qlobal nəqliyyat və kommunikasiya infrastrukturunda strateji oyunçuya çevrilmişdir və regional əməkdaşlığın mühüm tənzimləyicisidir.

Digər tərəfdən qeyd olunmalıdır ki, Azərbaycan heç vaxt toponimlərin dəyişdirilməsi məsələsində ilk təşəbbüskar olmamış və bu məsələni mühbahisə predmentinə çevirməyi məqsədəuyğun hesab etməmişdir. Lakin son dövrlərdə Rusiya mediasında Azərbaycanın suveren ərazisi olan Xankəndi şəhərinin adı qəsdən təhrif edilərək təqdim olunduğundan, Azərbaycan bu yanaşmaya cavab olaraq adekvat addımlar atmağa məcbur qalmışdır.

Azərbaycan dövləti artıq o mərhələni geridə qoymuşdur ki, onun ərazi bütövlüyünə qarşı beynəlxalq ikili standartlarla yanaşılsın. Xüsusilə ATƏT- in keçmiş Minsk Qrupunun həmsədrliyi çərçivəsində, illərlə Azərbaycanın tarixi adlarının təhrif olunaraq təqdim edilməsi, ölkəmizin suveren hüquqlarına və milli kimliyinə qarşı açıq hörmətsizlik nümunəsi olmuşdur. Bu gün isə Azərbaycan öz suverenliyini, milli maraqlarını qətiyyətlə qorumağı bacaran güclü dövlətdir. Azərbaycan heç kimdən qeyri- real güzəştlər və ya birtərəfli addımlar tələb etmir – sadəcə beynəlxalq hüquqa və qarşılıqlı hörmət prinsipinə uyğun davranış gözləyir”.

Deputat vurğulayıb ki, Azərbaycan hər zaman beynəlxalq hüququn prinsiplərinə sadiq bir dövlət olaraq çıxış etmiş, dövlətlərin ərazi bütövlüyünü, suverenliyi və daxili işlərinə qarışmamaq kimi fundamenal norma və prinsipləri müdafiə etmişdir:

“Əgər Konstantin Zatulin Azərbaycandan gələn təyyarə və qatarların Rusiya ərazisinə girişinin məhdudlaşdırılması ilə bağlı fikirlər səsləndirirsə, bu cür açıqlamaların nəticəsiz qalmayacağını və cavab reaksiyası ilə qarşılaşa biləcəyini də bilməlidir. Rusiya mediasının və bəzi parlamentarilərin Azərbaycanın toponimlərini və tarixi kontekstini təhrif etməyə cəhd etməsi, nəinki ikitərəfli münasibətlərə, həm də Rusiyanın regionda etibarlı tərəfdaş imicinə zərər yetirir.

Unudulmamalıdır ki, hazırda Rusiya geniş coğrafi anlamda Böyük Avrasiya məkanında yerləşir və onun çoxsaylı regionları, o cümləsən Tatar və Türk sivilizasiyalarının tarixi əraziləri üzərində formalaşmışdır. Bu səbəbdən, toponim və tarixi kimlik məsələlərini siyasi vasitəyə çevirmək, potensial olaraq Rusiyanın özü üçün daha ciddi və arzuolunmaz nəticələr doğura bilər.

Azərbaycan bu məsələdə hər zaman təmkinli və prinsipial mövqe sərgiləmişdir. Amma bu, o demək deyil ki, milli maraqlarımızın pozulmasına və ya daxili işlərimizə müdaxilə cəhdlərinə qarşı səssiz qalacağıq. Əksinə, Azərbaycan hər zaman olduğu kimi, milli maraqlarının keşiyində dayancacaq və istənilən platformada öz haqq səsini qaldırmaqdan çəkinməyəcək. Bu cür qarayaxma kampaniyalarına son qoyulmalı, dövlətlərası münasibətlər qarşılıqlı hörmət və bərabərlik prinsipləri əsaında qurulmalıdır”.

Gununsesi.info 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
29
icma.az

1Mənbələr