AZ

MÜSİAD-ın nümayəndəsi Azərbaycanda görüşlər keçirdi

Azərbaycanda səfərdə olan Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi (MÜSİAD) Mersin şöbəsinin sədri Mehmet Sait Kayanın rəhbərlik etdiyi nümayəndə heyəti bir sıra rəsmi və institusional görüşlər keçirib.

Modern.az xəbər verir ki, nümayəndə heyəti, MÜSİAD Azərbaycan İdarə Heyətinin sədri Rəşad Cabirlinin müşayiəti ilə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Birol Akgünlə görüşüb. Səfir Birol Akgün, Azərbaycan və Türkiyənin “bir millət, iki dövlət” şüarı ilə bütün sahələrdə bir-birinə güclü dəstək verdiyini vurğulayaraq, bu həmrəyliyin İkinci Qarabağ müharibəsi və 6 fevral zəlzələsi zamanı bir daha təsdiq olunduğunu qeyd edib. O əlavə edib ki, Azərbaycanın güclü iqtisadiyyatı, təhlükəsiz mühiti, eyni dil və ortaq mədəniyyətə sahib olması ölkəni Türkiyəli iş adamları üçün cəlbedici investisiya məkanına çevirir. Görüşdə, həmçinin səfirliyin ticarət üzrə baş müşavirləri Murat Yaman və Nevzat Bozkurt iştirak edərək, nümayəndə heyətinin suallarını cavablandırıb və Azərbaycandakı iş mühiti ilə bağlı tövsiyələrini bölüşüblər.

Daha sonra nümayəndə heyətinin iştirakı ilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) görüş keçirilib. KOBİA-nın İdarə Heyəti sədrinin birinci müavini Samir Hümbətov, Azərbaycanlı və Türkiyəli iş adamları arasında qarşılıqlı səfərlərin artmasının əhəmiyyətindən bəhs edərək, artan ticarət əlaqələrinin iki ölkənin dövlət başçıları tərəfindən qarşıya qoyulan illik 15 milyard ABŞ dolları ticarət dövriyyəsi hədəfinə yaxın zamanda nail olunmasına töhfə verəcəyinə ümidvar olduğunu bildirib. Görüşdə inşaat, tekstil, qida, logistika, maliyyə və istehsal sahələrində əməkdaşlıq imkanları müzakirə edilib. Eyni zamanda, KOBİA tərəfindən Azərbaycandakı biznes və startap mühiti, investisiya imkanları, işğaldan azad edilmiş bölgələrdə yaradılmış infrastruktur və mövcud imkanlar barədə təqdimat nümayiş etdirilib.

Nümayəndə heyətinin proqramı Azərbaycan Sahibkarlar Konfederasiyasına (ASK) səfərlə davam edib. ASK-nın baş katibi Ziya Hacılı, hazırda 4000-dən artıq Türkiyə şirkətinin Azərbaycanda fəaliyyət göstərdiyini vurğulayaraq, gündən-günə inkişaf edən ikitərəfli əlaqələrin bu sayın daha da artmasına zəmin yaradacağını qeyd edib. Görüş zamanı Qarabağda yaradılan şərait və infrastrukturun kənd təsərrüfatı sahəsində geniş imkanlar yaratdığı bildirilib. ASK tərəfindən sahibkarlara göstərilən dəstəklər və həyata keçirilən fəaliyyətlər barədə nümayəndə heyətinə ətraflı məlumat təqdim olunub.

Səfərin sonunda heyət MÜSİAD Azərbaycan Dərnəyi mərkəzində təşkil edilən görüşdə MÜSİAD Azərbaycan İdarə Heyətinin üzvləri və təşkilatın digər üzvləri ilə bir araya gəlib. Görüşdə MÜSİAD Azərbaycan sədri Rəşad Cabirli və MÜSİAD Mersin şöbəsinin sədri Mehmet Sait Kayan tərəfindən şöbələrin fəaliyyəti və gələcək layihələri barədə təqdimat edilib. Rəşad Cabirli çıxışı zamanı Azərbaycanın strateji mövqeyi və 10 ölkə ilə mövcud Azad Ticarət Sazişləri sayəsində Müstəqil Dövlətlər Birliyi ölkələrinə gömrüksüz çıxış imkanına malik olduğunu diqqətə çatdırıb.

Görüş çərçivəsində, Azərbaycanın Türkiyəli iş adamları arasında daha yaxından tanıdılması məqsədilə nəşr olunan “Azerbaycana gelmek üçün 101 neden” adlı kitab nümayəndə heyətinə təqdim olunub.

Seçilən
23
1
modern.az

2Mənbələr