Türkiyənin Kilis şəhəri vasitəsilə Azərbaycan təbii qazının Suriyaya çatdırılması strateji və geosiyasi baxımdan çox mühüm hadisədir.
Bu sözləri "Report"a açıqlamasında Siyasi Texnologiyalar Mərkəzinin (STM) prezidenti Vəli Əlibəyov deyib.
Onun fikrincə, bu hadisəyə sadəcə, enerji ixracı məsələsi kimi baxılmamalıdır:
"Bu, Azərbaycanın artan regional rolu və siyasi çəkisinin yeni mərhələyə keçidinin göstəricisidir. Bilirik ki, Azərbaycan uzun illərdir, özünü etibarlı enerji tərəfdaşı kimi təsdiqləyib. Avropa enerji təhlükəsizliyini Azərbaycan üzərindən təmin edir. İndən belə Azərbaycanın enerji ixracı həm də Yaxın Şərqə yönələcək".
V.Əlibəyov bu çərçivədə iki əsas məqama diqqət yetirmək lazım olduğunu vurğulayıb:
"Birinci məqam odur ki, Suriya kimi ciddi enerji böhranı yaşayan bir ölkə Azərbaycanla əməkdaşlığa üstünlük verirsə, bu, Bakıya olan siyasi və iqtisadi etimadın göstəricisidir. İkinci məqam - Azərbaycan bu gün Suriya bazarına daxil olmaqla gələcəkdə Livan, İordaniya, hətta İraq istiqamətində enerji diplomatiyasını genişləndirmək imkanları əldə edə bilər.
Əlbəttə, bu hadisə iqtisadi baxımdan da Azərbaycan üçün çox əlverişlidir. Ölkəmiz təbii qaz ixracını diversifikasiya etməklə həm milli gəlirlərin artmasına, həm də SOCAR-ın regional oyunçu qismində çıxış etməsinə şərait yaradır. Bu, həmçinin, Azərbaycanın qeyri-neft sektoru ilə yanaşı, enerji diplomatiyası vasitəsilə regional iqtisadi inteqrasiyada söz sahibinə çevrildiyini göstərir".