AZ

Bakıdan Dəməşqə uzanan enerji körpüsü..

Avqustun 2-də Azərbaycan təbii qazının Türkiyə ərazisindən keçərək Suriyaya ixracına başlanılıb. Bu münasibətilə Türkiyənin Kilis şəhərində rəsmi tədbir keçirilib. Yeni ixrac marşrutu Azərbaycan ilə Suriya arasında enerji sahəsində əməkdaşlığın genişləndirilməsi və Azərbaycanın Yaxın Şərq regionundakı fəaliyyətinin intensivləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Layihə həmçinin Azərbaycanın enerji ixracı üzrə coğrafi şaxələndirmə siyasətinin növbəti uğurlu nəticəsi kimi qiymətləndirilir.



Milli Məclisin deputatı Müşfiq Cəfərov Demokrat.az-a açıqlamasında deyib ki, bu gündən etibarən Azərbaycandan Türkiyə gedən təbii qaz Kilisdən Suriyaya ötürüləcək:

“Bu marşrutla tədarük edilən Azərbaycan qazı sayəsində hazırda Suriyada istehsal olunan elektrik miqdarı təxminən iki dəfə artacaq. Ötən ilin dekabrında Suriyada baş verən dövlət çevrilişindən sonra Suriyanın yeni hökuməti Azərbaycanla da diplomatik əlaqələri bərpa edib. Prezident İlham Əliyevin aprelin 11-də Antalyada Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd əş-Şaraa ilə görüşü olub. Görüşdə Azərbaycanda qardaş dövlət Türkiyə ilə birlikdə Suriyanın postmünaqişə dövründə bərpa və inkişafına töhfə verməyə hazır olduğunu bəyan edib və öz dəstəyini əsirgəməyib”.

Deputat bildirib ki, Azərbaycanın enerji ixracı siyasəti 2025-ci ilin ilk yarısında mühüm dönüş nöqtəsinə qədəm qoyub:



“Enerji bazarında baş verən dəyişikliklərdən sonra Bakı öz ixrac coğrafiyasını təkcə Avropa ilə məhdudlaşdırmayaraq Yaxın Şərqə doğru da genişləndirir.

Azərbaycanın Suriyaya təbii qaz ixracına başlaması təkcə kommersiya layihəsi deyil, bu həm də dövlətimizin enerji siyasətinin coğrafiyasını Yaxın Şərqə doğru genişləndirməsidir. Artıq Azərbaycan illik ixrac həcmini genişləndirərək Avropa və Yaxın Şərq bazarlarına çıxış əldə edir.
Əslində Suriya üçün nəzərdə tutulmuş bu layihə Azərbaycanın humanitar və bərpa məsələlərinə dəstək baxımından strateji addımıdır. Beləliklə bu əməkdaşlıq Azərbaycanın regionda etibarlı və məsuliyyətli enerji tərəfdaşı kimi imicini möhkəmləndirməyə xidmət edəcəkdir”.

İqtisadçı-analitik Rəşad Nəcəfzadənin fikrincə, iqtisadi baxımdan bu layihə bir neçə mühüm nəticə doğurur:

“Əvvəla, Azərbaycan uzun illərdir enerji ixracında coğrafi şaxələndirmə siyasəti həyata keçirir. Suriyaya qaz ixracı bu strategiyanın davamı kimi dəyərləndirilə bilər. Yeni bazarın əldə edilməsi həm qaz ixracından əldə olunan gəlirlərin artırılması, həm də bazar risklərinin azaldılması baxımından əhəmiyyətlidir. İkinci vacib məqam Azərbaycanın Yaxın Şərq regionuna qaz ixrac edən enerji oyunçusuna çevrilməsidir. Suriya enerji böhranı ilə üzləşmiş ölkələrdən biridir. Azərbaycan qazının burada istifadəsi iqtisadi əməkdaşlıqla yanaşı, diplomatik təsir imkanlarını da genişləndirir. Bu, Azərbaycanın regionda iqtisadi nüfuzunu artırmaqla yanaşı, enerji vasitəsilə regional sabitliyə töhfə vermək imkanlarını da yaradır. Layihənin tranzit mərhələsi də xüsusi diqqətəlayiqdir”. 

İqtisadçı əlavə edib ki, Türkiyə bu ixrac xəttində əsas tranzit ölkə kimi çıxış edir və bu statusdan əlavə iqtisadi dividentlər əldə edir:

“Eyni zamanda, Ankara-Bakı enerji əməkdaşlığı daha da möhkəmlənir. Bununla belə, layihənin qarşısında müəyyən risklər də var. Suriya hələ də sabitlik baxımından zəif zonadır və bu, layihənin uzunmüddətli dayanıqlığına təsir göstərə bilər. Lakin bu risklər Azərbaycanın enerji siyasətində çevik, cəsarətli və perspektivli qərarlar qəbul etdiyini göstərir. Nəticə etibarilə, Suriyaya qaz ixracı Azərbaycanın enerji diplomatiyasında yeni səhifə açır. Layihə həm iqtisadi gəlir baxımından, həm də regionda geoiqtisadi nüfuzun genişlənməsi baxımından strateji əhəmiyyət daşıyır”.

Leyla Turan
Demokrat.az

Qeyd: Bu yazı Medianın İnkişafı Agentliyinin dəstəyi ilə “azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi” istiqamətində hazırlanıb.
Seçilən
8
demokrat.az

1Mənbələr