“Liverpul”un baş məşqçisi, 46 yaşlı niderlandlı mütəxəssis Arne Slot Luis Diasın Almaniya çempionu “Bayern”ə keçidinə münasibət bildirib.
Məlum olduğu kimi, 28 yaşlı kolumbiyalı sol cinah hücumçusu “Liverpul”dan tamhüquqlu əsasda “Bayern”ə keçib.
Arena.az xəbər verir ki, Arne Slot müvafiq keçidlə bağlı bunları dilə gətirib:
“Luis – bizim onunla İngiltərə Premyer Liqasını qazandığımız oyunçudur və yarışı onunla birlikdə qazanmağımızın da bir səbəbi var ki, o, çox yaxşı oyunçudur. Müəyyən dərəcədə, belə bir kəsin gedişini görmək, həmişə kədərlidir. Amma digər tərəfdən, biz onu xeyli pul müqabilində satdıq və güman ki, sizin bildiyiniz kimi, bu futbol klubu uzun illər ərzində inanılmaz oyunçuları cəlb edir, amma strategiyamızın bir hissəsi də ondan ibarətdir ki, vaxtaşırı bizə kimisə satmaq gərək olur.
Mən hesab edirəm ki, biz Luisi bir neçə illiyə dəvət etmək və onu çox yaxşı gəlir müqabilində satmaqla əla bir sövdə gerçəkləşdirmişik”, deyə Arne Slot vurğulayıb.
Xatırladaq ki, Luis Dias “Bayern”lə 4 illik – müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.
Keçid Almaniya nəhənginə 70 milyon avro məbləğ müqabilində başa gəlib.
Luis Dias “Barrankilya”nın məzunudur. Hücumçu, karyerası ərzində “Atletiko Xunior”, “Portu” və “Liverpul”da çıxış edib.
Geridə qalmış mövsümdə Dias “Liverpul” üçün 50 oyun keçirib, 17 qol vurub və 8 məhsuldar ötürmə verib. Kolumbiyalı futbolçu İngiltərə nəhənginin heyətində bütövlükdə 148 oyun keçirib, 41 qol və 23 assistlə yadda qalıb.
Dias 2018-ci ilin sentyabr ayında debüt etdiyi Kolumbiya yığmasının heyətində 64 oyuna 19 qol və 4 məhsuldar ötürmə ilə fərqlənib.
“Transfermarkt” internet-portalı 28 yaşlı kolumbiyalı sol cinah hücumçusunun transfer dəyərini 70 milyon avro məbləğində qiymətləndirir.