Bu gün tarix yazılır. Türkiyənin Kilis şəhərindən başlayaraq Suriyanın torpaqlarına doğru irəliləyən Azərbaycan təbii qazı təkcə enerji axını deyil, eyni zamanda regional sabitlik, humanitar həmrəylik və strateji iradənin rəmzidir. Bu hadisə Azərbaycanın həm enerji diplomatiyasının, həm də geosiyasi məsuliyyətinin yeni mərhələyə qədəm qoyduğunu göstərir.
İyulun 12-də Azərbaycanın ev sahibliyi etdiyi yüksək səviyyəli görüşlər çərçivəsində Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl-Şaaranın ölkəmizə səfəri və Prezident İlham Əliyevlə keçirdiyi məhsuldar müzakirələr, bu gün reallığa çevrilən əməkdaşlığın ideya təməlini qoymuşdu. Həmin görüşdə Suriyanın ağır enerji böhranı fonunda Azərbaycanla əməkdaşlıq xüsusi bir strateji önəm daşıyırdı. Bu iradənin nəticəsi olaraq SOCAR ilə Suriya hökuməti arasında imzalanan Anlaşma Memorandumu artıq konkret nəticə doğurur. Bu, sözlə əməl arasında fərq qoymayan bir siyasi məktəbin, Prezident İlham Əliyevin siyasi fəlsəfəsinin canlı təzahürüdür.
Bugünkü hadisə Azərbaycanın klassik enerji ixracatçısından daha artıq olduğunu sübut edir. Azərbaycan bu gün təkcə qaz ixrac etmir — sabitlik, rifah, etimad və perspektiv ixrac edir. Suriyanın bərpa mərhələsində Azərbaycan qazının oraya çatması, əslində, dağıdılmış bir dövlətin ayağa qalxmasına uzadılmış qardaş əldir. Biz regionda mövcud olan boşluqları istismar etməyə yox, doldurmağa çalışan nadir dövlətlərdən biriyik.
Bu addımın məkan və zaman baxımından da simvolik məna daşıdığını qeyd etməliyik. Məkanca: Azərbaycan qazı qardaş Türkiyə vasitəsilə Suriyaya ötürülür. Bu, Bakı-Ankara-Dəməşq üçbucağında yeni strateji əməkdaşlıq konfiqurasiyasının yaranmasından xəbər verir. Zamanca isə: müharibələr, parçalanmalar və enerji böhranı fonunda Azərbaycanın ortaya qoyduğu bu humanitar və strateji jest, region dövlətlərinin bir-birini yenidən tanımağa və güvənə bilməsinə şərait yaradır.
Azərbaycan bu prosesdə təşəbbüskar və sabitləşdirici gücdür. Biz enerji siyasətimizi yalnız iqtisadi maraqlar əsasında deyil, həm də insani və mənəvi məsuliyyətlər fonunda yürüdürük. Bu, Azərbaycanın regionda və dünyada qazandığı hörmətin səbəbidir.
Bu gün Suriyada səhiyyə və təhsil müəssisələri fəaliyyətini davam etdirəcək, sosial həyatın əsas dayaqları tədricən bərpa olunacaqsa, bu, Azərbaycanın öz imkanlarını yalnız iqtisadi dividendlər üçün deyil, həm də regional sabitlik və humanitar dəyərlər naminə səfərbər etdiyini göstərir. Azərbaycan dövləti və onun siyasi rəhbərliyi bir daha sübut edir ki, biz enerji siyasətimizi təkcə ixrac deyil, həm də etimad, əməkdaşlıq və inkişaf vasitəsi kimi görürük. Bu, Prezident İlham Əliyevin formalaşdırdığı strateji baxışın və Azərbaycanın artan beynəlxalq nüfuzunun təbii nəticəsidir.
Fatma Yıldırım
Milli Məclisin deputatı