AZ

"Putinin cavabı və Trampın reaksiyası tarixin yeni səhifəsini aça bilər" - Vüqar Dadaşov

Yazını böyüt
Yazını kiçilt

"Tarix bəzən təkcə təkrarlanmır, həm də təzyiqin rəsmi üslubu kimi istifadə edilir. ABŞ Prezidenti Donald Tramp Rusiyaya Rusiya-Ukrayna müharibəsinin dayandırılması və atəşkəsin elan olunması üçün verdiyi 50 günlük müddəti konkret 10 günə endirib və bu müddətdən artıq bir həftədən az vaxt qalıb. Tramp ABŞ-ın bu müddətdən sonra atacağı addımları daha dərin iqtisadi sanksiya və izolyasiya siyasəti kimi təqdim etsə də, bu, faktiki olaraq qlobal təhlükəsizlik nəbzi kimi qəbul edilir".

Bunu hafta.az-a açıqlamasında siyasi şərhçi Vüqar Dadaşov bildirib.

Siyasi ekspert vurğulayıb ki, bu ritorika müəyyən mənada XX əsrin ən kəskin geosiyasi qarşıdurmalarından biri olan 1962-ci il Karib böhranını xatırladır:

"1962-ci ilin oktyabrında ABŞ kəşfiyyatı Sovet İttifaqının Kubaya orta mənzilli nüvə başlıqlı raketlər yerləşdirdiyini aşkar etdi. Prezident Con F.Kennedy SSRİ-yə dərhal və qeyd-şərtsiz şəkildə bu raketlərin sökülməsi və geri çəkilməsi üçün ultimatum verdi. Əks halda ABŞ hərbi müdaxiləyə hazır olduğunu elan etdi. Sovet rəhbəri Nikita Xruşşov əvvəlcə Kennedinin ultimatumuna susdu. Sonra ard-arda iki məktub göndərdi. Məktublardan biri sülhpərvər, digəri isə Türkiyədəki ABŞ raketlərinin çıxarılması şərtini irəli sürmüşdü. Kennedy yalnız birinci məktuba cavab verdi, ikinci məktub isə diplomatik şəkildə nəzərə alınmadı. Nəticədə SSRİ Kubadan raketlərini geri çəkdi, ABŞ isə gizli şəkildə Türkiyədəki "Jupiter" raketlərini sökdü. Dünya real nüvə müharibəsinin astanasından geri döndü.

Donald Trampın verdiyi 10 günlük müddətə hələ Kremlin cavabı yoxdur. Dünya isə narahatlıqla gözləyir. Qalan günlər ərzində Rusiya-Ukrayna münaqişəsinin atəşkəslə nəticələnməməsi və ya Kremlin bu ultimatumun mahiyyətinə rəsmi cavab verməməsi yeni mərhələnin başlanğıcı ola bilər. Diplomatiyadan kənar təzyiq alətləri - iqtisadi, siyasi və ya kibernetik cəbhələşmələr - tam mümkün hesab edilir.

Tarixçilər deyirlər ki, Xruşşov Kennedinin ultimatumuna dərhal cavab vermədi və bu, psixoloji təzyiq və saymazlıq kimi Kennedini çox narahat və yuxusuz etmişdi. İndi də Vladimir Putin Xruşşovun təcrübəsində olduğu kimi, Trampın ultimatumuna susaraq cavab verir. Təbii ki, bu da Trampı çox qıcıqlandırır. Bu, soyuqqanlı strateji gözləmədir və cavabsızlığın cavab olduğu bir davranışdır".

V.Dadaşovun fikrincə, Trampın emosional xarakterini nəzərə alsaq, Putinin psixoloji təzyiqinə Trampın vəd etdiyi sanksiya və izolyasiya xəttindən kənara çıxa biləcəyi ehtimalı yüksək görünür. Onun sözlərinə görə, həmin dövrdə siyasət gizli diplomatik kanallar və yazışmalarla aparılırdısa, indi siyasət publik və sosial media üzərindən aparılır:

"Bu vasitə bir növ tərəflərə əlavə təzyiq kimi, daha inadkar olmağa, imici qorumağa məcbur edir ki, bu da müəyyən məsələlərin və siyasi qarşıdurmaların həllini əngəlləyir. Əgər Rusiya - Putin bu 10 günlük müddətdə addım atmasa və Trampın iradəsinə cavab verməsə, bu yalnız diplomatik gərginlik deyil, həm də nüfuz mübarizəsi və liderlik testidir. Tramp bu müddəti seçməklə həm öz lider imicini, həm də ABŞ-ın qlobal statusunu təsdiqləməyə yönəlik bir gediş edib. Gediş sərtdir, cavab sükut. Sükut isə bəzən cavabdan daha sərt olur. Avqustun 1-də Lukaşenko ilə Putin arasındakı son görüş və ortaq bəyanatları ABŞ, ümumən Qərb dünyası və bəzi qüvvələr qarşısında meydanoxuma mesajını ehtiva edir. 2023–2024-cü illərdə Rusiya Belarusa taktiki nüvə silahları yerləşdirmiş və bunların istifadə hüququ Belarus tərəfinə verilib. Putin 2025-ci ilin martında bəyan etdi ki, Rusiyanın hipersəsli "Oreshnik" raketi Belarusda yerləşdiriləcək və məqsədini Minsk müəyyən edir. Lukaşenko və Putinin son görüşündəki açıqlamalar yeni böyük müharibə anonsları və xəbərdarlığı kimi qəbul edilir".

V.Dadaşov ehtimal edir ki, əgər Tramp Putindən bu müddət daxilində cavab almasa, onun reaksiyası təkcə daha dərin iqtisadi sanksiyalar və izolyasiya olmaya bilər:

"Əlbəttə ki, ABŞ-ın Rusiyaya birbaşa hərbi müdaxiləsi inandırıcı deyil. Ancaq Ukraynanın ABŞ-ın istəyi və iradəsi ilə Rusiyaya sarsıdıcı hərbi hücum ehtimalı yüksəlir.

1962-ci ildə Kennedy-Xruşşov qarşıdurmasında müdriklik üstün oldu. 2025-ci ildə Tramp artıq ultimatum verib və müddətdən saylı günlər qalıb. Putinin cavabı və Trampın reaksiyası bəlkə də tarixin tamamilə yeni səhifəsini açacaq".

Seçilən
7
hafta.az

1Mənbələr