AZ

Rusiyanın növbəti addımı Azərbaycana hərbi təcavüz ola bilər - qorxulu ssenari...


Məhəmməd Əsədullazadə: "Yaxın perspektivdə bu iki ölkə siyasəti arasında ortaq nöqtələrin tapılması gözlənilən deyil"

Son dövrlərdə iki dövlət arasında gərginlik əsnasında Rusiya Azərbaycanın suverenliyini şübhə altına aldı, Xankəndiyə "Stepanakert" dedi, Ermənistanda separatizmi və revanşizmi dəstəklədi, Aivazovskinin heykəlinin sökülməsini barbarlıq adlandırdı, Şuşa Forumunda iştirak edən Mixail Qusmanı işdən çıxardı və sair.

Rusiyanın Azərbaycana qarşı növbəti həmləsi nə ola bilər? Gərginlik bundan sonra özünü hansı istiqamətlərdə göstərə bilər?

"Rusiyanın Azərbaycana qarşı həyata keçirdiyi qeyri-konstruktiv siyasət hələ də davam etməkdədir. Rusiya Azərbaycanın sərnişin təyyarəsini vurmaqla Azərbaycanın həyata keçirdiyi müstəqil xarici siyasətin qarşısını almağa çalışdı. Amma göründüyü kimi, Azərbaycanın prinsipial mövqeyi yenidən Moskvanı Bakının üstünə gəlməyə vadar etdi. Rusiya müxtəlif siyasi gedişlərlə Azərbaycanı öz orbitinə çəkməyə uğursuz cəhdlər göstərdi. Eyni zamanda, rəsmi Moskva Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin qarşısını almaq, Türkiyə-Azərbaycan koordinasiyalı siyasətini qadağan etməyə çalışır. Ona görə də bu və ya digər şəkildə Azərbaycana təzyiqlər edir.

Biz görürük ki, Xankəndidə erməni əsilli rusiyali rəssamın büstünün götürülməsini bəhanə edərək Rusiya Azərbaycana qarşı təzyiqlər edir. Halbuki həmin büst Azərbaycan hökumətinin razılığı olmadan, işğal dönəmində, qeyri-qanuni əsaslarla qoyulub. Məhz təkcə elə buna görə, o büst mütləq götürülməli idi. Azərbaycan dövlətinin iradəsindən kənar qoyulan bütün büst və heykəllərin hamısı götürüləcək, əlbəttə, əgər hələ qalıbsa. Yəni bu gün Rusiya min bir bəhanə gəzir ki, Azərbaycana təzyiqlər göstərsin. Çox güman ki, bu uzun müddət davam edəcək". Bunu baki-xeber.com-a məsələni şərh edərkən siyasi şərhçi Məhəmməd Əsədullazadə bildirib.

Ekspert onu da əlavə etdi ki, Rusiyanın Ermənistanın Gümrü bölgəsindəki 102-ci bazasına əlavə silah-sursat və şəxsi heyət gətirməsi də regionda sülh və təhlükəsizliyi təhdid edir: "Bu məhz Azərbaycana qarşı müəyyən təzyiq formalaşdırılmasının tərkib hissəsi kimi dəyərləndirilə bilər.

Güman etmirəm ki, Rusiya ilə Azərbaycan arasındakı münasibətlər tezliklə normallaşacaq. Azərbaycanın həyata keçirdiyi strategiya məhz Cənubi Qafqazda sülh və təhlükəsizliyi təmin edir və dövlət müstəqilliyini möhkəmləndirir. Bu da Rusiyanı ciddi narahat edir. Ona görə də yaxın perspektivdə bu iki ölkə siyasəti arasında ortaq nöqtələrin tapılması gözlənilən deyil. Bu səbəbdən də hələlik proseslər gərgin formada davam edəcək. Təbii ki, Rusiyanın Azərbaycana qarşı hərbi müdaxiləsi gözlənilən deyil. Amma Xəzər dənizində intensiv hərbi təlimlər, Rusiyadakı soydaşlarımıza qarşı təzyiqlər, ölkədən Rusiyaya ixrac edilən məhsullara qarşı çeşidli bəhanələrlə qadağaların tətbiq edilməsi və bu kimi digər elan edilməmiş sanksiyalar davam edəcək".

Akif NƏSİRLİ

Seçilən
27
baki-xeber.com

1Mənbələr