AZ

"Zəngəzur dəhlizi faktiki İranın nəzarətindədir" - İrandan yekə iddia...


Mübariz Göyüşlü: "İranın qayğısı ondan ibarətdir ki, türk dünyası Zəngəzur dəhlizi vasitəsi ilə coğrafi baxımdan bütövləşəcək və güclənəcək"

“Sepah Pasdaran” Telegram kanalı yazır ki, İran əvvəllər NATO və sionist strukturlar tərəfindən regiona təzyiq aləti kimi baxılan “Zəngəzur dəhlizi” adlanan əraziyə faktiki olaraq nəzarət edir.

“Uzunluğu 120 kilometr olan Təbriz-İrəvan strateji layihəsi qısa müddət ərzində həyata keçirilir və İranı Ermənistanla birbaşa əlaqələndirir.

Bu marşrut təkcə Tehranın mövqeyini gücləndirmir, həm də NATO və ya İsrailin Sünikdə möhkəmlənmək cəhdlərinə ciddi maneə yaradır – Ermənistana keçməzdən əvvəl onlar İranla qarşılaşmalı olacaqlar”, - deyə kanal yazır.

Bu iddia nə dərəcədə doğrudur, İran Təbriz-İrəvan yolu vasitəsi ilə Zəngəzur dəhlizini nəzarətdə saxlaya bilərmi?

Cross Media Təhlil Mərkəzinin analitiki, siyasi şərhçi Mübariz Göyüşlü baki-xeber.com saytına açıqlamasında bildirdi ki, İranın bu istiqamətdəki bütün iddiaları kifayət qədər şişirdilir və nəyə görəsə Zəngəzur dəhlizi rəsmi Tehran tərəfində böyük bir problem kimi təqdim edilir: "İran iddia edir ki, bu dəhliz açılarsa guya onun hansısa dövlətlərlə əlaqələri kəsilər və s. bu kimi uydurma iddialar ortaya atılır. Halbuki hazırda İranın Ermənistan ərazisindən dünyaya çıxan heç bir nəqliyyat marşrutu yoxdur. Yalnız Tehran-İrəvan yolu var ki, o da cəmi iki paytaxtı birləşdirir. Zatən əksər ölkələrin paytaxtlarını birləşdirən avtomobil yolu var və bu yollar Tehran-İrəvan avtomobil yolundan daha funksionaldır.

Əslində İran Türkiyə, Azərbaycan və dünya okeanları vasitəsi ilə dünyaya çıxır. Dünyaya çıxış üçün onun Ermənistana heç bir ehtiyacı yoxdur.

O ki qaldı rasmi Tehranın Təbriz-İrəvan layihəsinə, bunun Zəngəzur dəhlizinə və ya Zəngəzur dəhlizinin ona heç bir maneəsi yoxdur. İran ərazisindən Ermənistana digər nəqliyyat xətləri də çəkilə bilər, lakin iki nəqliyyat xəttinin kəsişməsinin bir-birinə heç bir əngəli ola bilməz. İki ölkəni birləşdirən istənilən nəqliyyat marşrutu ikitərəfli qaydada razılaşdırılır.

Zəngəzur dəhlizi açılmalıdır və açılacaq. Çünki birincisi bu Azərbaycanın tələbidir. İkincisi, bu bölgə və dünya üçün faydalıdır. Ona görə də bu layihə reallaşacaq.

İranın əsas qayğısı ondan ibarətdir ki, türk dünyası Zəngəzur dəhlizi vasitəsi ilə coğrafi baxımdan bütövləşəcək və güclənəcək. O halda İranda Güney Azərbaycan problemi aktuallaşacaq və Tehran hakimiyyəti bu problemi həll etmək məcburiyyətində qalacaq. İran rejimi isə bunu arzulamır.

Hazırda Ermənistan ərazisində hər hansı bir bölgəyə İranın nəzarət imkanları mövcud deyil, bu bəyanat boğazdan yuxarı irəli sürülən bir "iddiadir".

Akif NƏSİRLİ

Seçilən
7
baki-xeber.com

1Mənbələr