Oxu.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
Orxan Tağıyev yazır...
Məqsədə gedən yolda hər üsula ət atmaq, bu yolda hər cür iyrəncliyi rahatlıqla edə bilmək ən böyük riyakarlıqdır. Riyakarlıq isə hər zaman zəiflərin ən böyük silahıdır. Bu, elə bir xislətdir ki, ilk peyda olduğu andan etibarən şəxsin "şəxsiyyəti" barədə fikir söyləməyə əsas verir. Bəlkə də, hər cür xisləti hansısa şəkildə neytrallaşdırmaq mümkündür. Ancaq riyakarlıq təkcə bir xislət deyil, bu, bütün mənfi, insan kimliyinə, şəxsiyyətinə sığmayan meyarların toplusudur.
Bəziləri üçün riyakar olmaq çox sadədir. Bunun üçün xüsusi nəsə etməsinə gərək yoxdur, təbiəti, xarakteri əvvəl-axır onu ələ verir. Ancaq bəs utanmaq hissi? İnsanların gözünün içinə baxa-baxa hər cür yalanı danışanda, hər cür faktı təhrif edib onlara öz "inandıqlarını" sırıyanda, sifarişlərini həqiqət kimi qələmə verəndə utanmaq hissi yaranırmı? Əsla. Utanmadıqdan sonra oynamaq çox asandır inanın...
Gəlin birlikdə utanmadan oynayan bir nəfərin riyakarlığının sərhədlərinə nəzər salaq. Çox da uzağa getmədən, elə şimal qonşumuza səfər edərək...
Nikita Mixalkov - "rusiyalı rejissor və ssenarist". Əslində isə təbliğat maşınının əlaltısı, sadə şəkildə desək, öz fikri olmayan, tapşırılan işləri görən, tapşırığın icrası üçün heç bir əngəl tanımayan, məqsədə çatmaq üçün hər yola əl atan biri…
İndi tapşırığa və icra üsuluna nəzər salaq. Son dövrlərdə siyasi proseslərin gedişatını izləyən hər kəs Rusiyada Azərbaycana qarşı aparılan kampaniyadan xəbərdardır. Demək, tapşırıq da elə bu istiqamətdədir. İcraçı isə rejissor, ssenarist qiyafəsinə bürünmüş Nikita Mixalkovdur. Oturduğu yerdən işinin icrasına başlayan Mixalkov əvvəlcə tarixə qısa bir ekskursiya təşkil edir. Hansı tarixə? Özünün formalaşdırdığı, özünün inandığı, reallıqla yaxından-uzaqdan əlaqəsi olmayan, sadəcə eyni məqsəd uğrunda "çiyin-çiyinə vuruşduğu" bir qrupun xülyası olan…
Sən demə, bizim tarix kitablarında faktlar Rusiya əleyhinə təhrif olunurmuş. Dünyanın ən sivil, humanist, xalqların hüquqlarına hörmətlə yanaşan dövlətlər Çar Rusiyası və keçmiş SSRİ imiş. Burada xalqlar ədalət və hörmətlə idarə olunurmuş, SSRİ-i isə dünya tarixinin ən humanist dövləti imiş.
Azərbaycanın tarix kitablarında bu dövlətin tökdüyü qanlar barədə yalanlar yazılırmış. Bizim tarixçilər özləri uydurublar ki, SSRİ zorla işğal etdiyi ölkələrin xalqlarının qanı ilə qurulub. Əsl tarixi elə bir rusiyalı rejissor qədər bilmirmiş bizim tarixçilər. Həqiqəti ancaq Mixalkov və onun xidmət etdiyi ideologiya bilirmiş.
Sovet İttifaqının işğalçı ordusunun daxil olduğu ölkələrdə törətdiyi qanlı hadisələri bir kənara qoyub sadəcə 1928-1937-ci illərin kollektivləşmə siyasətinə nəzər salaq. Təkcə bu mərhələdə öldürülən şəxslərin sayı 6-13 milyon arasında dəyişir.
Bundan əlavə Sovet İttifaqı hökumətinin qidanı müsadirə etməsi, ətin olmaması, aclığın nəticələrini görməməzlikdən gəlmək, ac qalan əhalinin miqrasiyasını əngəlləyən planlı tədarük məhdudiyyəti kimi fəaliyyətləri nəticəsində 1932-1933-cü illərdə aclıq zamanı həlak olanların ümumi sayının 6-8 milyon arası olduğu vurğulanır.
