AZ

Azərbaycanda kredit kartlarına limit qoyulub

Azərbaycanda istehlak kreditləri məqsədilə buraxılan kredit kartlarına limit qoyulub.

Bu Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə bir sıra sənədlərdə, o cümlədən «Kredit riskləri, o cümlədən iri kredit riskləri ilə bağlı prudensial normativ və tələblərə dair Qayda»da edilən dəyişikliklərdə nəzərə tutulub.

Sənədə edilən dəyişikliklər nəticəsində istehlak kredit kartları (kredit xətləri) üzrə tənzimləyici çərçivə daha da sərtləşdirilib.

Mərkəzi Bankın apardığı təhlillər göstərib ki, son dövrlər istehlak kreditləri bazarında  kredit kartlarının sayı sürətlə artır. Mərkəzi Bank bildirir ki, bu proses əhalinin gəlirlərinin artımı fonunda baş verir. Bununla yanaşı, müşahidələr göstərib ki, əhalinin borc yükünün onun gəlirlərində payı daha da artmaqdadır.

Nəticədə Mərkəzi Bank bu prosesə limit tətbiq etğməyi qərara alıb. Dəyişikliklərə əsasən, insanların kredit kartı onun xalis vergidən sonrakı gəlirinin maksimum 5 misli ilə məhdudlaşdırılır. Başqa sözlə, bu qaydadan sonra adamlar öz gəlirlərinin maksimum 5 misli qədər istehlak krediti kredit götürə biləcəklər.

Bu qayda və limit tətbiq olunanda müştərinin digər banklardakı kreditləri də nəzərə alınacaq. Yəni ümumi istehlak kreditinin məbləği gəlirlərin 5 mislinin keçməməlidir.

Mərkəzi Bank bildirir ki. yeni qayda müştərilərə istehlak kreditləri veriləndə onların real ödəmə qabiliyyətini müəyyən etməyə və bankların risklərin daha erkən mərhələdə tanıyaraq azaltmağa imkan verəcək.

Qeyd edək ki, Mərkəzi Bankın bu qaydası nağd vəsaitlərlə, habelə bank və qiymətli metallarla təmin edilmiş kredit xətləri borculanlara aid edilmir.

Yeni tələbə əsasən bu limitdən artıq olan istehlak kredit xətlərinin məcmu miqdarı bankın tutulmalardan sonra I dərəcəli kapitalının 1%-dən artıq olmamalıdır.

Mərkəzi Bankın özünün bununla bağlı yaydığı məlumatda deyilir ki, qərarın qəbul edilməsində məqsəd kreditləşmənin daha məsuliyyətli və sağlam aparılmasıdır. Dəyişikliyin əsas məqsədi əhalinin izafi borclanmasının qarşısının alınması və bank sisteminin kapital dayanıqlığının təmin edilməsidir.

«Bu yanaşma, Mərkəzi Bank tərəfindən tətbiq olunan istehlak kreditləri üzrə məsuliyyətli və sağlam borclanma siyasəti ilə uyğunluq təşkil edərək, əhalinin maliyyə yükünün izafi artmasının qarşısını almaqla sosial risklərin minimuma endirilməsini hədəfləyir».

Mərkəzi Bankın qərarı ilə istehlak krediti ilə bağlı banklara da limit qoyulub. Belə ki,

overdraft limitləri kredit xətləri anlayışına daxil edilib, istehlak kreditlərinin xüsusiyyətləri nəzərə alınmaqla istehlak kredit kartları üzrə kreditə konvertasiya əmsalı 40% müəyyən edilib. İstehlak kredit xətlərinin balansdankənar hesablarda olduğu müddətdə həmin xətlər üzrə 100% risk dərəcəsi tətbiq ediləcəkdir.

«Bu yanaşma bankların kapital adekvatlığı göstəricilərinin real risk səviyyələrinə uyğun olmasına və sistem sabitliyinin qorunmasına imkan verəcəkdir»-deyə Mərkəzi Bank bildirir.

AzPost.az

Seçilən
7
azpost.info

1Mənbələr