Bu gündən etibarən Azərbaycan qazının Türkiyə üzərindən Suriyaya nəqlinə başlanılması təkcə texniki xarakterli bir enerji layihəsi kimi qiymətləndirilməməlidir. Bu əməkdaşlıq, eyni zamanda, postmünaqişə dövründə Suriyanın tədricən inteqrasiyası, Türkiyənin konstruktiv vasitəçilik qabiliyyəti, Azərbaycanın Yaxın Şərqlə əlaqələrinin genişlənməsi kimi müxtəlif elementləri bir araya gətirən çoxməqsədli diplomatik və iqtisadi əməkdaşlıq modelidir. Bu təşəbbüs, eyni zamanda, regionda əhatəli bağlılıq baxımından böyük əhəmiyyət daşıyır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkiyənin SETA-Siyasi, İqtisadi və İctimai Araşdırmalar Vəqfinin xarici siyasət üzrə eksperti Tunç Demirtaş bildirib.
Azərbaycan qazının Türkiyə üzərindən Suriyaya çatdırılmasının həm enerji təchizatı təhlükəsizliyini möhkəmləndirəcəyini, həm də Suriyada normallaşma proseslərinin infrastruktur əsaslarını formalaşdırmaq baxımından əhəmiyyətini vurğulayan şərhçi deyib: “Türkiyə üzərindən Suriyaya qaz və elektrik enerjisinin təmin edilməsi, eləcə də Azərbaycanın Suriyanın münaqişədən sonrakı dövrdə inkişafına, yenidən qurulması prosesinə töhfə verməyə hazırlığını ifadə etməsi yalnız humanitar deyil, həm də siyasi və diplomatik yenidənqurmanın yolunu aça biləcək bir addım kimi qiymətləndirilməlidir.
Bu yanaşma münaqişədən sonrakı keçid dövründə sabitliyin təmin olunmasına xidmət edən infrastruktur körpülərinin qurulmasına töhfə verir. Bu, Türkiyə və Azərbaycanın enerji diplomatiyasının son dövrlərdə həm iqtisadi, həm də geosiyasi nəticələr doğurduğunun aydın və konkret nümunəsi olmaqla yanaşı, həm də dəstək göstərən ölkələrin Suriyanın yenidən qurulmasında əsas oyunçulardan biri kimi mövqeyini daha da möhkəmləndirir. Bu proses nəticəsində Suriya yenidən tranzit ölkə statusunu bərpa edə bilər. Belə ki, Azərbaycanın təchizatçı və Türkiyənin keçid ölkə rolunda çıxış etməsi Suriya üçün yenidən tranzit mərkəzinə çevrilmə perspektivini mümkün edir. Suriyanın bərpası isə regionun siyasi dirçəlişinə dəstək verməklə yanaşı, bu ölkəni gələcəkdə istehlakçıdan daha artıq rol oynayan strateji aktora çevirə bilər”.
Ekspert bildirib ki, böhranların intensiv yaşandığı bir dövrdə bu cür regional enerji inteqrasiyası əməkdaşlığa əsaslanan yeni bir Yaxın Şərq diplomatiyasının təməlini qoya bilər: “Nəticə etibarilə, bu əməkdaşlıq təkcə enerji sahəsində deyil, təhlükəsizlik, miqrasiya idarəçiliyi, məcburi köçkünlərin geri dönüşünün sürətlənməsi, ticarət və infrastruktur yatırımları kimi bir sıra sahələrdə də müsbət gündəmlər formalaşdırmaq potensialına malikdir”.