İndi də bir balaca tarixçilərin fikirlərinə nəzər salaq, Nikita Mixalkovun "tanımadığı" və heç vaxt tanımayacağı tarixçilər görək bu sülh dövləti barədə nələr deyirlər:
"2011-ci ildə Şərqi Avropa arxivlərindəki 20 illik tədqiqatın nəticəsi olaraq, tarixçi Timoti D.Sinder iddia edir ki, Stalin qəsdən milyona yaxın insan öldürüb. 1990-cı illərdə Sovet arxivlərindən gizli məlumatların yayılması, Stalin erasında repressiya qurbanlarının sayının təxminən 9 milyon olduğunu göstərir. Bəzi tarixçilər öz demoqrafik təhlillərinə və Sovet arxivlərində olan məlumatların yayılmasından əvvəl dərc olunan xəbərlərə əsasən ölən insanların təqribən 20 milyon olduğunu iddia edirlər.
Amerikalı tarixçi Riçard Pipes qeyd edir ki, II dünya müharibəsindən əvvəl, kollektivləşdirmə dövründən sonra 1932-1939-cu illərdə aparılan siyahıyaalma prosesi əhalinin 9-10 milyona qədər azaldığını göstərib.
"Böyük Terror"un ən son buraxılışında Robert Konqvest bildirir ki, ölənlərin dəqiq sayı heç vaxt tam əminliklə bilinməsə də, ən azı 15 milyon insan sovet rejimi terrorunun qurbanı olub".
Bütün bu məlumatlar çox sadə şəkildə əldə edə biləcəyimiz məlumatlardır. Sovet dövrünün repressiyalarının qurbanı olmuş azərbaycanlıları unutduğumuzu düşünür cənab Mixalkov?
Formalaşmış bir dövlətin öz daxilində milyonlarla insanı, milyonlarla vətəndaşını qətlə yetirdiyi faktları gün kimi ortada ikən SSRİ qurularkən xalqların qapısını əlində göyərçinlə döymüşdü cənab Mixalkov?
Bu hansı səviyyədə bir riyakarlıqdır? Sovet dönəmində hüquqları tapdalanan insanlar, öldürülən, qətlə yetirilən, aclıqdan dünyasını dəyişən insanların yaxınları siz Rusiyanın imperialist maraqlarına sədaqətlə xidmət edirsiniz deyə, tarixi sizdən öyrənməlidirlər? Səbəb nədir, yoxsa siz müasir dövrün Herodotusunuz? Sizin bildiyiniz tarixi, bu gün Kremlin divarları arxasında yazırlar? Yoxsa siz düşünürsünüz ki, illərin rejissoru bir fikir söyləyirsə, bu qanundur?
Siz nə danışdığınızı çox gözəl bilirsiniz. Elə biz də sizin cavabınızı necə verəcəyimizi bilirik. Çox uzağa getmədən 90-cı illərə qayıdın. 20 yanvarda Bakıda törədilən qətliamı sovet hərbi forması geyinmiş faşistlər törətmişdilər bəlkə? Bəlkə, Xocalıda əli azərbaycanlıların qanına bulaşan 366-cı alay da Berlində igid Azərbaycan oğullarının da hünəri ilə darmadağın etdiyimiz Hitler ordusunun bir hissəsi idi? Ümumiyyətlə sizin tarix dərslikləri ilə əlaqəniz nədir? Bəlkə, bizim üçün öz uydurduğunuz tarixi siz də yazasınız, bir rejissor olaraq, bir əlaltı olaraq, biz də baxaq riyakarlığınızın sərhədlərinə?
