AZ

Sənədsiz evlərə görə bələdiyyələr 1 milyarddan çox "MƏNFƏƏT" əldə edə bilər

"Azərbaycanda sənədsiz evlərin və qeydiyyatsız torpaq sahələrinin sayı yarım milyondan çoxdur."

Bu sözləri Modern.az-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə bildirib.

Ekspertin sözlərinə görə, bu evlərin böyük əksəriyyəti bələdiyyə torpaqları üzərində tikilib və müxtəlif səbəblərdən rəsmiləşdirilməyib:

“Sənədsiz evlərin əsas səbəbi hüquq müəyyənedici sənədlərin olmamasıdır. Əsasən bələdiyyələrin razılaşdırılmamış şəkildə satdığı torpaq sahələri və ya vətəndaşların özbaşına zəbt etdiyi ərazilər üzərində inşa olunmuş evlər sənədsiz qalır”.

Ekspert vurğulayıb ki, 2007-ci ilə qədər bələdiyyələr torpaq satışı zamanı Xəritəçəkmə və Torpaq Komitəsi ilə razılaşdırma aparmalı idi. Hazırda bu funksiyanı Əmlak Məsələləri Dövlət Xidməti həyata keçirir. Lakin keçmişdə bir çox hallarda bu prosedurlar pozulub:

“Bir çox bələdiyyələr razılaşdırma olmadan torpaqları vətəndaşlara satıb, bəzi hallarda isə vətəndaşlar özləri torpaq sahələrini zəbt edərək tikinti aparıblar. Bu səbəbdən həmin evlərin əksəriyyətinin heç bir hüquqi sənədi yoxdur”.

R.Qasımzadənin sözlərinə görə, bu sahədə artıq konkret addımlar atılır və qiymətləndirmə mərhələsinə keçilir:

“Qanunvericiliyə edilən dəyişikliklərə əsasən, torpaqların qiymətləndirilməsi ilə bağlı fəaliyyət tənzimlənir. Əvvəlcə müstəqil qiymətləndirici əraziyə baxış keçirir, daha sonra alqı-satqı prosesi başlaya bilər. Bu, sənədsiz torpaqların leqallaşdırılması üçün ilk mərhələdir”.

Ekspert bildirir ki, problemin köklü həlli üçün dövlət səviyyəsində genişmiqyaslı əmlak amnistiyasına ehtiyac var:

“Həm torpaq sahələrinin, həm də üzərində inşa olunmuş əmlakların leqallaşdırılması üçün hökumət tərəfindən hüquqi və texniki prosedurlar hazırlanmalıdır. Prezident İlham Əliyevin müvafiq fərmanları bu istiqamətdə əhəmiyyətli irəliləyişlərin olacağını göstərir”.

Ramil Qasımzadə qeyd edib ki, sənədləşmənin aparılmaması həm dövlət, həm də vətəndaş üçün itkilərlə nəticələnir:

“Əgər bu proses rəsmiləşdirilsə, dövlət büdcəsinə rüsum və xidmət haqları formasında vəsait daxil olacaq. Vətəndaş isə öz evini sığortalaya, bankdan kredit almaq üçün girov kimi göstərə, qanuni şəkildə istifadə edə biləcək”.

Ekspert eyni zamanda vurğulayıb ki, bəzi hallarda torpaq sahələrinin qeyri-qanuni satışı və gizli alqı-satqı proseslərində maraqlı olan şəxslər bu sahədə islahatların qarşısını almağa çalışırlar:

“Təəssüf ki, bəzi icra orqanlarının və bələdiyyələrin içində olan şəxslər torpaqları qanunsuz zəbt və satmaqla qazanc əldə etdikləri üçün problemin qalmasında maraqlıdırlar. Amma hüquqi mexanizmlər gücləndikcə, bu halların da aradan qaldırılması mümkündür”.

Qeyd edilməlidir ki, sənədsiz evlərin rəsmiləşdirilməsi prosesi sistemli və nəzarətli şəkildə aparılmadığı təqdirdə, bu, ciddi korrupsiya riskləri doğura bilər. İllərlə qeyri-rəsmi şəkildə torpaq və tikili sahibi olan vətəndaşların əmlaklarını rəsmiləşdirmək üçün müraciət etdikləri zaman bəzi yerli idarəetmə orqanları, xüsusilə bələdiyyələr və icra nümayəndəlikləri bu vəziyyətdən sui-istifadə etməyə çalışacağı istisna deyil.

Belə ki,vətəndaşlardan qeyri-qanuni “sənədləşdirmə haqları” adı altında rüşvət və əlavə ödənişlər tələb olunması ehtimalı var. 

Əldə olunan təxmini rəqəmlər də bu riskin miqyasını göstərir. Əgər sənədsiz evlərin sayı 500 min civarındadırsa və onların yalnız yarısından belə qeyri-rəsmi şəkildə orta hesabla 5 min manat tələb olunsa, bu, ümumilikdə 1 milyard 250 milyon manatlıq böyük bir “kölgə mənfəət” bazasının formalaşmasına gətirib çıxara bilər. 

Ona görə də, sənədləşmə prosesinin istənilən mərhələsi yalnız rəsmi qurumların elektron platformalarında, vahid qiymətləndirmə və şəffaf ödəniş mexanizmləri əsasında aparılmalı, ictimai nəzarət alətləri gücləndirilməlidir.

Seçilən
6
1
modern.az

2Mənbələr