İngiltərə və Uelsdə 2024-cü ildə yeni doğulan körpələrə verilən ən populyar adlar açıqlanıb. Rəsmi statistikalara görə, oğlan uşaqları arasında “Məhəmməd” (Muhammad) adı yenə birinci olub. Birləşmiş Krallığın Milli Statistika İdarəsinin (ONS) məlumatına əsasən, bu ad yalnız “Muhammad” yazılışında 5.721 körpəyə verilib və bu, ötən illə müqayisədə 23% artım deməkdir.
News24.az Haber Global-a istinadən xəbər verir ki, Məhəmməd adını “Nuh” (Noah) və “Oliver” izləyib. Bu üç ad keçən ilki sıralamanı qoruyub.
Qız adlarında isə “Olivia” və “Amelia” ardıcıl üçüncü dəfə ilk iki yeri qoruyublar. Keçən il ilk üçlükdə olan “Isla” adı isə “Lily” tərəfindən sıxışdırılaraq ilk üçlükdən düşüb. “Olivia” adı 2006-cı ildən bəri ilk üçlükdən çıxmayıb. 2024-cü ildə bu ad 2.761 qıza verilib.
ONS məlumatları yalnız adların konkret yazılışına əsaslanaraq tərtib edilib. Lakin Daily Mail qəzetinin analizinə görə, “Muhammed”, “Mohammad” və digər variantlarla birlikdə bu ad artıq on ildən çoxdur ki, Birləşmiş Krallıqda ən çox verilən oğlan adı olaraq qalır.
Qız adlarında “May” (May) ən sürətlə yüksələn ad olub – 14 pillə irəliləyərək ilk 25-ə daxil olub. 1.592 qıza bu ad verilib. “Bonnie” də 10 pillə irəliləyib.
Oğlan adlarında isə “Rory” və “Elijah” ən sürətli yüksəliş göstərən adlar olub.
Tarixi baxımından “Muhammed” adının müxtəlif versiyaları ilk dəfə 1924-cü ildə Birləşmiş Krallıqda populyarlaşmağa başlayıb. Həmin il “Mohammed” 91-ci sıradan ilk 100-lüyə daxil olub. 1980-ci illərin ortalarından etibarən “Muhammad” yazılışı isə sürətlə populyarlıq qazanaraq ən çox seçilən versiyaya çevrilib.
Xeyrənsə Piriyeva