AZ

Türkmənistanın özəl sektoru innovasiya və davamlı inkişafın mühərriki

Oxu.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Türkmənistan qlobal proseslərin fəal iştirakçısı və çoxtərəfli diplomatiya prinsiplərinin tərəfdarı olmaqla Birləşmiş Millətlər Təşkilatı (BMT) ilə əməkdaşlıq edərək mütərəqqi inkişaf yolunu nümayiş etdirir.

Oxu.Az xəbər verir ki, bu barədə Türkmənistanın hökumətinin saytında dərc edilən məqalədə qeyd olunur.

Yazıda vurğulanır ki, məhz yuxarıda qeyd edilən əməkdaşlığın nəticəsi olaraq avqust ayında Türkmənistanın Avaza şəhərində Birləşmiş Millətlər Təşkilatının dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr üzrə üçüncü konfransı baş tutacaq.

Türkmənistanın bu foruma ev sahibliyi etməsi onun regional və beynəlxalq siyasətdəki rolunun, eləcə də davamlı inkişafa və tərəfdaşlığa sadiqliyinin nümunəsidir.

Qeyd olunur ki, hazırda Türkmənistanda sülhməramlı və humanitar fəaliyyət, dayanıqlı inkişaf məqsədlərinə nail olmaq kimi ənənəvi əməkdaşlıq sahələrindən əlavə, iqtisadi inkişaf sahəsində BMT ilə qarşılıqlı əlaqələrin nəzərəçarpacaq dərəcədə genişlənməsi müşahidə olunur.

Buraya təkcə hökumətin təşəbbüsləri deyil, həm də Türkmənistanın özəl sektorunun birgə layihə və proqramların həyata keçirilməsinə getdikcə daha fəal cəlb edilməsi daxildir.

Məhz bu aspekt - BMT ilə əməkdaşlıq və qarşıdan gələn BMT-nin dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr üzrə üçüncü konfransı kontekstində sahibkarlığın rolu xüsusi diqqətə layiqdir.

Bildirilir ki, Türkmənistan son illər iqtisadiyyatın şaxələndirilməsi və bazar münasibətlərinin inkişafı kursunu götürüb, bu da özəl sektorun mövqelərinin xeyli möhkəmlənməsinə səbəb olub.

Türkmənistanda sahibkarlıq müxtəlif sektorları - kənd təsərrüfatı və istehlak mallarının istehsalından tutmuş, tikinti və yüksək texnologiyalara qədər aktiv şəkildə inkişaf edir. Güzəştli kreditlərin verilməsi, vergi güzəştləri və ölkədə əlverişli investisiya mühitinin yaradılması kiçik və orta biznesin böyüməsində əsas rol oynayır.

Bundan əlavə, vətəndaşların sahibkarlıq cəhdlərinin və investisiya fəaliyyətinin stimullaşdırılması, dövlət əmlakının özəlləşdirilməsi və səhmdar cəmiyyətlərinin yaradılması, bazar iqtisadiyyatı şəraitində elmi əsaslarla iqtisadi siyasətin aparılması daxili bazarın yerli məhsullarla tam təmin edilməsi ilə nəticələnir.

"Made in Turkmenistan" brendinin yaradılması və onun təyin edilməsi meyarlarının müəyyənləşdirilməsi yerli istehsalçıların məsuliyyətini, eləcə də beynəlxalq bazarda rəqabətədavamlı məhsul istehsalçısı kimi Türkmənistanın nüfuzunu, ixrac potensialını artırır və investisiyaların cəlb olunmasına xidmət edir.

Qeyd olunur ki, Türkmənistanda özəl sektor innovasiyaların hərəkətverici qüvvəsinə çevrilir və yeni iş yerlərinin yaradılmasına kömək edir, eyni zamanda, ölkənin ÜDM-nin formalaşmasına mühüm töhfə verir. Həmçinin yerli sahibkarlar müasir texnologiyalara fəal şəkildə yiyələnir, məhsul və xidmətlərin keyfiyyətini artırır, beynəlxalq bazarlara çıxırlar. Bu dinamika Türkmənistanın milli biznesin dəyişən şərtlərə uyğunlaşması və qlobal iqtisadiyyatda öz potensialını reallaşdırmaq qabiliyyətini təsdiqləyir.

Dövrün diktəsinə uyğun olaraq, Türkmənistanda elmi-tədris bazasının təkmilləşdirilməsinə xüsusi diqqət yetirilir. Belə ki, Türkmənistanın daimi neytrallıq statusu almasının 30, BMT-nin yaradılmasının 80 illiyinin qeyd olunduğu 2025-ci ildə daxili sahibkarlıq tarixində keyfiyyətcə yeni mərhələ açılır, onun sürətli inkişafı milli iqtisadiyyatın formalaşmasında əsas amillərdən biri olaraq rəqabətqabiliyyətli olaraq qalır.

BMT-nin dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr üzrə üçüncü konfransı çərçivəsində Türkmənistanın kiçik və orta biznesinin mövqelərinin gücləndirilməsi və onların qlobal təchizat zəncirlərinə inteqrasiyası üçün unikal platformaya çevriləcək Özəl Sektor Forumunun təşkili planlaşdırılır.

