Əgər II Dünya müharibəsi illərində internet və rəqəmsal KİV mövcud olsaydı, bəlkə də o dövrün insanları da teleekranlarda və yazılı mətbuatda bu gün Rusiya mediasında baş verənlərə bənzər mənzərənin şahidi ola bilərdilər. O vaxt faşizm ideologiyasının ən ciddi ruporu kino və sənədli filmlər idi. Faşizmin ideoloqları da bu resurslardan maksimum şəkildə yararlanırdılar.
İndi bu funksiyanı üzərinə rəqəmsal media və TV götürüb ki, bunun da bariz nümunəsini biz Rusiyada əyani şəkildə izləyirik. Bombalamağa, yer üzündən silməyə, nüvə silahını işə salmağa, işğal etməyə çağırışlar Rusiya telekanallarının efirindən səslənən ən adi mesajlardır. Digər xalqları aşağılamaq, rus identikliyinin fövqəladə üstünlüyünü göstərməyə çalışmaq sanki mavi ekranlara çıxan aparıcı və “ekspert”lərin öhdəlik götürdükləri ən əsas missiyadır. Son günlər bu vəzifələrə daha biri də əlavə edilib: obyektiv olmağa çalışan öz vətəndaşlarının da üzərinə hücum çəkib, onları cəmiyyətdə özgələşdirmək, zorla aqressiv ictimai qınaq obyektinə çevirmək, təhqir etmək...
Azad düşünən hər kəs hədəfdədir
Əslində, bu xətt Ukraynadakı müharibənin ilk günündən tətbiq edilməyə başlandı. Yüzlərlə jurnalist, politoloq ölkədən qaçaraq canlarını qurtarmağa çalışdı. Bugünkü Rusiyada onları “inoagent”, yəni xarici casus “status”una “layiq görüblər”. Belə çıxır ki, indi Rusiyada Solovyov, Simonyan, Babayan, Keosyan və s. kimi düşünə bilməyən, işğal, yaxud məhv etmək çağırışları səsləndirməyənlər sadəcə, “casus”durlar...
Rusiyanın mərkəzi şəhərlərindən kənarda bölgələr var ki, ərazisinin 70-80%-də normal su təchizatı və kanalizasiya yoxdur. Sivilizasiyanın ən primitiv əlamət və tələblərinin olmadığı bir dövlət digərlərinə, ələlxüsus da qonşularına bu aqressiv tərzlə hansı inkişaf, tərəqqi və çiçəklənmə vəd edə bilər?
“Daxili düşmən” və “milli xəyanətkar” axtarışı
Ötən həftə Rusiyanın informasiya resurslarında müasir rus şovinizmi maşınının tırtılları altına salınan daha iki “xəyanətkar”ın linçlənməsi müşayiət olundu. Hər cümləsindən qan fışqıran, hərdən adamda “bunlar reallıqla əlaqəni tam itiriblər” təəssüratı yaradan XXI əsr rus ideologiyasının simaları – Solovyov və onun “təmiz rus” olan erməni şərikləri özlərinə yeni təhdid hədəfləri tapıblar: yuxarıda adları çəkilən Qusman və Markov. Nədir ki, onlar Şuşada keçirilən III Qlobal Media Forumunda iştirak edib, Azərbaycanın dövlət başçısına sualla müraciət edib, ünvanına xoş sözlər işlədiblər.