Təhsillə bağlı deyirsiniz ki, biz minlərlə azərbaycanlının Rusiyada təhsil aldığı üçün minnətdar olmalıyıq Rusiyaya… Haqlısınız, təhsil millətin gələcəyidir və harada olur-olsun Azərbaycan xalqı təhsil üçün atılan addımları unudan deyil. Bəs haqlı bir sualla sizə müraciət etsək, onda nə deyərsiniz? Əgər SSRİ bu qədər ədalətli, bu qədər qüsursuz idisə, niyə tərkibindəki ölkələrdə də eyni təhsil ocaqları bu qədər deyildi? Niyə eyni təhsil ocaqları, eyni kadrlar Azərbaycanın da hər yerində yox idi ki, Rusiyaya üz tutur sonradan insanlar? Ola bilərmi ki, sovet ideologiyasının əsasındakı ayrı-seçkilik dayanır bunun arxasında? Təriflədiyiniz sovet ideologiyasının xalqların əlindən aldığı haqları sonradan "bizə verdiyinizi" zənn edib, təşəkkür gözləyirsiniz? Tarixə bir cümlə də özünüzdən yazın, çünki tarix bu cür riyakarlıq nümunəsi çətin ki, bir də görə…
Həqiqətlə üzləşməkdən qorxub hücuma keçmək, gözünü yumub ağzını hər cür cəfəngiyyatla doldurmağın çox nümunəsini görmüşük Rusiya mətbuatında… Amma insaf da yaxşı şeydir axı.
Keçək Rusiya-Ukrayna müharibəsi ilə bağlı fikirlərinizə.
Azərbaycan Prezidenti İlham Əliyevin ukraynalı jurnalistin sualına verdiyi cavab, görünür, sizi dərindən sarsıdıb. Azərbaycanın dövlət başçısı Ukrayna xalqına "heç vaxt işğalla barışmamağı" tövsiyə edib.
Cənab Nikita Mixalkov, sizcə başqa bir dövlətin beynəlxalq səviyyədə tanınan ərazisinə qoşun yeritmək, dinc insanların ölümünə səbəb olmaq, şəhərləri, kəndləri, yaşayış məntəqələrini viran qoymaq işğal sayılmır?
Görünür, sayılmır. Uydurduğunuz tarix kitablarında da həqiqətləri bax beləcə öyrənmisiniz? Zənn edirsinizsə, həqiqət sizin iki dodağınızın arasındadır, sadəcə özünüzü aldadırsınız. Tarix artıq yazılıb və insanlar həqiqətləri riyakarlıq prizmasından deyil, olduğu kimi bilirlər. Sizin cəfəng fikirləriniz, uydurma düşüncələriniz, sifarişli sözləriniz heç kimi maraqlandırmır.
Ancaq həddini aşan fikirlər əlbəttə layiqli cavabını alacaq. Bakı səfəriniz barədə "xatirələriniz" də elə aldığınız sifarişin icrasına hesablanıb. Yoxsa hansısa rejissorun siyasət "dərsi" keçməsi, hələ-hələ Azərbaycan Prezidenti barədə fikir söyləməyə cürət etməsi bağışlanmaz səhvdir. Hər halda Azərbaycan liderinin bütün dünyadakı nüfuzu, ədalətli mövqeyi, bəşəriyyətin mənafeyinə, humanizm və sülhə əsaslanan fikirlərinin sizi narahat etməsi olduqca anlaşılandır. Necə deyərlər, od olmayan yerdən, tüstü çıxmaz. Sizin isə əsginiz çoxdan tüstülənir. İşğalla barışmayan dünya vətəndaşları qarşısında öz rəzil təxəyyülünüzlə zülmətə qərq olmusunuz və artıq işığın özünə belə düşmən kəsilməyə başlamısınız.
Sonda Azərbaycanın Qarabağı azad etməsi ilə bağlı fikirlərinizi də xatırlatmaq istərdim. Azərbaycanın Şanlı ordusunun heç bir fərdi başqa bir ölkənin torpağında şəhid olmayıb. Azərbaycanın apardığı Vətən müharibəsi Rusiyada işğalçılıq kimi qələmə verilməyibsə, buna görə sizə təşəkkür etmək niyyətində də deyilik. Bu qədər həqiqətə kor baxdığınız halda, bunu edə bilməmisinizsə, bu, qarşısında durduğunuz həqiqətin aliliyindən irəli gəlir! Hər yalanı danışıb, hər böhtana əl atdıqdan sonra, "baxın burada biz yalan danışmamışıq" deyə qürur duymağınız da elə bayaqdan izah etdiyiniz xislətin ən bariz nümunəsidir.
Cənab Nikita Mixalkov, açın tarix kitablarını vərəqləyin, ola bilər bu gün özünüz barədə bir cümlə tapmaq, sabaha ümid edərsiniz. Ümidinizi heç zaman itirməyin, bu gün olmasa da, sabah artıq riyakarlıq nümunənizlə tarixdə öz layiq olduğunuz yeri mütləq tutacaqsınız!
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.