AZ

Suriyanın enerji təlükəsizliyinə töhvə Azərbaycanın geosiyasi mövqeyini daha da gücləndirəcək RƏY

ain.az, Qaynarinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Suriyanın enerji təlükəsizliyinə töhvə Azərbaycanın geosiyasi mövqeyini daha da gücləndirəcək.

Bunu "Report"a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.

O qeyd edib ki, Azərbaycan mavi qazının Suriyaya nəqli Azərbaycanın qaz ixrac coğrafiyasını daha da genişləndirməsinə gətirib çıxara bilər:

"Azərbaycan qazının Suriyaya nəql edilməsi tarixi hadisədir. Uzun müddət vətəndaş müharibəsi yaşayan və dağıdılan Suriya yeni mərhələdə Azərbaycan qazı vasitəsi ilə öz enerji təhlükəsizliyini gücləndirəcək. Ancaq bu, Azərbaycanın geosiyasi rolu baxımından da önəmlidir. Nəzərə alsaq ki, Yaxın Şərqdə post-müharibə dövründə bütövlükdə qaz kəmərlərinin bərpası həyata keçirilir, Suriyaya çatdırılacaq Azərbaycan mavi qazı artıq bərpa olunan kəmərlər vasitəsilə növbəti mərhələdə İordaniya və Misirə qədər nəql edilə bilər. Praktiki olaraq bu ondan xəbər verir ki, Azərbaycan mavi qaz ixracatında destinasiyanın genişlənməsi müşahidə olunacaq”.

Deputat vurğulayıb ki, mövcud layihə hesabına Azərbaycan yalnız region və Avropanın deyil, eyni zamanda, Yaxın Şərqin enerji təhlükəsizliyinə daha yaxından töhfə vermək imkanına malik olacaq:

"Bu, Azərbaycanın geosiyasi mövqeyinin daha da güclənməsinə və regional enerji təhlükəsizliyinin formalaşmasındakı rolunun artmasına gətirib çıxaracaq. Azərbaycan mavi qazı vasitəsilə elektrik enerjisinin hasil edilməsi növbəti mərhələlədə Azərbaycanın elektrik enerjisi ixrac etdiyi ölkələrin də sayının artmasına səbəb ola bilər. Məlumdur ki, Azərbaycan yaşıl enerjini Avropa bazarına çıxarmaq niyyətindədir və 2027-ci ildən etibarən bunun reallaşması gözlənilir. Amma artıq Avropa ilə yanaşı, Yaxın Şərqə elektrik enerjisinin ixrac imkanları var. Nəticə etibarilə bu elektrik enerjisi vasitəsilə Azərbaycanın enerji məhsulları üzrə ixrac diversifikasiyasının yaranmasına gətirib çıxara bilər”.

İqtisadçı onu da bildirib ki, bütün bu anlaşmalar həm də SOCAR-ın investisiya portfelinin coğrafi baxımdan genişlənməsinə səbəb olacaq:

"Son illər biz SOCAR-ın xarici investisiya portfelinin genişləndirməsini və bir sıra ölkələrə sərmayə qoyuluşunu müşahidə edirik. Azərbaycanın Yaxın Şərqin enerji təhlükəsizliyinin formalaşmasındakı rolunun artması həm də bu kimi Azərbaycanın dövlət şirkətləri üçün sərmayə qoyuluş baxımından yeni imkanlar yaradır”.

V.Bayramov söyləyib ki, Suriya Azərbaycan qazını istehlak etməklə öz enerji təhlükəsizliyini gücləndirən 13-cü dövlət olacaq:

"Azərbaycan qazının Suriyaya gündəlik 6 milyon kubmetr ötürmə qabiliyyətinə malik olacaq Kilis-Hələb kəməri vasitəsi ilə nəql edilməsi həmin kəmərin illik ötürmə qabiliyyətini 2 milyard kub metrədək yüksəldə biləcək. Azərbaycan qazı vasitəsi ilə Hələbdə elektrik enerjisi əldə ediləcək və 1200 meqavata yaxın əlavə istehsal planlaşdırılır. Bütövlükdə, Azərbaycan qazından istifadə etməklə Suriya daxili elektrik enerjisi təminatını 2 dəfə yaxın yaxşılaşdıracaq”.

Müsahib onu da diqqətə çatdırıb ki, regionda enerji təhlükəsizliyinin formalaşmasına və güclənməsinə ən çox töhvə verən təşəbbüslərdən biri məhz Cənub Qaz Dəhlizinin reallaşması olub:

"Bu dəhliz nəinki region, bütün Avropa üçün ən vacib təşəbbüslərdən sayılır. Cənub Qaz Dəhlizinin reallaşması Prezident İlham Əliyevin siyasi iradəsi nəticəsində mümkün olub. Layihə müzakirə edilən zaman həm maliyyələşdirmə, həm də boru kəmərinin keçəcəyi coğrafi ərazilərlə bağlı fərqli yanaşmalar vardı. Bütün bunlara rəğmən Azərbaycanın dəstəyi ilə region və qitə üçün əhəmiyyətli hesab olunacaq layihə reallaşdı. Azərbaycanın reallaşdırdığı layihələr artıq təbii qazın Türkiyə, Avropaya və artıq Suriyaya çatdırılmasını təmin edir. Məhz, Prezident İlham Əliyevin siyasi iradəsi nəticəsində regional enerji təhlükəsizliyin daha da güclənməsinə nail olundu”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
27
1
qaynarinfo.az

2Mənbələr