Konfrans çərçivəsində sahibkarlıq, investisiyaların cəlb edilməsi, logistika və nəqliyyat dəhlizlərinin inkişafı, ticarət əlaqələrinin genişləndirilməsi məsələlərinə dair xüsusi sessiyalar və tədbirlər keçiriləcək. Türkmənistanlı sahibkarlar öz layihələrini təqdim etmək, digər ölkələrdən olan həmkarları ilə təcrübə mübadiləsi aparmaq və yeni işgüzar əlaqələr qurmaq imkanı əldə edəcəklər. Bu, qarşılıqlı faydalı sazişlərin bağlanması və birgə təşəbbüslərin həyata keçirilməsi üçün əlverişli şərait yaradacaqdır.

Konfransda rəqəmsallaşmaya və özəl sektorda innovativ texnologiyaların tətbiqinə xüsusi diqqət yetiriləcək. Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr rəqabət qabiliyyətini təmin etmək üçün yeni yollar tapmaq zərurəti ilə üzləşirlər və rəqəmsal həllər bu prosesdə əsas vasitələrdən biri ola bilər. Türkmənistanın özəl sektoru artıq bu sahədə mühüm uğur nümayiş etdirib və onun təcrübəsi konfransın digər iştirakçıları üçün faydalı ola bilər.

Qeyd edək ki, Aşqabadda dövlətə məxsus ticarət müəssisələrinin rəqəmsallaşdırılması planlarının həyata keçirilməsində Türkmənistanın Ticarət və Xarici İqtisadi Əlaqələr Nazirliyinin Kompüter Texnologiyaları Mərkəzinin Çinin aparıcı şirkətlərindən olan "Hengsheng Lianhua Investment Management Co" və "Tongfang Hongkong Limited" ilə əməkdaşlığı mövcuddur.

Türkmən sahibkarlığı təkcə ənənəvi fəaliyyət sahələri ilə məhdudlaşmır. Getdikcə daha çox şirkət davamlı inkişafı təşviq edən innovativ layihələrə, o cümlədən enerjiyə qənaət edən texnologiyaların tətbiqi, bərpaolunan enerji mənbələrinin inkişafı, ekoloji cəhətdən təmiz məhsulların istehsalı və resursa qənaət üsullarının tətbiqi kimi investisiyalara yatırım edir.

Məsələn, kənd təsərrüfatı sahəsində fermerlər mütərəqqi kənd təsərrüfatı texnologiyalarından, damcı suvarma sistemlərindən və üzvi əkinçilik üsullarından fəal şəkildə istifadə edirlər ki, bu da məhsuldarlığı artırmaqla yanaşı, həm də su ehtiyatlarından səmərəli istifadə etməyə imkan verir. Sənaye sektorunda ekoloji idarəetmə standartlarını tətbiq edən və tullantıları azaldan müəssisələrin sayı artır.

Bundan əlavə, türkmən sahibkarları təhsil, səhiyyə və mədəniyyətə dəstək olmaqla sosial layihələrin həyata keçirilməsində fəal iştirak edirlər. Bu, ölkədə sosial məsuliyyətli, cəmiyyətin inkişafındakı rolunu dərk edən və prioritet problemlərin həllinə töhfə verən biznesin formalaşdığını nümayiş etdirir.

BMT-nin İnkişaf Proqramının (UNDP) BMT-nin Uşaq Fondunun (UNICEF) BMT‐nin Ticarət və İnkişaf üzrə Təşkilatının və digər BMT agentlikləri ilə əməkdaşlıq vasitəsilə türkmən sahibkarları qabaqcıl biliklərə, texnologiyalara və ən yaxşı qlobal təcrübələrə çıxış əldə edirlər.

Bu, onların məhsullarının rəqabət qabiliyyətini artırmağa və yeni bazarlara çıxmaq imkanlarını genişləndirməyə kömək edir. Qadın sahibkarlığının inkişafı proqramları, innovativ layihələr, startaplara dəstək belə qarşılıqlı əlaqənin bariz nümunəsidir. BMT-nin dəstəyi ilə təşkil olunan beynəlxalq sərgilərdə, forumlarda və ticarət missiyalarında iştirak türkmən şirkətlərinə dünyanın hər yerindən potensial tərəfdaşlar və investorlarla birbaşa əlaqələr qurmağa imkan verir. Bu, ixrac çeşidinin şaxələnməsinə və xarici ticarət dövriyyəsinin artmasına kömək edir.

Beləliklə, BMT-nin dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr üzrə üçüncü konfransı çərçivəsində Türkmənistanda Özəl Sektor Forumunun keçirilməsi ölkədə sahibkarlığın inkişafı tarixində mühüm mərhələ olacaq və onun beynəlxalq aləmdə mövqeyini əhəmiyyətli dərəcədə möhkəmləndirəcək. Bu tədbir türkmən biznesinə və onun imkanlarına maraq yaratmaqla yanaşı, bazar mexanizmlərinin daha da inkişafı və xarici investisiyaların cəlb edilməsi üçün stimul olacaq. Beləliklə, Türkmənistan dövlətinin özəl sektorunun dinamik inkişafı Birləşmiş Millətlər Təşkilatı ilə fəal əməkdaşlıqla birlikdə uzunmüddətli davamlı artım üçün möhkəm zəmin yaradacaq. Sözügedən konfrans avqustun 5-i Türkmənistanın Avaza şəhərində baş tutacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
30
oxu.az

1Mənbələr